XƏBƏR

Baş mütəxəssis: “56 yaşında ailə quran qadın hamilə oldu, sağlam uşaq dünyaya gətirdi” - MÜSAHİBƏ

date 12 Sentyabr 2019

Baş mütəxəssis: “56 yaşında ailə quran qadın hamilə oldu, sağlam uşaq dünyaya gətirdi” - MÜSAHİBƏ

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova Lent.az -a müsahibə verib. S. Məmmədova sonsuzluq problemləri, vaxtından əvvəl doğulmuş uşaqların hansı üsullarla yaşadılması, adı keçən problemlərdən çıxış yolları barədə danışıb. e-tibb.az həmin müsahibəni təqdim edir:

- Sevinc xanım, sonsuzluğun tərifi varmı? Bu diaqnoz hansı hallarda qoyulur?

- Ümumsəhiyyə standartlarına görə, ailə quran cütlüyün bir il ərzində qorunmamış müntəzəm cinsi əlaqədən sonra hamiləliyi baş tutmursa, buna sonsuzluq deyilir.

Sonsuzluq birincili və ikincili olur.

Nə deməkdir birincili sonsuzluq? Qadın cinsi əlaqədə olduğu ilk gündən heç hamiləliyi baş tutmayıb. İkincili sonsuzluqda isə qadın son hamiləliyindən bir il sonrakı müddətdə hamilə qalmır. Qadın və kişi sonsuzluğu var və bunların özünün də növləri var. Sonsuzluq nisbi və mütləq olur. Hər hansı bir səbəbdən - daxili cinsiyyət üzvləri yoxdursa, anadangəlmə yumurtalıq inkişaf etməyibsə, əməliyyatla uşaqlıq çıxarılıbsa - bu, mütləq sonsuzluqdur. Nisbi sonsuzluğun müəyyən səbəbləri var. Bu gün Azərbaycanda sonsuzluğun yüksək səviyyədə müayinə və müalicəsi var. Demək olar ki, əksər hallarda müsbət nəticə əldə olunur.

Nisbi sonsuzluğun növləri arasında birinci yerdə 30-40 faiz tezliklə rast gəlinən endokrinoloji sonsuzluqdur. Bu, qadın və kişidə müxtəlif səbəblərdən hormonlar mübadiləsinin pozulmasıdır. Bu gün müasir texnologiyalar həmin səbəbləri aşkarlamağa və aradan götürməyə imkan verir.

İkinci yerdə boru faktoru durur. Keçirilmiş hər hansı bir iltihabi və ya infeksion xəstəlik, yaxud qarın boşluğunun açılmasıyla müşayiət olunan əməliyyat nəticəsində kiçik çanaqda bitişmələr əmələ gəlir. O bitişmələr nəticəsində daxili cinsiyyət orqanlarının anatomiyası pozulur, borunun keçiriciliyi pozulduğu üçün mayalanma baş tutmur. Boru sonsuzluğunda müxtəlif müalicə üsulları təklif olunurdu. Lakin bu gün mamalıq-ginekologiyada yeni müasir diaqnostik – instrumental üsullar geniş istifadə edilir. Məsələn, laparoskopik müayinə və müalicələr. Bu üsulla qarın boşluğu açılmadan bitişmələri aradan qaldırılır. Təəssüf ki, bu əməliyyatlar icra olunduqdan sonra hamiləlik nadir hallarda baş tutur. Ona görə də bu problemlə rastlaşanda həkimlər qadınlara süni mayalanma təklif edirlər.

Üçüncü yerdə 3-4 faiz hallarda rast gəlinən immunoloji sonsuzluqdur. Hər insanın özünün kodlaşdırılmış “immunoloji pasportu” var. Əgər reproduktiv hüceyrələrin immunoloji uyğunluğu varsa, mayalanma baş verməyəcək. Bu zaman təklif etdiyimiz müalicə üsulu donor yumurta və ya toxumundan istifadə etməkdir.

Sonuncu yerdə 1-5 faizlə rast gəlinən izahı olmayan sonsuzluqdur. Xəstəliklərin beynəlxalq təsnifatında belə bir diaqnoz - “izaholunmaz sonsuzluq” - var. Bu o deməkdir ki, qadın da sağlamdır, kişi də. Amma nə səbəbdənsə həmin qadın sağlam kişidən hamilə qalmır. Belə ailələr müəyyən müddətdən sonra ayrılıb başqa biri ilə evləndikdə hər ikisinin övladı olur.

- Azərbaycanda sonsuzluğun ən geniş yayılmış forması hansıdır?

- Təəssüf ki, bu gün Azərbaycanda sonsuzluqla məşğul olan koordinasiyaedici qurum yoxdur. Ona görə də bu barədə dəqiq məlumat verməkdə çətinlik çəkirik. İkinci tərəfdən, pərakəndə olaraq hər il sonsuzluqdan əziyyət çəkən xəstələr haqqında ilkin məlumatlar gəlir. Lakin elə bir qurum yoxdur ki, bunların aqibəti ilə maraqlansın. Belə bir qurum olmalıdır ki, sonsuzluqdan əziyyət çəkən qadınlarla məşğul olsun. Amma deyim ki, Azərbaycanda sonsuz qadınların sayı və faizi xarici ölkələrdən fərqlənmir. Avropa ölkələrində qadınlar 40-41 yaşına kimi karyeralarını qururlar, təhsil alırlar və çox zaman bundan sonra ana olmaq istəyirlər. Buna görə də çoxu süni mayalanma yolunu seçirlər. Həm də xaricdə daha çox tək yaşayan qadın və ya kişilər süni mayalanmadan istifadə edirlər. Azərbaycan Konstitusiyasında da var ki, yaşı 18-dən yuxarı olan və əqli cəhətdən problemi olmayan, sosial vəziyyəti yaxşı olan hər bir qadın öz ərizəsi ilə müraciət edərək mayalanma mərkəzlərində donor toxumundan istifadə etməklə ana ola bilər. Azərbaycanda mental səbəblərdən bundan geniş istifadə etmirlər. Bizdə süni mayalanma yolu ilə valideyn olanlar da bunu gizlədirlər. Dünya üzrə belədir ki, süni mayalanma ilə məşğul olan klinikaların fəaliyyətini qiymətləndirən əsas göstəricilərindən biri “neçə ananın evə uşaq aparması”dır. Çünki mayalanmış yumurtalar implantasiya ola bilər, amma o hamiləliyin sona çatması məsələsi var. Nəticədə bu göstərici bütün dünyada 30-40 faizdən çox deyil. Yəni 100 qadından yalnız 30-40-ı klinikadan evə hamilə qayıdır. Süni mayalanmaya hazırlıq prosesində cütlük tam şəkildə hərtərəfli yoxlanılır.

- Süni mayalanma Azərbaycanda da həyata keçirilir. Yetərli kadr və avadanlıqlar buna imkan verirmi?

- Süni mayalanma prosesi üçün illərlə oxumuş, təcrübəli mütəxəssislər lazımdır. Yumurtanı mayalandırmaq üçün xüsusi avadanlıqlar lazımdır. Bundan sonra insan embrionunu saxlanmaq üçün steril şəraitdə inkubator lazımdır. Mediumlar - ana qanına yaxınlaşdırılmış xüsusi maddədir ki, onun içində insan embrionu ilk saatlarını inkişaf edir. Bu proses çox diqqətli şəkildə aparılmalıdır. Bəzi qadınların orqanizmi proses müddətində vurulan hormonlara hazır olmur. Fəsadlar yaranır və uzunmüddətli müalicə lazım olur. Bunların hamısını təmin etmək üçün xüsusi şərait lazımdır. Bu şərait isə adi doğum evlərinin nəzdində ola bilməz. Dünyada belə mərkəzlər perinatal mərkəzlərin nəzdində, ya da reproduktiv sağlamlıq müəssisələrinin tərkibində olur. Təəssüf ki, bu gün Azərbaycanda bunlar yalnız bir neçə özəl klinikalarda var.

- Bəs dövlət müəssisələrində süni mayalanmanın aparılması nə zaman mümkün olacaq?

- Dövlət müəssisələrində süni mayalanma mərkəzlərinin yaradılması istiqamətində aktiv işlər gedir. Yaxın zamanlarda dövlət müəssisələrinin birində bu mərkəz yaranacaq. Bu mərkəz yarandıqdan sonra əhali bu prosesdən doğru-düzgün, qanun çərçivəsində yararlana biləcək. Gələn ildən tibbi sığortaya keçdiyimizi də nəzərə alsaq, çox güman ki, prosesin müəyyən qismini tibbi sığorta əhatə edəcək.

- Perinatal Mərkəz neçənci həftəsində doğulan uşaqların yaşamasına kömək edə bilir?

- Bizim mərkəz riskli hamiləliklərdə hamilələrə, eləcə də 22-34-cü həftə arasında doğulan uşaqlara nəzarəti həyata keçirir. Vaxtından əvvəl az çəki ilə doğulmuş uşaqların həyata qaytarılması ilə məşğul oluruq. 1000 qramdan aşağı çəkidə olan uşaqlara da xidmət göstərilir. Bu mərkəzin regionlarda da filialları var. Quba, Lənkəran Şəki, Gəncə və Sabirabadda olan regional Perinatal Mərkəzlər həmin bölgələrdə olan riskli hamilələrə və yarımçıq doğulan uşaqlara xidmət edir. Həmin mərkəzlər də xüsusi bahalı dərmanlar və avadanlıqlarla təmin olunub. Mütəmadi olaraq regional mərkəzlərə baş çəkirik. Mərkəzimizdə hər ay mamalıq-ginekologiya, neonatologiya, perinatal funksional diaqnostika, anesteziologiya və reanimasiyaya aid müxtəlif səpkidə konfranslar keçirilir. Həmin konfranslarda azərbaycanlı alimlər, aparıcı mütəxəssislər və xarici ölkələrdən dəvət olunmuş məruzəçilər çıxış edib, bu sahədə baş vermiş yeniliklərlə həkimləri tanış edirlər. Yeniliklər, müalicə üsulları və s. müzakirə olunur.

- Yarımçıq doğulmuş uşaqların neçə faizini həyata qaytarmaq mümkün olur?

- Onları yaşatmaq üçün xüsusi bahalı dərmanlar və avadanlıqlar, xüsusi təlim almış tibbi personal lazımdır. 34 həftəlik müddətinə qədər doğulan uşaqların ciyərləri tam yetişmir. Ümumiyyətlə, təbiət elə qurub ki, uşaqların baş beyni və ciyərləri yalnız 34 həftənin tamamında yetişir. Ona görə də 22 həftəliyindən 34 həftəliyinə qədər olan dövrdən əvvəl doğulan uşaqlarda bir sıra problemlər olur. Yəni həmin uşaq tam yetişməyib. Ana bətnində yetişmə müddətindən məhrum olanda bu “şəraiti” biz yaratmalı oluruq. Ən birinci məsələ nəfəs almaqdır. Uşaq yarımçıq doğulsa da, onun ürəyi döyünür, çünki ürəyin quruluşu və fəaliyyəti avtonomdır, “özü tərəfdən tənzimlənir”. Lakin ağciyər baş-beyin tərəfindən tənzimlənməlidir. Tənəffüs mərkəzləri yetişməsə, tənəffüs baş vermir. Uşaq yarımçıq doğulanda bu tənəffüs prosesində vacib rol oynayan tənəffüs mərkəzləri hələ yetişməmiş olur. Eynilə, ağ ciyərlərdə xüsusi qoruyucu maddə var – surfaktant. Bu maddə olmadıqda uşaq nəfəs alanda ciyərlərdə zədələnmə və qanaxma olur. Bu cırılmaların profilaktikası məqsədi ilə yarımçıq doğulan uşaqlara “Kurosurf” adlı maddə vurulur. Həmin dərmanın bir ampulası (1,5 q) 500-600 avrodur. Elə ölkələr var ki, qiyməti 1000-1200 avroya qədər olur. Azərbaycanda 2015-ci ildən başlayaraq, diri doğulma meyarına keçəndən sonra Səhiyyə Nazirliyi tərəfindən lazımı miqdarda həmin dərman alındı və üçüncü səviyyəli doğuşayardım müəssisələrində istifadəyə verildi. Nəticədə erkən neonatal ölümlərin sayını əhəmiyyətli səviyyədə azaltmaq mümkün olub. Artıq hər il dövlət büdcəsi tərəfindən bu dərman alınır və müvafiq müəssisələrə pulsuz istifadəyə verilir. Bu dərman Regional Perinatal Mərkəzlərə də paylanır və yarımçıq doğulan uşaqlara kifayət edir. Dərmanların geniş istifadəsindən sonra perinatal ölümün iki dəfə azalmasına nail olmuşuq. Əgər 2015-ci ilə qədər yarımçıq doğulan uşaqların 90 faizi tələf olurdusa, indi bu rəqəm təxminən 50 faizə qədər azalıb. Hazırda mərkəzdə 650 q olan iki uşağımız var ki, 12-15 gündür yaşayırlar. Mərkəzdə 2009-cu ildə yarımçıq doğulduğu halda sağ qalan uşaqlar bu il ikinci sinfə gedirlər. Vaxtından əvvəl 10 faiz uşaqlar doğulur. Əgər hər il 150 min uşaq doğulursa, onun 1500-ü yarımçıq doğulanlardır. Dünya üzrə 22-34 həftə arasında doğulan uşaqlarda erkən neonatal ölüm 60-70 faiz təşkil edir. Yerdə qalan 30 faizində isə nevroloji xəstəliklər, iflic, görmə qabiliyyətinin pozulması, karlıq və s. kimi problemlər olur. Vaxtından əvvəl doğulmuş hər 10 uşaqdan 6-7-ni itiririk. Qalanlardan ikisində xəstəlik olur. Yalnız biri sağlam olur.

- Yarımçıq doğulan körpələrin valideynləri arasında öz istəyi ilə uşağın ölümü ilə razılaşanlar olurmu heç?

- Yox. Bizim borcumuzdur valideynə yarımçıq doğulan uşaqla bağlı risklər barədə məlumat verək. Amma təcrübəmdəki 5 ildə bir dəfə də görmədim ki, valideyn yarımçıq uşağından imtina etsin. Hamısı uşağı yaşatmaq üçün mübarizə aparmaq istəyir.

- Bəs uşaqlarını burda qoyub gedənlər olur?

- Respublika Perinatal Mərkəzdə son 5 ildə yalnız bir dəfə Daun sindromu ilə doğulmuş uşaqdan imtina edilib. Nə qədər söhbət aparıb, izah etsək də, valideyn ondan qəti surətdə imtina etdi.

İki il bundan öncə Lerikdən olan bir qadın burda üçəm dünyaya gətirmişdi. Uşaqlar vaxtından əvvəl doğulmuşdu. Qaydalara uyğun olaraq, ana sağlam olduğundan və fəsadlaşma olmadığından, beş gündən sonra evə yazılmışdı. Amma uşaqların müalicəsini davam etdirirdik. Müalicə başa çatdıqdan sonra o üç qız uşağı bizim mərkəzdə 3 aya yaxın qaldı. Nə qədər zəng vursaq, axtarsaq da valideynləri yaxın gəlmirdi. Rayon icra hakimiyyətinə müraciət edildikdən sonra, polis, dövlət orqanlarının iştirakı ilə uşaqları valideynlərinə təhvil verdik.

- Risk qrupuna daxil olan hamilələrin sayı çox olur?

- Hamilələrin ilk gəlişi zamanı aparılan müayinələr nəticəsində onun risk qrupunda olub-olmadığı müəyyənləşdirilir. İlk gəlişdə qadınların demək olar ki, 30-40 faizi risk qrupuna daxildir. İki ildən çoxdur ki, hamilələrin elektron qeydiyyatı aparılır. Qeydiyyata düşən kimi onlar haqqında məlumat bazaya düşür. Bu, bizə hər qeydiyyata düşən hamilə və onun vəziyyəti haqqında məlumat almağa imkan verir. Hamilələrin 40-43 faizi anemiyadan risk qrupuna daxil olurlar. İkinci yerdə endokrinoloji səbəblər dayanır. Zobu, şəkəri və s. problemləri olan qadınlar bura daxildir. Üçüncü yerdə birinci hamiləliyi qeysəriyyə kəsiyi ilə sonlanan və uşaqlığının üzərində çapıq olan qadınlardır. Bu da 20-27 faiz təşkil edir. 6-7 faiz arasında böyrək üzrə, 4-5 faiz ürək xəstəlikləri və digər patologiyalar da 1-2 faiz təşkil edir.

- Risk qrupunda olmamaq üçün ana namizədlərinə nə məsləhət görərdiniz?

- Hər bir valideyn öz qızını vaxtı-vaxtında uşaq poliklinikasında pediatra aparmalıdır ki, heç olmasa analizlər vasitəsilə ortaya çıxan xəstəliklərin müalicəsini vaxtında apara bilsinlər. Uşaqların tez-tez angina, pnevmoniya olmasının qarşısı alınmalıdır. Uşaqlar vitaminli, zülallı qidalanmalı, tez-tez havada olmalı, dənizə getməli, idmanla məşğul olmalıdırlar ki, immunitetləri yüksək olsun. Poliklinikada həkim qəbuluna mütləq müntəzəm getməli, müvafiq müayinələrdən keçməli, uşaq vaxtı hər hansı xəstəliyi olub-olmaması ilə bağlı terapevtə məlumat verməlidir. Əgər oğlan uşaqları hər hansı bir qulaqdibi, angina olubsa, idmana gedib travma alıbsa, ayağında, aşağı ətrafında damarlarında genişlənmə varsa, hərbi xidmətdə böyrəklərinə soyuq olubsa, mütləq müayinədən keçməli, müalicə olunmalıdır. Çox zaman oğlan uşaqlarında patologiya olanda həkimlər müalicəni təyin edirlər, amma yarımçıq saxlayırlar. Xəstəlik də tam keçmir, latent, yəni gizlin formaya çevrilir.

Hamiləlik qadın orqanizmi üçün böyük bir yükdür. Əgər qadın əvvəldən xəstə olubsa, hamiləlik zamanı orqanizm stressə düşür. Bir də görürsən ki, hamiləliyin son mərhələsində bir çox ağırlaşmış fəsadlarla müraciət edirlər.

- Kişi sonsuzluğu ilə bağlı nə deyə bilərsiniz. Bu sahədə vəziyyət necədir?

- 1980-90-ci illərdə görkəmli alimimiz, Azərbaycanda ilk dəfə mamalıq-ginekologiya sahəsində professor adını almış Turan Mehdiyevanın Moskvada müdafiə etdiyi elmi işi kişi sonsuzluğuna həsr olunmuşdu. Buna qədər Azərbaycanda heç kim kişi sonsuzluğundan danışmırdı. İlk dəfə o sübut edib ki, Azərbaycanda sonsuz nikahların 50 faizində kişilər günahkardır. Turan xanım özü danışırdı ki, mənim yanıma gələn ailələrə sonsuzluğun kişidən olduğunu deyəndə mənə hücum edirdilər. O dövrdən bu günədək respublikamızda kişi sonsuzluğu ilə məşğul olan mütəxəssislərimiz var.

- Sizcə, Azərbaycanda sonsuzluğu boşanmanın əsas səbəbi kimi göstərmək olarmı?

- Xeyr. Hesab edirəm ki, boşanmanın əsas səbəbi sonsuzluq deyil, xasiyyətin uyğunlaşmamasıdır. Ətraf, qohumlar, dost-tanışlar var - onlara baxıb müşahidə edirəm. Hesab edirəm ki, bir sıra hallarda nikahlar düşünmədən qurulur. Nəticədə məhz bu ailələr dağılır. Valideynlərin də bu prosesdə rolu böyükdür. Vaxtında övladlarına ailə dəyərlərinin nə olduğunu aşılamalıdırlar. Sonsuzluq əsas faktor deyil. Elə ailələr tanıyıram, evləniblər, 10-15 ildir övladları olmur, amma bir yerdədilər, boşanmağı heç düşünmürlər də. Süni mayalanma üçün 10-15, hətta daha uzun illər sonsuzluqdan əziyyət çəkən ailələr müraciət edirlər. Bunların sayı az deyil. Bunlar varsa, demək, ailənin dağılmasında övladın olmaması əsas faktor deyil.

- Çalışdığınız müddətdə rastlaşdığınız möcüzə sayıla biləcək hadisələr olubmu?

-Çox olur... Bir necə il öncə qəbuluma gələn 6 il sonsuzluqdan əziyyət çəkən (boru faktoru ilə) qadına süni mayalanmanın yeganə müalicə yolu olduğunu izah etmişdim. O, israrla imtina edib, müalicə yazmağımı xahiş etdi. Müalicə yazdım, amma hamilə qalacağına inamım yox idi. Qadın hamilə olacağına o qədər inanırdı ki, mənim heç dilim gəlmədi ona nəsə deyim. Bir müddət sonra təkrar qəbuluma gəldi. Hamilə qaldığına görə təşəkkür etməyə gəlmişdi. Belə hallar da olur. Keçən il 56 yaşında ailə quran bir qadın RPM-ə müraciət etmişdi. Həmin qadın evləndikdən 10 ay sonra qarın ağrısı və böyüməsi problemi ilə həkimə müraciət edib. Həkimlər onun hamilə olduğunu desələr də, inanmayıb, göndərişlə bizim mərkəzə müraciət edib. Qeysəriyyə üsulu ilə uşağını dünyaya gətirən qadın 10 gündən sonra uşağı ilə birlikdə sağlam şəkildə evinə getdi.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR