BLOQ

Uşaqlar çay içməlidirmi?

date 18 Noyabr 2019

Uşaqlar çay içməlidirmi?

Çay və uşaq. Tez-tez verilən suallardan: Uşağa çay verəkmi..?

Əvvəlcə baxaq, çay nədir, nəyə faydalıdır, zərəri nədir ?

Qara çay kofeinlə zəngindir. Hər bir stəkan çayda 12 mg kofein alırıq . Kofein miqdarı 79 mg-dan çox olarsa, kofein asılılığı yaranar. Kofein zehni oyanıqlıq verir.

"Kofe , tünd çay içim yuxum qaçsın", fikri təkcə böyüklərə deyil, uşaqlara da aiddir. Uşaqlara çay verildiyində onların da yuxusu pozular. Kofein mədə turşuluğunu artırır, reflüksə səbəb olur. Reflüks isə uşaqda narahatlıq yaradır. Bundan başqa, reflüks ilə ağız boşluğuna gələn mədə turşuluğunun təsiri ilə həm dişlər yeyilir, korlanır, həm də öskürəyi artırır.

Yaponiyada uşaqlar üçün kofeinsiz çay növlərindən istifadə edilir. Qara çayda tanin maddəsi dəmirin sorulmasına mane olur. Dəmir isə uşağın inkişafı üçün vacibdir. Mütəmadi çay verilən uşaqlarda anemiya tez-tez görülür. Kofeinsiz çay istəyirsinizsə ilk üç dəqiqə ərzində dəmlənmiş çayı süzüb yenidən dəmləyə bilərsiz . Çay ilk üç dəqiqədə kofeini suya buraxır.

Çay antioksidantlarla zəngindir. Amma antioksidantlar uşaqlar üçün faydalı olmur. Böyük olaraq özünüz üçün yararlanmaq istəyirsinizsə, çayı çox isti suda dəmləyin, o zaman antioksidantlar daha çox suya çıxacaq. Paket çayını süd ilə içəndə isə antioksidantlar bizə gəlib çatmır .

Uşaqlar üçün ən yaxşısı meyvə çaylarıdır . Rəngli meyvələri isti suya doğrayıb dəmləmək, mixək, bal, darçın əlavə edib bitki çayları ilə ( razyana, çobanyastığı) kombinə etmək olar. Qurudulmuş meyvə, itburnu da əlavə edə bilərsiniz. Belə çaydan uşaqlar məktəbə də götürə bilər.

6 ay ya da bir-iki yaşlı uşaq üçün çay verilməsini heç lazım bilmirəm. Körpə uşaqlara arada çay verməyin bir faydalı anlamı yoxdur. Əksinə, yuxarıda saydığım narahatlıqlara gətirə bilir. Şirinçay isə ümumiyyətlə, lazım deyil. Əgər uşaq sirinçaysız yağ çörəyi yemir deyirsinizsə, sizə belə bir təklif edim: Uşağın çayına üç-dord qaşıq şəkər tozu salmaq yerinə, çörəyə çəkilmiş yağın üzərinə bal, cem, bəhməz çəkin ya da yarım çay qaşığı şəkər tozu səpin. Belə halda şirin çaya gərək qalmaz.

Əgər uşaqda hiperasid qastrit, reflüks kimi problemlər, mədə ağrıları, gəyirmə, köp, qəbizlik kimi şikayətləri varsa, şirin çaydan birmənalı uzaq durun.

 

Aytən İsmayılzadə-Həkim-pediatr

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR