XƏBƏR

Yaz allergiyası: Nələrə diqqət olunmalıdır?

date 29 Mart 2019

Yaz allergiyası: Nələrə diqqət olunmalıdır?

Günümüzdə allergiyadan əziyyət çəkənlər çoxluq təşkil edir. Onların arasında yaz fəslində narahatlıq yaşayanlar da az deyil. “Bahar allergiyası” adlandırılan xəstəlikdən əziyyət çəkənlərə hər yaşda rast gəlmək mümkündür.

Dermatoloq, uzman həkim Lalə Cahangirovanın sözlərinə görə, yaz aylarında ağacların çiçək açması, çiçəklərdə baş verən tozlanma, çiçək tozlarının atmosferə yayılması onların ağız, burun, göz və ciyərlərimizə dolmasına səbəb olur.

Xüsusilə küləkli havalardan sonra çiçək tozları havaya daha çox dağıldığı üçün şikayətlər də artır. Bəzi çiçəklərin tozları isə ağır olduğundan havaya qalxmasa da, uçan həşəratlar tərəfindən ətrafa yayılırlar. Dəridə qaşıntı, tez-tez asqırma, burun, göz axıntıları, gözlərdə yaşarma, qızartı, burunda tıxanıqlıq, öskürək bahar allergiyasının əsas əlamətləridir.

Həkim qeyd edib ki, belə hallarda burunun tez-tez yuyulması məsləhətlidir. Bunun üçün dəniz və ya okean suyu spreyləri istifadə olunmalıdır. Qaşıntının qarşısını almaq üçün tədbirlər görülməlidir. Çünki dərinin mexaniki zədələnməsi vəziyyəti daha da şiddətləndirir. Bunun üçün antihistamin preparatlardan istifadə etmək lazımdır.

Dermatoloq, belə hallarda həkimə müraciət etməyi doğru saydığını vurğulayıb. Onun sözlərinə görə, qaşınma şiddətlidirsə, hətta psixoterapevtin köməyinə də ehtiyac duyula bilər: “Əsəb sistemi zəif olanlar qaşıntı hissinə daha dözümsüz olurlar. Dərini qaşıdıqca dəridə dəyişikliklər əmələ gəlir, dərinin dırnaqlarla yonulması infeksiyalara yol açır.

Bunun üçün dərini mümkün qədər qaşımamaq, dırnaqları dibdən kəsmək lazımdır”.

L. Cahangirovanın sözlərinə görə, allergiyanın müalicəsində ən vacib addım allergenlərdən qorunmaqdır. Bunun üçün müxtəlif testlər istifadə edərək allergiya yaradan allergenləri təsbit etmək vacibdir. Müalicənin ilk pilləsi məhz əlamətlərə səbəb olan faktorlardan uzaq dayanmaqdır. Məsələn, tozlanmanın yüksək olduğu küləkli günlərdə pəncərəni açmaq yox, bağlı saxlamaq, kondisioner işlətmək lazımdır.

Çöldən evə gələndə yuyunmaq, geyimləri dəyişmək, evdə siqaret çəkməmək vacib sayılır...

 

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR