XƏBƏR

Uşaqlarda anadangəlmə ürək qüsuru varsa...

date 22 Aprel 2019

Uşaqlarda anadangəlmə ürək qüsuru varsa...

Anadangəlmə ürək qüsurları çox geniş rast gəlinən problemlərdən biridir. Yeni doğulan körpələrin bir qismində belə qüsurlar aşkarlanır. Son illər belə uşaqların sayının artdığı da bildirilir.

E-tibb.az Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının invaziv kardioloqu, tibb üzrə fəlsəfə doktoru, Qalib İmanovun anadangəlmə ürək qüsurları ilə bağlı fikirlərini təqdim edir.

Anadangəlmə ürək xəstəliklərinin səbəbləri hansılardır?

Anadangəlmə ürək xəstəliklərinin çoxunun səbəbi bilinmir. Bəzi ürək xəstəliklərinin genlərlə əlaqədar olması haqqında məlumatlar olsa da, xəstəliklərin çoxu üçün bu məlumatlar öz təsdiqini tapmayıb. Ancaq xəstələrin bir qismində qohum evliliyi, ananın şəkər xəstəsi olması, ana, ata və yaxın qohumlarda anadangəlmə ürək xəstəliklərinin olması təsir edə bilər. Hamiləliyin xüsusilə üç ayı çox əhəmiyyətlidir. Bu dövrdə ananın məxmərək kimi infeksion xəstəlik keçirməsi, siqaret və narkotik istifadə etməsi, rentgen şüası alması və ya nəzarətsiz dərman qəbul etməsi təhlükəlidir. Yenə də xəstəliyin bu səbəblərlə əlaqədar olub-olmamasını müəyyən etmək ümumiyyətlə, mümkün olmur. Buna görə də xəstəliyi hər hansı səbəblə əlaqələndirmək mümkün deyilsə, ailələrin, ana və atanın özlərini günahkar hiss etmələri doğru deyil.

Hər 100 canlı doğulan körpənin təxminən biri ürək qüsuru ilə doğulur. Ancaq bunların çoxu yüngül ürək qüsurlarıdır. Ancaq bu nisbət ölü doğulanlarda 5%, düşüklərdə isə 10-25% arasındadır. Yəni ağır ürək qüsuru olan körpələrin böyük əksəriyyəti hələ doğulmadan itirilirlər.

Hamiləliyin təxminən 4 ayından etibarən bəzi ürək qüsurlarını ana bətnindəykən, ancaq bu sahədə təcrübəsi olan uşaq kardioloqları fetal exokardioqrafiya deyilən müayinə metodu ilə aşkar edə bilər. Ancaq, bəzi yüngül ürək qüsurlarının ana bətnindəykən diaqnostikası mümkün olmaya bilər.

Anadanqəlmə ürək qüsurlarının ana bətnindəykən müalicəsi bəzi hallarda mümkündür. Lakin körpədə yaşaması mümkün olmayan çox ağır anadanqəlmə ürək qüsuru aşkar edilərsə, ailənin razılığı ilə hamiləlik sonlandırıla bilər. Bu hal qanun çərçivəsində, xəstəxananın həkim komissiyasının qərarı və ailənin icazəsi ilə diaqnoz dəqiqləşdirildikdən sonra mümkündür.

Körpədə anadangəlmə ürək qüsurunun olmasını ana və ata hiss edə bilərmi?

Əgər xəstəlik ağır deyilsə və getdikcə şiddətlənmirsə ana və ata bunu hiss etməyə bilər. Hətta, bəzi qüsurlar yüngül əlamətlərlə özünü göstərirsə, uşaq narahat olduğu zaman və ya ağlayarkən həkim müayinəsində belə nəzərdən qaçırıla bilər. Ona görə də bəzi valideynlər uşaqlarının daha əvvəl də həkim tərəfindən müayinə olunduğunu, lakin, heç bir qüsurun aşkar edilmədiyinə və bu barədə məlumatlandırılmadıqlarına təəccüblənirlər və diaqnoza inanmaq istəmirlər.

Hər anadangəlmə ürək qüsurunu müalicə etmək lazım gəlmir. Bəziləri müəyyən müddət içində, uşaq böyüdükcə, yaxşılaşıb normal vəziyyətə qayıdır. Bir hissəsi isə, dərmanla, bir hissəsi isə kateterizasiyə və əməliyyatla müalicə edilirlər. Müalicəyə ehtiyacı olan qüsurların böyük əksəriyyətinin müalicəsi var. Ancaq bəzi çox ağır ürək xəstəliklərinin müalicəsi çox çətindir. Elm və texnologiyanın inkişaf etməsi və təcrübənin artması ilə əlaqədar müalicə olunan xəstələrin sayı artır və müalicənin keyfiyyəti günü gündən yaxşılaşır.

Anadangəlmə ürək qüsurlarında göyərmə əlamətinin olması mütləqdirmi?

Hər ürək xəstəliyində göyərmə olmur. Anadangəlmə ürək qüsurları göyərmə ilə olan və göyərmə ilə olmayan ürək xəstəlikləri kimi iki qrupa bölünürlər. Göyərmə olmayan ürək xəstəliklərinə daha çox rast gəlinir. Ona görə də ürək xəstəliklərinin əksəriyyətində göyərmə yox ikən, bəzilərində göyərmə ağlayarkən, bir qismində isə uşaq böyüdükcə, müəyyən vaxtdan sonra ortaya çıxır.

Anadangəlmə ürək qüsurluu uşağı olan ailə təkrar uşaq sahibi olmaq qərarına gələrsə, hamiləlik zamanı 4cü aydan etibarən bu sahə ilə məşğul olan və təcrübəli bir uşaq kardioloqu tərəfindən konsultasiya edilməlidir.

Anadangəlmə ürək qüsurlarında əməliyyat olunmaq şərtdirmi?

Bir çox anadangəlmə ürək qüsuru üçün əməliyyat şərt deyil. Hətta bəziləri o qədər yüngül keçir ki, heç bir müalicəyə ehtiyac olmur. Bəzən daha əvvəl əməliyyatla düzəldilən ürək qüsurları , artıq əməliyyatsız, damardan girərək kateter və ya balonlu kateterlə müalicə edilirlər. Əməliyyata ancaq son çarə kimi ehtiyac ola bilər.

Anadangəlmə ürək qüsuruna hər ürək həkimi diaqnoz qoya bilərmi?

Elm və texnologiya olduqca inkişaf edib. Bir həkimin tibbə aid olan hər şeyi bilməsi mümkün deyil. Buna görə də hər bir sahə daha dar ixtisaslara bölünür. Uşaq xəstəlikləri sahəsi də 15 daha dar ixtisasa bölünüb. Uşaq kardiologiyası bu ixtisaslardan biridir və daha çox anadangəlmə ürək qüsurları və revmatizm xəstəliyi ilə məşğul olur. Uşaqlarda və yeniyetmələrdə rast gəlinən ürək xəstəliklərini uşaq kardioloqları daha yaxşı aşkar edə bilər. Böyüklərin ürək xəstəlikləri ilə məşğul olan kardioloqlar isə təzyiq yüksəkliyi ilə, damarlarda daralmalarla əlaqədar olan xəstəliklər, ürək-qapaq xəstəlikləri mövzusunda daha çox biliyə və təcrübəyə sahibdirlər. Exokardioqrafiya hər şeyi görüb danışan sehrli bir alət deyil, ancaq görüntü vermək qabiliyyətinə malik bir cihazdır. Doğru diaqnoz isə görüntülərin kifayət qədər bilik və təcrübə ilə qavranılması nəticəsində qoyula bilər. Nəticə etibarilə, anadangəlmə ürək qüsurlarına düzgün diaqnoz qoyulması üçün xəstə, uşaq kardioloqu tərəfindfən müayinə olunmalıdır...

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR