XƏBƏR

Orqan köçürülən xəstələrə pandemiya dövründə yanaşma necə olmalıdır?- ARAŞDIRMA

date 10 Aprel 2020

Orqan köçürülən xəstələrə pandemiya dövründə yanaşma necə olmalıdır?- ARAŞDIRMA

Yeni koronavirus infeksiyasına yoluxma və xəstəliyin ağırlaşması baxımından ən çox risk altında olanlar sırasında transplantasiya əməliyyatı olunmuş şəxslər xüsusi olaraq vurğulanır. Covid-19 orqan köçürülmüş insanlar üçün nə dərəcədə təhlükəlidir? Bu şəxslər pandemiya dövründə nə etməlidirlər?

e-tibb.az xəbər verir ki, Azərbaycan Tibb Universitetinin (ATU) I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, cərrah-transplantoloq, professor Nuru Bayramov COVİD-19 pandemiyası dövründə transplantasiya xəstələrinə yanaşma qaydaları ilə bağlı araşdırma aparıb və tədqiqatın bəzi hissələrini açıqlayıb.

 

Professor qeyd edib ki, COVİD-19 xəstəliyinin törədicisi həm birbaşa hava-damcı yolu, həm də əşyalarla və birbaşa təmas yolu ilə yayıldığı üçün yüksək yoluxma qabiliyyətinə malikdir və bir xəstə təxminən 3 nəfəri yoluxdura bilir.

 

Onun sözlərinə görə, transplantasiya əməliyyatı keçirən xəstələr bir çox infeksiyalara, o cümlədən, COVİD-19 xəstəliyinə həssas xəstələr sayılır. Ona görə də bu qrup xəstələr risk qrupu sayılır və yüksək dərəcədə profilaktik tədbirlərin aparılmasına ehtiyac vardır. Dünyada bu sahədə böyük təcrübə və elmi əsaslanmış tədbirlər planı yoxdur, tövsiyələrin əksəriyyəti ekspert rəylərinə, kiçikhəcimli  təcrübələrə dayanır. Transplantasiya sahəsində öndə gələn beynəlxalq cəmiyyətlərin (TTS, ILTS, ESOT, ASOT, EASL və digər) apardığı sorğuları, ekspert rəylərini və kiçikhəcmli təcrübələri nəzərə alaraq aşağıdakı  tövsiyələri qeyd etmək olar. 

 

Ümumi tədbirlərə əksiksiz şəkildə riayət etmək

Transplant xəstələri bölgədə tətbiq edilən ümumi tədbirlərə (şəxsi gigyena, sosial izolyasiya) ciddi şəkildə əməl etməlidirlər. Evdə şəxsi gigiyena vasitələrinin hamısı ayrı olmalı, evi vaxtaşırı havalandırılmalı, evdəkilərlə, xüsusən, bayıra çıxıb gələnlərlə  məsafə saxlamalıdırlar.

Distant (teletibb) əlaqə yaratmaq

Bu dövrdə xəstələrin xəstəxanalara gəlməsini və yoluxma ehtimalını azaltmaq məqsədi ilə həkim-xəstə əlaqəsinin distant görüntülü sistemlərin vasitəsi ilə həyata keçirilməsi tövsiyə edilir.

 

Desentralizasiya

Transplantasiya mərkəzlərindən uzaqda yaşayan xəstələrin analizlərini və lazım olan müayinələrini yaşayış yerlərində etmələri, klinik müayinə gərəkərsə yerli həkimlər tərəfindən aparılması tövsiyə edilir. Transplantoloqlarla yerli həkimlər arasında koordinasiyanı yaratmaq da vacibdir. 

 

İmmunosupressiyanı yalnız göstəriş olarsa dəyişdirmək

 

COVİD-19 riskini nəzərə alaraq immunosupressiya rejimlərini dəyişdirmək tövsiyə olunmur. İmmunosupressiv dərmanları olduğu kimi davam etdirmək məsləhət görülür. Yalnız xüsusi göstərişlər olarsa transplantoloqla məsləhətləşərək dəyişdirmək olar:

• dərmana bağlı ciddi yan təsirlər ortaya çıxdıqda - leykopeniya, limfopeniya,

• superinfeksiyalar varsa    

• COVİD-19 xəstələrində bəzi dərmanlar istifadə edildikdə.

 

Müdaxilələr və invaziv müayinələri yalnız təcili vəziyyətlərdə aparmaq

Rutin müayinələri, xüsusən də invaziv müayinələri və müdaxilələri (endoskopiya, ERXPQ) mümkün mərtəbə ertələmək tövsiyə olunur. Bunları ancaq təcili vəziyyətlər olduqda aparmaq məsləhət görülür (qanaxma, xolangit, striktura və s).

 

Canlı donordan transplantasiya əməliyyatları

Planlı göstərişlərlə aparılan transplantasiya əməliyyatlarının ertələnməsi tövsiyə olunur. Təcili göstərişlə aparılacaq transplantasiya əməliyyatlarında həm alıcı, həm vericinin COVİD-19 müayinəsi, buna bağlı yüksək risk razılığı  və əməliyyatı COVİD-19 xəstələrindən təcrid edilmiş xəstəxanalarda aparılması məsləhət görülür. 

 

Xəstəxanaya yatırma göstərişləri

Transplant xəstələrinin yalnız təcili göstərişlərlə xəstəxanaya yatırılması tövsiyə olunur.

 

COVİD-19 yoluxmuş transplant xəstələrində aparma prinsipləri

COVİD-19 şübhəsi olan transplant xəstələr təcili yoxlanmalıdırlar və tapılarsa erkən yatırılıb müalicə almalıdırlar.

Transplant xəstələrdə, xüsusən qaraciyər transplantasiyası olunmuş xəstələrdə qeyri-steroid kimi parasetamol tövsiyə edilir və dozası da 2-3 q/gün  keçməməlidir. 

COVİD-19 müalicəsi verilərkən immunosupressiv dərmanlarla qarşılıqlı təsir nəzərə alınmalıdır (Cədvəl 1-də verilmişdir). Bu dərmanların əksəriyyəti kalsineurin və m-TOR inhibitorları ilə qarşılıqlı təsirdə olduqları immunosupressorun səviyyəsi vaxtaşırı yoxlanılmaldır.

 

COVİD-19 xəstəliyində istifadə edilən dərmanların immunosupressiv dərmanlarla  qarşılıqlı təsiri 

Remdesivir

(antiviral) İmmunosupressiv dərmanlarla qarşılıqlı təsiri məlum deyil.

Dərman səviyyələrinə nəzarət etmək lazımdır.

 

Xlorokin/hidroksixlorokin

(anti-malyariya) Takrolimus, siklosporin və m-TOR inhibitorları ilə qarşılıqlı təsirləri var. 

Dərman səviyyələrinə nəzarət etmək lazımdır.

 

Lopinavir/ritonavir 

(antiviral) İmmunosupressiv dərmanlarla qarşılıqlı təsiri var.

m-TOR inhibitorları ilə birlikdə istifadə edilməməlidir.

Takrolimus, siklosporin səviyyələrinə nəzarət etmək lazımdır.

 

Tocilizumab 

(anti-İL-6) İmmunosupressiv dərmanlarla qarşılıqlı təsiri məlum deyil.

Dərman səviyyələrinə nəzarət etmək lazımdır.

 

Umifenovir (Arbidol)* 

(antiviral) İmmunosupressiv dərmanlarla qarşılıqlı təsiri ola bilər.

Dərman səviyyələrinə nəzarət etmək lazımdır.

 

Favipiravir/favilavir* 

(antiviral) İmmunosupressiv dərmanlarla qarşılıqlı təsiri ola bilər.

Dərman səviyyələrinə nəzarət etmək lazımdır.

 

Sofosbuvir* 

(antiviral) İmmunosupressiv dərmanlarla istifadə edilə bilir, dozanı dəyişdirməyə gərək yoxdur

 

Ədəbiyyat

1. Boettler T, Newsome PN, Mondelli MU, Maticic M, Cordero E, Cornberg M,Berg T, Care of patients with liver disease during the COVID-19 pandemic: EASL-ESCMID position paper, JHEP Reports (2020), doi: https://doi.org/10.1016/j.jhepr.2020.100113.

2. Guidance on Coronavirus Disease 2019 (COVID-19) for Transplant Clinicians. Updated 16 March 2020. TTS, ILTS

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR