XƏBƏR

Quduzluq necə yayılır? – İLKİN ƏLAMƏTLƏRİ

date 23 Oktyabr 2019

Quduzluq necə yayılır? – İLKİN ƏLAMƏTLƏRİ

“Quduzluq insanlarda, eləcə də heyvanlarda rast gəlinən bir virusdur. Bu virus heyvanın digər heyvanı dişləməsi, yaxud insana hücum etməsi nəticəsində keçə bilir. Bu xəstəlik ev, çöl heyvanlarında, əsasən də itlərdə baş verən öldürücü virusdur. Virus mərkəzi sinir sistemini zədələyir və beyində iltihaba səbəb olur”.

Bunu həkim-infeksionist Abidin Rəhimov Lent.az -a açıqlamasında bildirib. Həkim deyib ki, quduzluq olduqca təhlükəli bir xəstəlikdir, xəstəliyin diaqnozu çətindir və müalicəsi olmadığı üçün, vaxtında vaksin vurulmazsa, ölümlə nəticələnir. Bu səbəbdən heyvanın hücumuna məruz qalan şəxs mütləq vaxtında həkimə müraciət etməli və quduzluğa görə peyvənd olunmalıdır.

Həkimin sözlərinə görə, pişik cırmaqlaması nəticəsində də bu virusa tutulmaq mümkündür: “Çox zaman ancaq itin hücumuna məruz qalan insanlar həkimə müraciət edirlər. Lakin bu təkcə itdən keçən virus deyil. Məsələn, canavardan, tülküdən hətta pişikdən də keçə bilər. Ona görə də pişik cırmaqlaması nəticəsində də həkimə müraciət olunmalıdır. Bundan başqa, bir insanın bədənində açıq yara varsa və quduz heyvan o nahiyəni yalayarsa, o zaman da quduzluğun keçmə ehtimalı mümkündür. Quduzluğun ilkin əlamətləri qripə bənzəyir. Bir neçə gündən sonra simptomlar ağızın köpüklənməsi, yuxusuzluq, aqressiv davranışlarla müşahidə edilir”.

A. Rəhimov qeyd edib ki, bunun baş verməməsi üçün mütləq bir qurum yaradılmalıdır: “Yiyəsiz itlər nəzarətə götürülməlidir ki, belə hadisələr baş verməsin. Bunun üçün isə bu sahəyə baxacaq konkret orqan olmalıdır. Bundan başqa, insana hücum edən heyvan quduz olmaya bilər. Bu da təxmini 10 gün müddətində ortaya çıxır. Bunun üçün həmin heyvanı bəlli bir müddətdə bağlı yerdə saxlamaq lazımdır. Əgər heyvan 10 gün müddətində ölmürsə, onda sözügedən virus olmamalıdır. Eyni zamanda, evində heyvan saxlayan şəxslər də onları vaxtlı-vaxtında müayinə etdirməlidirlər”.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR