MÜSAHIBƏ

Zobun qurbağa ilə müalicəsinin heç bir elmi əsası yoxdur - MÜSAHİBƏ

date 12 Yanvar 2019

Zobun qurbağa ilə müalicəsinin heç bir elmi əsası yoxdur - MÜSAHİBƏ

Zob və şəkərli diabet insanların əziyyət çəkdiyi xəstəliklər sırasında getdikcə önə çıxmaqdadır. Həkim-endokrinoloq Xəyyam Eyvazov e-tibb.az saytına müsahibəsində zob və şəkər xəstəliyi, bu xəstəliklərin əlamətləri, müalicə metodları haqqında danışıb.

- Xəyyam həkim, zəhərli zob xəstəliyi nədir?

- El arasında zəhərli zob kimi tanınan xəstəliyin adı qreyvsdir. Zəhərli zob xəstəliyi zamanı müəyyən səbəblərdən qalxanvarı vəzin ifraz etdiyi hormonların miqdarı artır. Dolayısı ilə hormonlar artdığı üçün də mübadilə proseslərində sürətlənmə baş verir və şikayətlər yaranır.

- Zəhərli zobun əlamətləri necə olur?

- Əsəbilik, ürək döyünmə, təngnəfəslik, çəki itirmə, istiyə dözümsüzlük, titrəmə, saç tökülməsi, halsızlıq və s. zəhərli zobun əlamətləridir. Qalxanvarı vəz xəstəlikləri digər orqan xəstəlikləri ilə sıx qarışır. Belə hallarda hormon analizi verilməlidir. Hormon analizi verilməsə, diaqnozun qoyulması gecikə bilər və xəstəlik barədə gec məlumat əldə olunar. Zəhərli zobun əlamətlərinin olduğu insanların qalxanvarı vəz hormonlarına baxılır. Sevindirici hal odur ki, bu xəstəliyə diaqnoz asan qoyulur. Qanda tiroid hormonlarına baxılır və bu, bir sıra instrumental müayinələrlə təsdiqlənir. İnstrumental müayinələrinin nəticəsi və qalxanvarı vəzin hormon analizlərinin nəticəsi əsasında xəstədə zəhərli zobun olub-olmaması  müəyyən edilir. Diaqnoz tam dəqiqləşmədən müalicəyə başlamaq doğru deyil.

- Zəhərli zobun cərrahi əməliyyatsız müalicəsi varmı?

- İlk olaraq onu qeyd edim ki, zəhərli zob üç üsulla müalicə olunur: dərman, radioaktiv yod və cərrahi əməliyyatla. Önəmli olan budur ki, xəstələr müalicə müddətində çox ciddi nəzarət altında olmalıdırlar. Təyin olunmuş dərmanların qəbulundan sonra xəstə həkimin müəyyən etdiyi vaxtda müayinəyə gəlməlidir. Xəstəliyin müalicəsində istifadə olunan dərmanların da özünün əlavə təsirləri olur. Xəstəni tez-tez kontrola çağırmağımızda əsas məqsəd həm də dərmanların əlavə təsirinə nəzarət etməkdir. Xəstə bəzən dərman preparatlarını qəbul edir, şikayətləri azalır, hətta bəzən şikayətləri heç olmur. Bəzən xəstələr “Hə, artıq tam yaxşıyam” deyib müalicəni dayandırırlar. Bu, çox ciddi səhvdir. Belə olan təqdirdə xəstəlik daha da aqressivləşir və şikayətlər daha güclü şəkildə geri qayıdır. Bir qrup xəstəyə dərmanla müalicə, digər qrup xəstələrə cərrahi əməliyyat, başqa bir qrupa radioaktiv yod müalicəsi məsləhət görülür. Hansı müalicə növünün seçilməsi xəstənin yaşı, xəstəliyinin şiddəti və yanaşı olan xəstəliklərin olub-olmamasından asılıdır. Bir neçə faktor dəyərləndirilir, bundan sonra müalicə taktikası seçilir. Müalicə üsullarının mənfi və müsbət tərəfləri var. Onu da bildirim ki, zəhərli zobun əmələ gəlməsində genetik amillə bərabər, stress və gərginliyin də rolu var. Gərginlik, stress bu xəstəliyi daha da şiddətləndirir. Dərman qəbul etmədikdə hətta bu xəstəlik insanı ölümə qədər apara bilir. Buna tibdə “Tiroid krizi” deyilir. Bu xəstəliyin ağırlaşmasıdır.

- Zəhərli zob xəstəliyinin qurbağa ilə müalicəsi haqda tez-tez eşidirik. Ümumiyyətlə, zobun xalq təbabəti ilə müalicəsi mümkündür?

- Bu yanlış fikirdir. Zob xəstəliyinin qurbağa ilə müalicəsinin heç bir elmi əsası yoxdur. Dərman qəbulunu dayandırıb, qurbağa müalicəsinə keçmək xəstəni daha ağır vəziyyətə sala bilər. Bu, hətta ölümə belə gətirib çıxarır. Mənim də xəstələrimin arasında belə hallar olub. İnsanlar arasında "xalq təbabəti ilə müalicə daha zərərsizdir" kimi fikir mövcuddur. Tamamilə yanlış yanaşmadır.

- Bir qədər də şəkərli diabet xəstəliyi barədə danışaq. Şəkər xəstəliyi nədən yaranır? İnsanlar şəkər xəstəliyinə tutulmamaq üçün nə etməlidir?

- Şəkərli diabet xəstəliyi yeni yaranan zaman heç bir əlaməti olmur. Yəni xəstəliyin erkən dönəmlərində şikayət olmaya bilir. Bu xəstəlik gizli gedir, adətən bir müddət sonra qan şəkəri səviyyəsi artıq çox-çox yüksəlməyə başlayır, bu zaman şikayətlər özünü göstərir. Acqarına yoxlanıldıqda, qan şəkəri 126 mg/dl-dən yuxarıdırsa, bu artıq o deməkdir ki, həmin şəxs şəkər xəstəsidir. Qan şəkərinin 150 mg/dl-ın üstündə olması insanda heç bir narahatlıq yaratmaz. Bu göstərici, adətən, 200-ün üzərində çıxdıqda, şikayətlər başlayır. Şəkər xəstəliyinin əlamətləri susuzluq, çox su içmə, iştahanın artması və ya iştahasızlıq, halsızlıq, tez yorulma, ağız quruluğu və gecələr sidiyə tez-tez getmədir. Şəkərli diabet xəstəliyi ciddi, dünyada pandemiya şəklini alacaq pis xəstəlikdir. Təəssüf ki, şəkərli diabet xəstələrinin sayı ildən-ilə sürətlə artır. Bəs niyə qarşısını ala bilmirik?! Çünki şəkərli diabet həyat şəraitimiz və qidalanma rejimimizlə birbaşa əlaqəli olan xəstəlikdir. Bu gün oturaq həyat tərzi, piylənmə, gündəlik həyatımızda stress sürət artır. Bunların da qarşısını ala bilmirik.

- Şəkər xəstəliyindən qorunmaq mümkündürmü?

- Əlbəttə, mümkündür. Bir qrup insan var ki, onlar şəkərli diabet üçün risk qrupuna aiddirlər. Çox kök insanlar, qohumlarında şəkərli diabet olanlar, 4 kg və daha iri uşaq dünyaya gətirən analar və hamiləlik diabeti olan qadınlar, passiv həyat tərzi keçirənlər qanda xolesterini, qan təzyiqi yüksək olan şəxslər risk qrupunu təşkil edir. Risk qrupunda olan insanlar müəyyənləşdirməli, onlar mütəmadi yoxlamalardan keçirilməli və bəzi tövsiyələr verilməlidir. Biz hərəkəti və çəkini kontrol edərək risk qrupunda olan insanlarda xəstəliyi kifayət qədər önləyə bilirik. Onların qidalanma rejimi, həyat tərzi, mütləq nəzərə alınmalıdır. Fiziki aktivlik də vacib şərtdir. Gündəlik yarım saata yaxın fiziki aktivlik məsləhətdir. Qida rasionunu da ciddi fikir verilməlidir. Bir qrup qida var ki, qısa müddətdə qan şəkərini yüksəldir. Şirniyyat məmulatları, tortlar, biskvitlər, konfetlər, şokoladlar, şirəli, sodalı, enerji içkiləri kifayət qədər kalorisi yüksək olan qidalardır. Şəkər xəstələri üçün bu qidalardan istifadə məsləhət görülmür.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR