BLOQ

Adi sandığımız öskürəyin 7 böyük SƏBƏBİ

date 28 Aprel 2020

Adi sandığımız öskürəyin 7 böyük SƏBƏBİ

Öskürək orqanizmin qeyri-şərti qoruyucu reflekslərindən biridir və əsas məqsədi tənəffüs yollarına düşmüş yad cismi xaric etməkdir. Mahiyyəti etibarilə-nəfəsvermə aktıdır. Bu refleks o qədər önəmlidir ki, insanın beynində ona cavabdeh ayrı bir “mərkəz” var (öskürək mərkəzi). Bu mərkəzin fəaliyyəti 4 böyük kəllə siniri vasitəsilə tənzimlənir.

Həyatımızda baş verən elə durumlar var ki, bu refleks bizi çox narahat edir. Şərti olaraq bu səbəbləri aşağıdakı kimi bölmək olar:

1.    Tənəffüs yolları xəsətlikləri

2.    İnfeksion-parazitar xəstəliklər

3.    Həzm traktı xəstəlikləri

4.    Nevroloji xəstəliklər

5.    Allergik xəstəliklər

6.    Dərman istifadəsi

7.    Həyat tərzindən irəli gələn səbəblər

Tənəffüs yollarında mövcud iltihabi durumlar sözsüz ki, ödem (şişkinlik) və çoxalmış selik ifrazı (bəlğəm) ilə müşahidə olunur. Bu xəstəliklərdən-rinit, sinusit (haymorit), nazofaringit (zökəm), faringit, laringit, traxeit, bronxit, pnevmoniya (sətəlcəm), xroniki ağciyər xəstəliyi və s. saymaq olar. Öskürək, bu halların tamamını müşahidə edir və bəzən əsas xəstəliyin sağalmasına baxmayaraq davam edir ki, bu halda əlavə müalicə tələb olunur. Burun tənəffüsünün pozulması ilə müşahidə olunan xəstəlikər də bu şikayətə yol aça bilər. Məsələn: burun arakəsməsi əyriliyi, hipertrofik rinit, xoanal atreziya, burun polipozu və s.

İnfeksion-parazitar xəstəliklər, adından məlum olduğu kimi, orqanizmə daxil olan və ya mövcud olan hər hansı bir törədicinin təkan verdiyi təsir nəticəsində meydana gələn xəstəliklərdir. Öskürək kimi şikayətə səbəb olan törədicilərdən bəziləri-Streptokokklar, Stafilokokklar, respirator viruslar, göbələklər, helmintlər (qurdlar) və s. Helmintlər xaric, bütün digər törədicilər bilavasitə tənəffüs yollarında yer alır və məhz bu səbəbdən öskürəyə təkan verir. Helmintlərin bir qismi isə bağırsaqda yaşasalar da, ifaz etdikləri yumurtalar miqrasiya edərək tənəffüs yollarından keçirlər və buna görə öskürəklə müşahidə olunan hala yol açırlar.

Həzm traktı xəstəliklərindən, reflüksla (ing.:geriyə atılma) müşahidə olunan xəstəlikləri qeyd etmək lazımdır. Bunlardan, qastrit, diafraqma yırtığı və ezofagit xüsusi yer tutur. Belə ki, yüksək turşulu mədə mühiti qida borusu vasitəsilə tənəffüs yollarına qalxdığı zaman burada toxuma zədələnməsi baş verir ki, buda öskürəklə müşahidə olunur.

Qan dövranı pozulması, stress faktoru və digər amillərin təsirindən qaynaqlanan nevroloji xəstəliklər qrupu var ki, bunlarda “mərkəzin” zədələnməsi baş verdiyi üçün öskürək ola bilər.

Allergiya, orqanizmin xüsusi durumudur ki, müxtəlif agentlərlə kontaktdan orqanizmdə fərqli təzahürlər yarana bilər. Bu təzahürlər tənəffüs yollarında müşahidə olunan zaman öskürək labüddür. Nümunə olaraq-allergik rinit, allergik faringit, bronxial astma, allergik bronxit və s. göstərmək olar.

Müxtəlif qrup dərman vasitələri var ki, onlar da öz növbəsində öskürəyə təkan verə bilər. Bunlardan ən geniş yayılanı-yüksək arterial təzyiqi endirmək üçün istifadə oluna angiotenzinçevirici ferment ingibitorları qrupuna aid dərmanlardır: kaptopril, enalapril, ramipril, lizinopril və başqaları.

Həyat tərzimizin sağlamlıqda mühim rol oynadığı danılmaz faktdır. Öskürək kimi narahat edəcək amilin də bu tərzdən kənar qalmadığı məlumdur. Belə ki, tütünçəkmə (siqaret, qəlyan, çubuq və s.), böyük miqdarda ədviyyat istifadəsi, hipodinamiya (az hərəkətlilik), çox soyuq və ya çox isti qida istifadəsi, qida qəbulundan həmən sonra üfüqi vəziyyət alma və s. qeyd etmək olar.

Diqqət yetirdiyimizdə, bu “bəsit” şikayətin arxasında olduqca çox xəstəliklərin dura biləcəyini görə bilərik. Məhz bu səbəbdən, bəzən, pasiyentlərin bu şikayətdən can qurtarmaları uzun müddət alır və böyük səbr tələb edir.

 

Elnur Əkbərov-Qulaq, burun, boğaz, baş və boyun cərrahı, uzman həkim

e-tibb.az üçün

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR