XƏBƏR

Onkoloji xəstələr bunları etsə, immun sistemi daha da zəifləyə bilər

date 27 Aprel 2020

Onkoloji xəstələr bunları etsə, immun sistemi daha da zəifləyə bilər

“Onkoloji xəstəlikləri olanlar oruc tutmaqda diqqətli olmalıdır. Bu xəstələrin müalicəsi və sağalmasında qida, su qəbulu, qidalanma qaydası böyük əhəmiyyət kəsb edir”.

e-tibb.az xəbər verir ki, bunu Tibb Universitetinin Tədris Terapevtik Klinikasının həkimi, mammoloq-radioloq Günel Qəmbərova açıqlayıb. Onun sözlərinə görə, belə xəstələr oruc tutmaq qərarı verməzdən öncə həkimlə məsləhətləşməlidirlər:

“Xəstəliyin aktiv dövründə - kimya terapiyası və şüa terapiyası alan dövrdə pasiyentlər daha diqqətli olmalıdırlar. Bu dövrdə onlara oruc tutmaq qətiyyən məsləhət deyil. Bu, hətta böyük riskdir. Çünki belə müalicə zamanı ürəkbulanma, qusma, halsızlıq, diareya və qəbzlik ola bilər. Belə bir durumda oruc tutmaq onların immun sistemini tam çökdürə bilər. Çünki bu dövrdə iştah azalacaq, su-duz mübadiləsi tam pozulacaq. Halbuki aktiv dövrdə olan onkoloji xəstələr su və kalori rasionuna tam ehtiyacı olan pasiyentlərdir. Nəzərə alsaq ki, xəstələrin qəbul etdikləri dərmanlar qaraciyər və böyrəkdən xaric olur, onda su və qida qəbulunun onlar üçün nə qədər vacib olduğunu anlamaq mümkündür”.

Radioloq qeyd edib ki, sahur yeməyi üçün rejimə uyğun olmayan vaxtda yuxudan durmaq, yuxu balansı ilə yanaşı qida balansını da pozmaq immun sisteminə mənfi təsir edir.

Mütəxəssis qeyd edib ki, artıq müalicə almış, reabilitasiya dövründə olan xəstələr də oruc tutmaq istəsələr, öncə həkimlə məsləhətləşməlidirlər: “Daha yaxşıyam, sagalmışam deyib özbaşına, həkim məsləhəti olmadan oruc tutmağa başlamasınlar. Unutmasınlar ki, orqanizmi yenidən yükləmək, ac saxlamaq olmaz. Bu qərarı verəndə xəstəliyin lokalizasiyası, hansı mərhələdə olması çox önəmlidir. Bu incəlikləri isə xəstələr özləri yox, həkimləri daha dəqiq bilir.

G.Qəmbərova həkim məsləhətinə ciddi yanaşmağı, öncə sağlamlığa diqqət verməyi tövsiyə edib: “Çünki həkimlər dinindən, irqindən, inancından asılı olmadan pasiyentlərin hamısına sağlam qalmaq üçün məsləhət verirlər”.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR