XƏBƏR

Ürəkdə döyünmə normal haldır, yoxsa?  

date 17 İyun 2019

Ürəkdə döyünmə normal haldır, yoxsa?  

Normal halda insan ürək döyüntüsünü hiss etməməlidir. Amma bəzən bu hal yaşanır. Həkimlər bunu ürək döyünməsi adlandırırlar. Bu zaman ürəkdə qeyri-ritmik döyünmələr və çırpınma hiss edilir. Mütəxəssislər bildirirlər ki, bir çox hallarda döyünmələr ürək xəstəlikləri ilə əlaqəli deyil. Hər bir insan vaxtaşırı olaraq bu cür vəziyyətə düşə bilər. Ürək sağlam olduqda bu heç bir təhlükə daşımır. Amma bu hal yanaşı olaraq digər əlamətlərlə uzun müddət davam edərsə, o zaman həkimə müraciət edilməlidir.

e-tibb.az-ın xəbərinə görə, bunu kardioloq, uzman həkim Rəşad Hüseynov deyib.

Kardioloq bildirib ki, ürək döyüntüləri ürəklə bağlı olmasa belə hansısa digər ciddi bir xəstəliyin əlaməti ola bilər. Buna görə də bu əlaməti görməzdən gəlmək olmaz.

Ürək döyünməsinin səbəbləri:

1. Stress. Bu amil ürək ritminin pozulmasının əsas səbəblərindəndir. Emosional zərbə, fiziki gərginlik və uzun müddətli həyəcan ürək döyünməsinə səbəb ola bilər.

2. Çox yorulma, yuxu pozulması da ürəyin işinə təsir göstərir.

3. Alkoqol. Spirtli içkilərdən həddən artıq istifadə ürək ritminin pozulmasına gətirib çıxarır. Həmçinin sinir sistemi oyadan qəhvə, tünd çay, qazlı-şəkərli kimi tonuslaşdırıcı içkilər, narkotik də sinir sistemini oyadaraq ürək əzələsinin sürətlə işləməsinə səbəb olur.

4. Ürək döyünməsinin səbəbi isti və bir sıra dərmanların təsiri də ola bilər. Bu dərmanlara allergiya əleyhinə olan həblər, kortikosteroidlər və damarları genişləndirən bir sıra preparatlar daxildir.

Ürək ritmini aşağıdakı xəstəliklər də poza bilər: anemiya, qalxanabənzər vəzin hiperfunksiyası, diabet, menopauza. Hormonal balansın pozulması, yüksək hərarət ürək əzələsinə düşən fiziki gərginliyi artıraraq onun ritmini pozur. Həmçinin, mədə və 12 barmaq bağırsaq, sinir xəstəlikləri və psixi pozğunluqlar da bu vəziyyətin yaranmasına səbəb olur.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR