XƏBƏR

Mədə və bağırsaqlar ən çox bu səbəblərdən zədələnir – Həkim Rəyi

date 4 İyul 2019

Mədə və bağırsaqlar ən çox bu səbəblərdən zədələnir – Həkim Rəyi

“Mədə-bağırsaq problemlərinin tək bir səbəbi yoxdur. Yediyimiz yanlış qidalar (yağlı, istiotlu, duzlu), alkoqollu içkilər və sairə mədə-bağırsaqda yaranmış bir çox problemlərin səbəbidir. Bu xəstəliklər həm də anadangəlmə ola bilər. Məsələn, uşaq dizbakterioz (bağırsaq florasının müxtəlif səbəblərdən pozulması) keçirə bilər. Bu zaman doğulmuş uşağa xüsusi qidalanma proqramı yazılmasa, yaxud o, xüsusi dərman müalicəsi qəbul etməsə, onda müxtəlif mədə-bağırsaq problemləri yarana bilər”.

Bunu ümumi cərrah, koloproktoloq Türkan Gündüz deyib. Həkim bildirib ki, uşaq ana bətnində olarkən, hamilə qadın bir çox lazımsız qidalardan istifadə edərsə, alkoqol qəbul edərsə, mədə-bağırsaqda yaranmış bu problemlər anadan övladına keçə bilər. Bu proses uşaq doğulduqdan sonra ana südü ilə qidalanma zamanı da baş verir. Uşaq dünyaya gələndən sonra həmin xəstəliklər ana südü ilə övlada keçə bilər: “Yəni ana faktoru burada önəmli rol oynayır. Ola bilər ki, yeni doğulan uşaq ana südü ilə qidalanmasın. Bu zaman uşağa xüsusi dərman preparatları verilirsə, bu da bağırsağın mikroflorasını poza bilir”.

Onun sözlərinə görə, ən çox yeni doğulanlarda, yeniyetmələrdə antibiotik çox istifadə ediləndə, qidalanma rejimi pozulanda bağırsaqlarda ishal, qanaxmalar yaranması mümkündür.

T. Gündüz bildirib ki, müntəzəm olaraq alkoqol, acılı-duzlu qidalar qəbul edən, siqaret çəkən hər bir şəxsin orqanizmində problem yaranır: “Burada bədən çəkisi də önəmlidir.  Məsələn, immun sistemi güclü, çəkisi az olan bir insan özünü gümrah hiss edir və heç bir problemi olmadığını düşünür. Yəni onlar çox zaman “sağlamam” deyərək, əslində özlərini aldatmış olurlar. Bu insanları yoxlayanda əslində bir çox xəstəliklərinin olduğunu müşahidə edirik”.

Mütəxəssis deyib ki, bağırsaqlarda hər hansı narahatlıq varsa, mütləq kolonoskopik müayinə aparılmalıdır: “Əlbəttə, bu müayinə üsulu hər xəstəyə tövsiyə olunmur. Burada yaş, çəki, genetik faktor nəzərə alınır. Əgər xəstənin ailəsində, yaxınlarında, nəslində eroziya, xora, xərçəng xəstəsi varsa, mütləq həmin şəxsə kolonoskopik müayinə tövsiyə edilir”.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR