XƏBƏR

Günəşdən qoruyucu kremləri belə seçin - Həkim məsləhəti

date 29 Mart 2019

Günəşdən qoruyucu kremləri belə seçin - Həkim məsləhəti

Havalar isinəndə, günəş şüaları ətrafa yayılanda xanımların əksəriyyəti günəşdən qoruyucu kremlərdən istifadə etməyə başlayır. Zərərli ultrabənövşəyi şüalardan qorunaraq, günəşdən düzgün formada faydalanmaq əlbəttə əhəmiyyətlidir. Ancaq bu zaman bəzi xanımlar müəyyən səhvlər edirlər. Bəs günəşdən qoruyucu kremləri necə istifadə etmək lazımdır? Dəriyə uyğun kremin düzgün seçimi necə olmalıdır? E-tibb.az bununla bağlı dermatokosmetoloq Günay Mikayılovanın fikirlərini təqdim edir.

Həkim deyir ki, SPF (sun protection factor) kremləri xanımların “olmazsa olmaz” vasitəsidir. Bu kremlərdən bütün xanımlar mütləq istifadə etməlidir. Ancaq yalnız yaz-yay aylarında deyil, bütün fəsillərdə: “Əslində sadəcə yaz və yay aylarında deyil, bütün il boyu istifadə edilməli olan bu kremlər, dərimizi günəşin mənfi təsirindən qoruyur. Bildiyiniz kimi, dərimizin öz təbii qoruyucu faktoru melanindi. Lakin melanin dərimizi istədiyimiz kimi, eyni təbəqə şəklində örtmür, bəzi yerlərdə çox, bəzi yerlərdə az olur. Nəticədə dəridə ləkələr əmələ gəlir. Bunun qarşısını almaq üçün SPF kremlərinin istifadəsi mütləqdir. Bundan əlavə, dəri xərçənginin əmələ gəlməsində günəşin, daha doğrusu UV dalğaların rolu artıq sübut olunub.  Bunun da qarşısını almaq üçün günəşdən qoruyucu kremlərdən istifadə vacibdir”.

G.Mikayılova bildirib ki, çox zaman SPF kremlərinin üstündə yazılan rəqəm həmin kremin günəşdən neçə faiz qoruduğu kimi düşünülür. Lakin bu, belə deyil: “Həmin rəqəm kremin içində olan qoruyucu faktorların sayını göstərir. SPF 50 ilə SPF 100 arasında cəmi 3% qoruma fərqi var ki, bu da önəmli fərq hesab olunmur. Bundan əlavə, faktorların sayının 50-dən çox olması dəriyə xeyirdən çox ziyan vurur, ona görə aldanmayın. Maksimal SPF 50 olan kremlərdən istifadə edin. Yəni 100 faiz günəşdən qoruyucu krem yoxdu. Bu, bir mifdir. Sözün açığı, 100 faiz qorunmaq heç lazım da deyil”.

Mütəxəssisin sözlərinə görə, xanımların çoxu qoruyucu kremi gündə bircə dəfə çəkir və bunu kifayət hesab edir. Halbuki bu, düzgün deyil: “Qeyd etdiyim kimi, kremlərin içində qoruyucu faktorlar var və onlar UV təsiri altında parçalanır. Bu parçalanma təqribi 2,5-3 saat çəkir. Ona görə də bu kremləri hər 2,5-3 saatdan bir çəkmək mütləq lazımdı. Hə, onu da deyim, önəmli olan qalın çəkmək deyil, vaxtlı-vaxtında çəkməkdi. Onu da qeyd edim ki, SPF kremini seçərkən, dərinin rəngini də nəzərə almaq lazımdı. Dərisi daha ağ olanlar yüksək faktorlu kremlərdən (50-ni keçməmə şərti ilə), dərisi qarabuğdayı olanlar isə aşağı faktorlu kremlərdən istifadə etməlidi”. 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR