REPORTAJ

Asan arıqlamağın daha bir yolu - REPORTAJ

date 24 Dekabr 2018

Asan arıqlamağın daha bir yolu - REPORTAJ

Artıq çəki, arıqlamaq. Bu sözləri gündəlik həyatda o qədər eşidirik ki... Arıqlamaq üçün pəhrizlər, reseptlər tərtib edən kim, idman zallarına, həkimə, dietoloqa müraciət edən kim. Bunun nəticəsini görənlər də olur, görməyənlər də. Sual aktualdır: “Necə arıqlamaq olar?”, “Arıqlamaq üçün nə etmək lazımdır?”

Arıqlamaq istəyənlərin baş vurduğu idman növlərindən biri də dünyada məşhur brend olan crossfitdir. Artıq bu məşhur brendin xidmətlərindən paytaxt Bakıda da istifadə olunur. Azərbaycanda crossfit üzrə sertifikatlaşmış 7 peşəkar məşqçi var ki, onlardan biri də “Cross & Gym” idman klubunun təsisçisi Zeynal Zeynalovdur. Onunla sahibi olduğu idman klubunda görüşdük. Açığı, görüşümüz zamanı klubda hökm sürən sakitlik təəccübümə səbəb oldu. Sən demə, elə bu sakitliyə özüm səbəb olmuşam, daha doğrusu, Z. Zeynalov daha sakit vaxta görüş təyin edib.

"Ölkəmizdə crossfitlə pərakəndə şəkildə məşğul olurdular. Bizim klub 2016-cı ildən fəaliyyət göstərir. Məhz bizdən sonra Azərbaycanda crossfit klublarının sayı artmağa başladı", - deyir Z. Zeynalov.

Bəs, crossfit nədir? Crossfit daim dəyişən, yüksək intensivli funksional hərəkətlərin üzərində qurulmuş fitness növüdür. Bu fitness özü artıq brendə çevrilib. Crossfitin yaradıcısı Qreq Qlasmmandır. Crossfit üçün idman zalı ilə yanaşı, təbiət, üzgüçülük hovuzu, stadion üçün nəzərdə tutulmuş proqramlar da var.

Crossfit zamanı həyata keçirilən hərəkətlər ağır atletika, yüngül atletika və gimnastika idman növlərinin kombinasiyasıdır. Bəs, crossfiti digər idman növlərindən fərqləndirən başlıca özəllik nədir?! Z. Zeynalov deyir ki, crossfitlə məşğul olan insanların bədənlərinin bütün əzələ qrupları işləyir:

- Crossfitə insanların marağı artıb, bu şübhəsizdir. Bəli, insanlar, ilk növbədə, məşhur idman növlərinə, müxtəlif döyüş sənətlərinə və s. müraciət edirlər. Sonra görürlər ki, vaxt, effektivlik baxımından nə isə başqa bir şey lazımdır. Nəticə etibarilə crossfitə yönəlirlər. Çünki crossfit insanlara müəyyən vaxt verir və hərəkətlər daha qısa vaxt çərçivəsində icra edilir. Bir faktı xüsusi vurğulayım ki, bütün döyüş idman növləri ilə məşğul olanlar, futbolçular, basketbolçular da öz fiziki hazırlıqlarını məhz crossfit üzərindən həyata keçirirlər. Crossfitlə məşğul olmaq istəyən şəxs ilkin olaraq özü üçün mütləq şəkildə hədəf müəyyənləşdirməlidir. Hədəfsiz bu işdə nəticə əldə etmək müşkül məsələdir. Məqsəddən asılı olaraq, crossfitdə proqramlar dəyişir. “Cross & Gym” idman klubuna müraciət edən insanların hədəfini soruşub, buna uyğun olaraq onlar üçün proqramlar tərtib edilir.

Z. Zeynalovun sözlərinə görə, crossfitdə “Workout of the Day” var. Bu günün tapşırığı deməkdir və hər gün dəyişir. Bu proqram standartdır. Proqramda, sadəcə, insanların fiziki səviyyəsi, hədəfinə görə müəyyən dəyişiklik aparılır, struktur olduğu kimi qalır:

- Biz müştərilərə tövsiyə edirik ki, ilkin olaraq daha çox təbii və tez xarab olan məhsullara üstünlük versinlər. İstənilən sahədə olduğu kimi, biz də tədriciliyin tərəfdarıyıq. Əgər insan hər hansı bir idman növü ilə məşğul olmayıbsa, biz onu intensiv məşqlə yükləmirik. Yəni insanların potensialına uyğun məşqlər təklif edirik. Başlanğıc olaraq həftədə üç dəfə, bir gündə bir məşqlərə başlamaq lazımdır. Müəyyən nəticə olduqdan sonra isə insanın istəyinə, yaşayış tərzinə uyğun olaraq proqramı dəyişmək olur.

Crossfitlə arıqlamağın yollarına gələk. Həqiqətən də, crossfitlə arıqlamaq daha asandır? Z. Zeynalov deyir ki, crossfitlə müəyyən effektiv nəticə əldə etmək mümkündür. Lakin artıq çəkidən xilas olmaq yalnız idmanla bitmir. O, xəyallarla idman klubuna gəlib bir anın içində ideal bədənə sahib olmaq istəyənlərin sayının çox olduğunu söyləyir:

- Bir çox insan gəlib zalda ideal bədənə sahib olan müştəriləri görür və deyir ki, mən də bir ay ərzində belə olmaq istəyirəm. Halbuki o insan bu formanı əldə etmək üçün illərini sərf edib, nələrdən vaz keçib. Bir aya nə isə əldə etmək mümkün deyil axı... Hədəf real olmalıdır! Əgər adam gəlib məşqini edib, bütün tapşırıqları yerinə yetirib, məşqdən kənarında həyat tərzinə nəzarət etmirsə, bu zaman nəticə olmayacaq. Çünki qidalanma, yaşayış tərzi önəmli amillərdir. Biz müştərilərimizə qidalanma ilə bağlı da göstərişlər veririk. Müştəri gün ərzində yediyi qida məhsullarını qeyd edir və biz bunu birlikdə təhlil edirik. Bunu da unutmaq olmaz ki, insanlar həftədə ancaq beş-altı saat bizim klubda olurlar. Əgər insanlar bizim tövsiyələrimizə əməl edirlərsə, bunun nəticəsini mütləq şəkildə görürlər. Sağlam həyat tərzi idman zalı ilə məhdudlaşmamalıdır. Fitness deyəndə bizim ağlımıza ancaq idman zalı gəlir. Halbuki piyada gəzmək belə fitnessin bir hissəsidir. Sadəcə, idman zalları bizə alətlər, proqram baxımından şərait yaradır.

“Cross & Gym” idman klubunda qadınlara və kişilərə fərqli proqramlar təklif olunur. Crossfit əvvəl kişiləri daha çox cəlb etsə də, sonralar bu idman növü qadınların da marağına səbəb olub. Həftənin cüt günləri, saat 14.00-dan sonra klubda “qadın vaxtıdır”.

Klubda 12 məşq 70 manatdır, daimi müştərilər üçün də güzəştlər edilir. Bu qiymətə həm sauna, həm məşqçi məsləhətləri daxildir. Zal saat 06.30-dan saat 22.00-a kimi fəaliyyət göstərir.

Tanınmış personalar-aktyorlar, iş adamları, aparıcılar da “Cross & Gym” idman zalının xidmətlərin istifadə edirlər. Z. Zeynalov onların adlarını açıqlamır. Kim istəyər ki, müştəri itirsin? Elə gizli qalsa yaxşıdır...

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR