XƏBƏR

ATU-da dörd yaşlı uşağın ürək qüsuru aradan qaldırılıb

date 4 İyul 2019

ATU-da dörd yaşlı uşağın ürək qüsuru aradan qaldırılıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında 4 yaşlı qızın ürəyinə invaziv müdaxilə olunub. ATU-nun mətbuat xidmətindən e-tibb.az-a verilən məlumata görə, klinikanın həkimləri azyaşlının ürəyində ağır dərəcəli aorta koartasiyasını aradan qaldırıblar.

ATU-nun Tədris Terapevtik Klinikasının Kardioloqu Elnur İmanovun sözlərinə görə, exokardioqrafik müayinə zamanı balaca xəstənin ürəyində ağır dərəcəli aorta koartasiyası, sol ürək boşlugunun qalınlaşması aşkarlanıb. Bu, anadangəlmə ürək qüsurudur. Bu zaman aorta bəlli bir səviyyədə daralmış olur. Darlıq xüsusilə aortadan baş və qollara gedən damarlar çıxdıqdan sonra yaranır. Belə olarkən, ürəkdən vücuda göndərilən qan axını daha dar yerdən keçmək məcburiyyətində qalır. Bu qüsur yalnız cərrahi əməliyyat yolu ilə aradan qaldırılır. Odur ki, bu xəstənin də əməliyyat olunması qərarı verilib. Əməliyyat zamanı xəstənin aorta koartasiyası nahiyəsinə ballon dilatasiyası müdaxiləsi olunub və darlıq aradan qaldırılıb.

E.İmanov bildirir ki, əməliyyat uğurla keçib və hazırda xəstənin vəziyyəti stabildir, bu gün evə yazılacaq. Həkim qeyd edib ki, anadangəlmə ürək qüsuru ilə yetkinlik yaşına çatan pasientlərin sayı get-gedə artır. Bu, həm vaxtında ürək əməliyyatının aparılması, həm də kardioloji müayinənin inkişafı ilə əlaqədardır.

Qeyd edək ki, aorta koartasiyası bütün anadangəlmə ürək qüsurlarının 6-12%-ni təşkil edir və hər 1200-1300 diri doğuşa təqribən 1 koartasiya halına rast gəlinir.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR