XƏBƏR

​​​​​​​Uşaqların immunitetini artıran 4 faydalı qida

date 30 Yanvar 2019

​​​​​​​Uşaqların immunitetini artıran 4 faydalı qida

Havalar bir az soyuyan kimi uşaqlar arasında soyuqdəymə, zökəm halları artır. Valideynləri ən çox narahat edən durum məhz uşaqların xəstələnməsidir. Bunun qarşısını almaq üçün uşaqlara müxtəlif vitaminlər, dərmanlar verirlər. Bəs uşaqların immunitetini artırmaq üçün onlara hansı qidaları vermək lazımdır? E-tibb.az C vitamini ilə zəngin 4 faydalı qidanı diqqətinizə çatdırır.  

İtburnu

Qurudulmuş itburnunun tərkibində askorbin turşusu qara qarağatda olandan 10 qat çoxdur. Bir neçə qaşıq itburnu dəmləməsi uşağın gündəlik C vitamini ehtiyacını təmin edəcək. Mütəmadi şəkildə itburnu dəmləməsi içən ailələrdə xəstəliklərə nadir hallarda rast gəlinir.

Brüssel kələmi

Brüssel kələmi digər kələm növləri ilə müqayisədə vitaminlərlə daha zəngindir. 5-7 baş Brüssel kələmi (80 q) məktəbəqədər uşağın gündəlik C vitamini ehtiyacını təmin etmək üçün kifayətdir. Beta-karotenlə zəngin olan Brüssel kələminin tərkibindəki A provitamini ağ və gül kələmdən 15, qırmızı kələmdən isə 3 dəfə çoxdur. Bu kələm E və C vitaminlərinin qaynağı sayılır. Tərkibindəki B qrupu vitaminləri, faydalı mineral maddələr, mikroelementlər və selen orqanizmin infeksiyalara qarşı immun müdafiəsini gücləndirir.

Çaytikanı

Bütün meyvə, tərəvəz və göyərtilər arasında beta-karotenlə ən çox zəngin olanı çaytikanıdır. Məsələn, 100 q çaytikanında 10 mq, 100 q kökdə 9 mq beta-karoten var. Odur ki, bircə çimdik çaytikanı ilə uşağın gündəlik beta-karoten ehtiyacını ödəyə bilərsiniz. Bundan əlavə, 100 qr təzə çaytikanı 200 mq C vitamini ehtiva edir.

Çaytikanı meyvələri soyuducuda uzun müddət xarab olmadan saxlanıla bilər. Dondurub buzxanada saxladıqda isə bütün qış boyu tərkibindəki vitaminlər itmədən qalacaq.

Bolqar bibəri

Bolqar bibəri tərkibindəki askorbin turşusuna görə bütün qidalar arasında liderdir. 50 q bolqar bibərinin tərkibində 125 mq askorbin turşusu var. Bu tərəvəzi uşağın qida rasionuna daxil etməklə, onun C vitamininə olan ehtiyacını qarşılaya bilərsiniz. Bolqar bibərinin tərkibində həmçinin vitamin P, beta-karoten, provitamin A, B qrupu vitaminləri və faydalı mineral maddələr var ki, bunlar da uşağın sağlamlığı üçün olduqca vacibdir.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR