XƏBƏR

Uşaqlarda gecə sidik qaçırma hansı səbəblərdən yaranır?

date 9 May 2020

Uşaqlarda gecə sidik qaçırma hansı səbəblərdən yaranır?

Gecə sidiyi qaçırma (gecə enurezi) uşaqlarda sıx rast gəlinən problemdir. Uşaqlar arasında gecə enurezinin baş verməsi 15-20% hallarda müşahidə edilir.

e-tibb.az xəbər verir ki, bunu uşaq uroloqu, uzman həkim Pərviz Hacıyev bildirib. Onun sözlərinə görə, gecə enurezi olaraq bilinən gecə yataq qaçırması (gecə sidiyi saxlaya bilməmə, yuxuda sidik qaçırma, gecələr sidiyi saxlaya bilməmək, qeyri-iradi sidik ifrazı, yataq islatma)  5 yaşından böyük uşaqların yatarkən qeyri-iradi sidik qaçırması vəziyyətidir: “Gecə enurezinin səbəbi psixoloji deyil, sidik kisəsinin tutumu ilə gecə yaranan sidiyin həcmi arasında uyğunsuzluq və sidik kisəsinin dolmasına baxmayaraq uşağın yuxudan oyanmamasına bağlıdır. Bu problem, uşaqların özünə inamına, emosional vəziyyətlərinə, məktəbdə və ictimai həyatlarına mənfi təsir göstərə bilər.

Həkim qeyd edib ki, struktur (anatomik) və nevroloji pozqunluğu olmayan bir uşaq orta hesabla 2,5 yaşında sidiyini tutmağı, ehtiyacı gələndə xəbər verməyi və köməkli ya da köməksiz tualetə işəməyi öyrənməyə başlayır. Uşaqlarda əvvəl gecə bağırsaq, sonra sıra ilə gündüz bağırsaq, gündüz sidik və gecə sidik kontrolları qazanılır. Ümumi olaraq 2 yaşa qədər gündüz, 4 yaş sonuna qədər da gecə sidik kontrolları qazanılmış olur: “5 yaşından sonra meydana gələn sidik qaçırmaları normal olaraq qəbul edilmir bu səbəblə sidik qaçıran uşaq 5 yaşından böyükdürsə həkim tərəfindən görülməli, səbəb müəyyən edilməli və ona lazımdırsa uyğun müalicə üsullarıyla müalicə edilməlidir.

Klassik olaraq 5 yaşından sonra yataq islatmağa davam etmə nisbəti uşaqların 15-20% də görülür, sonrakı hər il  bu nisbət illik 15-20% lik  azalma göstərir və 15 yaşına çatmış uşaqların ancaq 1-2%də gecə sidik qaçırması olur (monosemptomatik nokturnal enurez).

Gecə yataq isladan uşaq həkimə müraciət etdiktə, əvvəlcə sidik qaçırması ilə birlikdə görüləbilən sidik yolu infeksiyası, gündüz sidik şikayətləri vəya qəbizlik kimi problemlər mütləq araşdırılmalıdır. Uşağın sidiyə getmə, qəbizlik və bağırsaq vərdişləri, maye qəbulu, yuxu xüsusiyyətləri, psixoloji vəziyyət və diqqətli bir müayinə ilə əksər halda diaqnoz qoyulur. Əlavə olaraq, sidik analizi, işəmə gündəliyi və işəmə testi (uroflovmetriya)  diaqnoz mərhələsində faydalıdır

Gecə yataq isladma genetik xəstəlikdir?

P. Hacıyev bildirib ki, gecə enurezinin baş verməsinə genetik və ailə faktorların təsiri tam müəyyən edilməyib, lakin bilinir ki, valideynlərin birində uşaqlıqda enurezin olması, onun uşaqlarında enurezin baş vermə riskini artırmış olur. Əgər bir valideyndə uşaqlıqda gecə sidik qaçırma baş veribsə onun uşağında  44% halda enürez görülə bilər, əgər hər iki valideyndə uşaqlıqda enurez qeydə alınmışdırsa, onların uşaqlarında enurezin baş verməsi halı 77%-ə çatır.

“Gecə yataq isladma psixoloji xəstəlikdirmi” sualına həkim belə cavab verib: “Xeyr, psixoloji narahatlıqlar birbaşa enurezə səbəb olmaz. Ancaq, gecə yataq islatma problemi yaşamaq, uşaqların özünə inamına mane olan psixoloji problemlərə səbəb ola bilər. Bu dəyişikliklər uğurlu enurez müalicəsindən sonra normala dönür.

Yalnız gec mənşəli (ikincili) enurez, diqqət çatışmazlığı və hiperaktivlik kimi davranış xarakterli problemlərdə riski artmış olaraq görülə bilər. Hər hansı bir psixoloji problemlərdə görülən enurez psixoloji problemindən asılı olmadan ələ alınmalıdır”.

Mütəxəssis onu da bildirib ki, gecə yatağına qaçıran uşağların əksəriyətində sidik sistemini nəzarət edən sinir sistemində və ya sidik yolu anatomiyasında hər hansı bir problem olmasa da, həkim bundan əmin olmalıdır. Bundan başqa, həkiminiz gecə yataq qaçırmasından əlavə həll edilməsi lazım olan başqa problemlərin olub-olmadığını da müəyyən etməlidir. Bu problemlər; Gündüz sidik qaçırması, “həddindən artıq fəal sidik kisəsinin” (tez-tez və güclü bir şəkildə sidiyə getmə hissi) əlamətləri, qəbizlik və təkrarlayan sidik yolu infeksiyalarıdır. Bu hallardan birinin müşahidə etməsi halında, gecə yataq qaçırma müalicəsinə başlamazdan əvvəl bu vəziyyətlər müalicə edilməlidir.

Gecə sidik qaçırmaların müalicəsi necə aparılır?

Həkim qeyd edib ki, gecə sidik qaçıran uşaqların müalicəsi ilkin olaraq valideyn və uşağın enurez barəsində maarifləndirilməsindən başlayır. Enurezə görə ətrafdakıların sosial təzyiqi ilə üzləşən və ya özünə-inamı aşağı olan uşaqlara dəstək olunmalıdır: ”Valideynlərə tənqiddən uzaq durmaları mövzusunda məsləhətlər verilməlidir. Uşağın fiziki və emosional sağlamlığının qorunmasının vacib olduğu vurğulanmalı, uşağın utandırılması və ya enurez hallarına görə cəzalandırılmasının yolverilməz olduğu izah edilməlidir. Anamnez, fiziki müayinə və ya laborator testlər əsasında, varsa əgər müəyyən edilmiş  səbəblərin müalicəsi təmin edilməlidir.

Vərdişlərin dəyişdirilməsinə yönəlik tövsiyələr müalicənin ilk addımıdır. Gündəlik  maye qəbulunun tənzimləməsi çox vacibdir. Qəbul edilən su və mayenin 2/3-i gündüz saatlarında alınmalı, maye qidalar axşam saatlarında gedərək azaldılmalı və yatmadan 1.5-2 saat qədər əvvəl mümkünsə kəsilməlidir. Sidik kisəsini narahat edə biləcək, kofeinli, limon və portağal suları kimi içkilər axşam saatlarında alınmamalıdır.

Uşağın yatdıqdan 1.5 saat qədər sonra oyandırılaraq işədilməsi gecə qaçırmalarını azaldmaqdadır. Ancaq uşaq gecədə bir dəfədən çox oyandırılmamalıdır. Bütün bu tədbirlərə baxmayaraq problemi düzəlməyən uşaqlarda, həkim nəzarətində dərman (və ya alarm) müalicəsinə başlana bilər. Yuxudan oyatmaya yönəlik alarm sistemi və dərman müalicəsi ikinci mərhələdə istifadə edilməlidir.

Gecə yataq isladan uşaqlar üçün xüsusi çıxarılmış, dildə əriyən və son dərəcə aşağı yan təsirə malik  dərmanlar ilə 3 -6 aylıq müalicə sonrasında  60-70% quruluq əldə etmək mümkün olmaqdadır. Bilinməlidir ki, bu dərmanların sonsuzluq kimi bir yan təsiri də yoxdur.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR