XƏBƏR

Bakıda 26 yaşlı oğlanın üzündə yaranan böyük damar şişi çıxarılıb

date 18 Noyabr 2019

Bakıda 26 yaşlı oğlanın üzündə yaranan böyük damar şişi çıxarılıb

Azərbaycanda üzündə böyük damar malformasiyası (yumağı) olan 26 yaşlı xəstə əməliyyat olunub.

Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, doğuşdan üzünün sağ tərəfində mövcud olmuş, son illərdə böyüyərək üzdə asimmetriya, rəng dəyişikliyi və şiddətli ağrıya səbəb olan bərk şişlikdən əziyyət çəkən pasiyent Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RMDM) müraciət edib. Xəstəyə diaqnostik və invaziv radioloq, endovaskulyar cərrah, professor Ahmet Memiş tərəfindən edilən rəngli doppler-USM, MRT və angioqrafiya müayinələrindən sonra “Doğuşdan anormal qan-damar yumağı törəməsi olan arteriovenoz malformasiya” diaqnozu qoyulub.

Əvvəlcə A.Memiş tərəfindən icra olunan bud arteriyasından girilərək angioqrafiya (qan damarların rentgenoloji müayinəsi) sayəsində malformasiyanın qidalandırıcı arteriyaları embolizasiya üsulu ilə bağlanılıb və “qansızlaşdırma” təmin edilib. Növbəti gündə cərrah Ruslan Rəhimov tərəfindən malformasiya qansız əməliyyatla tam olaraq xaric edilib.

İçərisində çox sürətli qan axımı olan çoxlu sayda arteriya və venalardan yaranmış, əməliyyatda qanaxma riski çox yüksək olduğundan tamamilə çıxarıla bilməyən damar malformasiyaları bu səbəbdən əksər xəstələrdə əməliyyatdan sonra təkrar və daha aqressiv böyüyürlər. Məhz belə uğursuzluqla qarşılaşmamaq üçün xəstəyə multidissiplinar yanaşma tətbiq olunub.

A.Memiş vurğulayıb ki, fərqli ixtisas sahələrindəki həkimlərin kompleks ağır patologiyalara birgə müalicə-əməliyyat yanaşması ən uğurlu nəticə əldə etmək üçün çox vacibdir. Onun sözlərinə görə, “solo” işləmək ağır xəstəliklərin müalicəsində uğursuzluğu artıran ən önəmli səbəbdir.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR