BLOQ

Sızanaqlar xəstəlikdirmi?

date 18 Dekabr 2018

Sızanaqlar xəstəlikdirmi?

Dəridəki sızanaqlar (akne vulgaris) tez-tez rast gəlinən dəri xəstəliklərindən biridir. Bu problem daha çox gəncləri narahat edir. Daha doğrusu, bu, zəmanəmizdə gənclərin qorxulu, çıxılmaz hesab etdiyi bir hala çevrilib. Əslində isə dəri sızanaqlarına hər yaşda rast gəlmək mümkündür.

Bəs, dəridə rast gəlinən sızanaqlar əslində nədir? Sızanaqların yaranma səbəbləri barədə nə bilirik?

Sızanaqlar dəridə olan yağ vəzilərinin xronik iltihabi xəstəliyidir. Dünyanın hər yerində - irqindən, cinsindən, yaşından asılı olmayaraq, hər kəsdə sızanaqlar yarana bilər.

Ölkəmizdə isə sızanaqların etiologiyası, yəni yaranma səbəbi ilə bağlı daha çox yanlış təsəvvürlər mövcuddur. Bizim insanların, hətta mütəxəssislərin bəziləri hesab edirlər ki, sızanaqları dəridə olan gənələr yaradır, eləcə də mədə-bağırsaq, qurd xəstəliklərindən əziyyət çəkənlərin dərisində də sızanaqlar yaranır. Bir sözlə, sızanaqlar hansısa xəstəliyin əlaməti kimi qəbul edilir. Bu isə çox yanlış yanaşmadır. Əslində isə polietiologiyalı olsa da, sızanaqların yaranmasında 3 əsas faktorun rolu var. Bunlar yağlanmanın - yağ ifrazının artması (sebum), tükdibi folikullarında ifrazatın çoxalması (folikulyar hiperkeratoz) və tük kökünün iltihabıdır (perifolikulyar inflamasyon).

Sızanaqlar necə müalicə olunur?

Bütün hallarda xəstənin ətraflı müayinəsi aparılandan sonra hansı müalicə növünün seçilməsinə qərar verilir. Buna uyğun olaraq yerli, yaxud sistemik müalicə təyin olunmalıdır.

Xəstəliyin yüngül gedişatı zamanı pasiyent üçün yerli müalicə secilirsə, orta və ağır hallarda sistematik müalicəyə, yəni həblərin təyin olunmasına üstünlük verilir.

İstənilən halda xəstələr ilkin dövrdə mütəxəssislərə müraciət etməlidirlər. Professionala müraciət müalicənin effektivliyini yüksəldir. Düzgün müalicə xəstəliyin ağırlıq dərəcəsinə, uzun müddətli olmasına baxmayaraq, müsbət nəticə əldə etməyə imkan verir. Sızanaqların dəridə, əsasən də, üzdə yaratdığı çapıqların, izlərin, ləkələrin qalması, daha dərin olması ehtimalı azalır.

Sızanaqların bidəfəlik təmizlənməsi, yox olması həkimin düzgün müalicə seçimindən və xəstənin bu müalicəyə uyğun davranmasından çox asılıdır. Bunların vəhdəti yaxşı nəticənin əldə olunmasına, problemin tamamilə aradan qalxmasına səbəb olur.

Sağlıqla qalın...

 

Firayya Məmmədova – dermatoloq, uzman həkim

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR