XƏBƏR

Aortası cırılan, komaya düşən Türkiyə vətəndaşı Bakıda əməliyyat olunub

date 27 Aprel 2020

Aortası cırılan, komaya düşən Türkiyə vətəndaşı Bakıda əməliyyat olunub

Bakıda Türkiyə vətəndaşı üzərində ağır ürək-aorta əməliyyatı aparılıb. Əməliyyat Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, tibb elmləri doktoru  Rəşad Mahmudov tərəfindən icra edilib.

Hospitaldan e-tibb.az-a verilən məlumata görə, bu günlərdə Türkiyənin Rizə şəhərindən olan 53 yaşlı sürücünün Türkiyədən Azərbaycana etdiyi reys zamanı halı qəfil pisləşib. Xəstə təcili vəziyyətdə  hospitala gətirilib və təxirəsalınmaz əməliyyata alınıb. Vəziyyəti kritik olan xəstə hospitala kəskin I tip aorta disseksiyası diagnozu ilə daxil olub. Çəkilən kompüter tomoqrafiya müayinəsində onun ürək səviyyəsindən başlayaraq, beyin qan dövranı sistemi də daxil olmaqla, enən və qarındaxili aortasının qasıqlara qədər laylanmış şəkildə cırıldığı aşkar edilib. Preşok vəziyyətdə olan xəstə ailəsindən icazəsiz təxirəsalınmaz cərrahi əməliyyata alınıb.

Ürək-damar cərrahı Rəşad Mahmudov  bildirib ki, xəstəni müayinə edəndə yırtılma ilə əlaqədar ürəyin ətrafına qan sızdığını müşahidə ediblər: “Belə xəstələr çox vaxt bir neçə saat ərzində həyatlarını itirirlər. Odur ki, qısa bir zamanda komanda yığılaraq, gecə saat 12-də xəstəni təcili əməliyyata aldıq. 9 saat yarım çəkən bu əməliyyat çətinliklə başa çatdı. Əməliyyatdan sonra biz onun  ailəsi ilə telefon əlaqəsi yaradaraq bildirdik ki, əməliyyat xəstəyə həyatda qalmağa bir şans vermək üçün tətbiq olundu. Belə ki, xəstəyə ürək damarlarının şuntlanması, eyni zamanda aort qapaq protezləşdirilməsi, qalxan aorta və qövsvari aorta protezləşdirilməsi tətbiq olundu. Beyinə gedən qan axını bərpa olundu. Xəstənin böyrək, qaraciyər və ürəyin funksiyaları da tamamilə pozulmuşdu, beyin funksiyaları haqqında məlumatımız demək olar ki, yox idi. Uğurlu cərrahiyə əməliyyatındab sonra bir həftə aparılan reanimasiya tədbirləri nəticəsində böyrək, qaraciyər və ürək funksiyaları normallaşmağa başladı. Ümidimizin az olmasına baxmayaraq,  əməliyatdan 4 gün sonra xəstəmiz koma vəziyyətindən çıxdı”.

R. Mahmudov bildirib ki, 2 gün əvvəl xəstənin yaxın qohumlarının istəyini nəzərə alaraq Türkiyənin ölkəmizdəki səfiri və Türkiyə Səhiyyə Nazirliyi karantin rejimini, ailənin psixoloji vəziyyətini və uzunmüddətli reabilitasiya ehtiyacını nəzərə alaraq, xəstəni Rizə şəhərindəki dövlət xəstəxanasına transfer etmək qərarı verib: “Nəticədə Türkiyə Cümhuriyyətinin Səhiyyə nazirinin göstərişi ilə Azərbaycana ambulans təyyarə  göndərildi, xəstənin gələcək reabilitasiyası üçün o, ölkəsinə transfer olundu”.

Cərrah daha sonra qeyd edib ki, inkişaf etmiş ölkələrin səhiyyələri üçün belə çətin olan bu situasiyanın nəticəsi çox sevindiricidir: “Ailəsi, Türkiyə Səhiyyə Nazirliyi və Səfirlik tərəfindən aldığımız təşəkkür mesajları komanda olaraq qürur qaynağımız oldu. Əlbəttə, bütün bunlar ölkə səhiyyəsinin inkişafı ilə yanaşı xəstəxanalarımızın yüksək-texnoloji vəziyyətinin göstəricisi, nəhayət, ən çətin karantin anlarında belə Azərbaycan-Türkiyə qardaşlığının gözəl bir nümunəsidir”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR