BLOQ

Yaddaş azalması nə zaman normal, nə zaman təhlükəlidir?

date 23 Mart 2019

Yaddaş azalması nə zaman normal, nə zaman təhlükəlidir?

Gündəlik həyatda bəzi unutqanlıqlar normaldır. Bəziləri isə ciddi xəstəliklərin erkən əlamətidir.

Yaddaş azalması daxili orqanların xəstəliyi, yoxsa beyin xəstəliyinin əlamətidir? Alzheimer xəstəliyi kimlərdə olur? Nə zaman həkimə müraciət edilməlidir?

Unutqanlıq hamımızın başına gəlir. Gün ərzində hər birimiz telefon nömrəsini, adları, əşyaların yerini unuda bilirik. Unutmaq yeni məlumatı öyrənmək üçün gərəklidir. Bunlar beyində məlumatın işlənməsi müddətində olan, fizioloji olaraq normal sayılan unutmalardır. Bu unutmalar normaldır, yeni məlumat öyrənmək üçün beyində əlavə həcm yaradır. Amma bunlarla yanaşı unutqanlıq bəzi ciddi xəstəliklərin erkən əlaməti olaraq da özünü göstərə bilər.

Yaddaş azalması demans adlanır. Yaddaş azalmasının altında Alzheimer xəstəliyi, insult, beynin degenerativ xəstəlikləri, Parkinson xəstəliyi, beyin şişi, ensefalit (beyin iltihabı), beyin travması kimi ciddi beyin xəstəlikləri ola bilər. Demansa səbəb olan beyin xəstəlikləri arasında  geniş yayılan Alzheimer xəstəliyi xüsusi yer tutur. Ona görə də əlamətlərini bilmək vacibdir.  65 yaşdan sonra insanların təxminən 10 faizində bu xəstəlik ortaya çıxır. Xəstəlik zamanı beynin yeni məlumatları öyrənmə potensiyalı azalır. Alzheimer xəstəliyi zamanı xəstənin iş, şəxsi, sosial həyatında gedərək artan ciddi problemlər yaranır. Bəzən evin içində otaqları səhv salma, evin yolunu tapmamaq, illərdir yaşadığı bölgədəki məkanları qarışdırmaq xəstəliyin ilk əlaməti ola bilər. Səbəbindən asılı olmayaraq  hansı növ demans olursa-olsun beynin yaddaşla və yeni məlumatları öyrənməklə bağlı bölgələrinin normal fəaliyyəti pozulmuş olur. Diaqnozun erkən qoyulması üçün qətiyyən gecikməmək lazımdır. Müalicə tez başlanarsa, xəstəliyin irəliləməsinin qarşısını almaq və ya zəiflətmək mümkündür.

Hansı unutqanlıqlar təhlükəlidir və həkimə müraciət edilməlidir?

Evdə və ya işdə hər gün edilən işləri etməkdə çətinlik yaranarsa;

Yaxın adamların adlarının və kim olduqları xatırlanmırsa;

Oğul ata, qız ana kimi zənn olunursa;

Yaxın zamanda baş verənlər yaddan çıxır, keçmişdəki hadisələr dəqiqliklə xatırlanırsa;

Eyni suallar təkrar-təkrar soruşulursa;

Qısqanclıq, şübhəçilik, inadkarlıq kimi davranışlar varsa...

Yaddaş azalması ilə müraciət edən şəxslərə yaddaş, diqqət, problem həll etmə, qərar vermə testləri kimi əlavə müayinələri də edilməlidir. Gənc və orta yaşlılarda görülən  tədbirlər beyini yaşlılıq zamanı qarşılaşa biləcəyi xəstəliklərdən  qorumuş olur. Demans şübhəsi ilə müraciət edənlərdə laborator analizlər də aparılmalı, eyni zamanda beynin yaddaşla bağlı bölgələri funksional və radioloji müayinə edilməlidir. Bundan sonra erkən diaqnoz qoyub müalicəsiylə məşğul olmaq lazımdır.

 

Nailə Ələkbərova – Nevroloq, uzman həkim

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR