XƏBƏR

Nazirlik: Könüllü qan donorluğunda qanla keçən xəstəliklərin qeydə alınması halları daha aşağıdır

date 14 İyun 2019

Nazirlik: Könüllü qan donorluğunda qanla keçən xəstəliklərin qeydə alınması halları daha aşağıdır

14 iyun Ümumdünya qan donoru günüdür.

Səhiyyə Nazirliyi Mətbuat Xidmətinin məlumatında bildirilir ki, qan və onun komponentlərinin köçürülməsi hər il milyonlarla insanın həyatını xilas etməyə imkan verir. Bu il Ümumdünya qan donoru kampaniyası “Başqalarını düşün. Qan ver. Həyatla bölüş” şüarı altında keçirilir və ictimaiyyətin diqqətini qan donorluğunun insan həyatını xilas edən xeyirxah addıma cəlb edir.

Hər il iyunun 14-ü bütün dünyada olduğu kimi ölkəmizdə də qan donorları günü qeyd olunur. Bu il Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankı da ənənəyə sadiq qalaraq Ümumdünya Qan Donoru Gününü təntənəli şəkildə qeyd edib. Tədbir Azərbaycan Talassemiya Federasiyası ilə birlikdə keçirilib. Tədbirdə bir çox ictimai qurumların nümayəndələri, gənclər və mədəniyyət xadimləri və mütəmadi qan donorları iştirak edib.

Məlumatda qeyd olunub ki, Azərbaycanda 2017-ci ildə respublika üzrə donor sayı 84937 nəfər, Mərkəzi Qan Bankı üzrə donor sayı 44957 nəfər, tədarük edilən qanın miqdarı 40345 litr (40 ton 345 litr), Mərkəzi Qan Bankı üzrə 21354 litr (21 ton 354 litr) olub.

İnsan orqanizmində qanın müəyyən kritik həddi mövcuddur və bu həddi aşdıqda qan ehtiyatını artırmaq lazımdır (zədələnmə, xəstəlik hallarında). Əgər bu ehtiyat olmazsa, o zaman insan həyatını itirər. Bu baxımdan, donorun özünün 400 milliqram qanı ilə tam bir həyat xilas etməsi barədə deyim tamamilə doğrudur. Hər kəs həyatı boyunca qan köçürülməsinin zəruri olduğu hallar ilə üzləşə bilər. Qan insan orqanizmi üçün həyati əhəmiyyət kəsb edir, o, trofik funksiya daşıyır, toxuma və orqanların qaz mübadiləsini təmin edir.

Ciddi xəsarət, əməliyyat, kəskin qanaxma, hemotoloji və onkoloji xəstəliklər, ağır doğuşlar, mürəkkəb əməliyyatların icrası zamanı qan və onun komponentləri insan həyatını xilas edir. Qanı heç bir başqa preparat ilə əvəz etmək mümkün deyil, onu yalnız sağlam donordan əldə etmək olar.

Kifayət qədər təhlükəsiz qan ehtiyatlarının təmin edilməsinin əsas yolu könüllü, təmənna güdməyən donorlardan qanın götürülməsidir. Müntəzəm könüllü donor aksiyaları qanın ən təhlükəsizik mənbəyidir. Belə ki, pul müqabilində qan verən şəxslərlə müqayisədə bu cür donorlar arasında qan vasitəsilə keçən xəstəliklərin və infeksiyaların qeydə alınması halları daha aşağıdır.

Hazırda, tibbin elə bir sahəsini tapmaq çətindir ki, orada insan sağlamlığının və həyatının xilas olunması üçün qan komponentlərinin köçürülməsindən istifadə edilməsin.

İndiyə qədər Azərbaycan Respublikasında donor qanının və onun komponentlərinin təmin edilməsi üzrə milli siyasətin əsas prinsipləri formalaşdırılıb. Bura: а) donorluğun dəstəklənməsi, qan komponentlərinin hazırlanması və köçürülməsi barədə qanunvericilik bazası, onların təhlükəsiz istifadəsinin təminatına dair hüquqi normativ sənədlərin işlənib hazırlanması b) keçici infeksiyalar ilə yoluxma riski aşağı olan əhali qrupları əsasında donor kadrları bazasının yaradılması; c) müasir analiz metodlarından istifadə etməklə qanın tərkibində olan və qan vasitəsilə keçən infeksiya daşıyıcılarının marker əsasında müayinə edilməsi; d) ölkənin qanköçürmə müəssisələrinin fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması daxildir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti,  UNSECO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən 2005-ci ildə Azərbaycanda “Talassemiyasız həyat naminə” layihəsinin icrasına başlanılması ilə ölkədə səhiyyənin bu vacib sahəsində əhəmiyyətli müsbət dəyişikliklər müşahidə edilib. Sözügedən proqram Azərbaycanda qeyd edilən xəstəliyə qarşı mübarizə sahəsində donuş nöqtəsi olub. “Talassemiyasız həyat naminə” proqramının həyata keçirilməsi çərçivəsində 2009-cu ildə Bakı şəhərində Talassemiya Mərkəzi istifadəyə verilib. Bu Mərkəzdə talassemiyadan əziyyət çəkən xəstələr pulsuz zəruri dərman preparatları və ixtisaslı tibbi xidmətlər əldə edir. Ölkə ictimaiyyəti isə çox mühüm bir məsələnin – qan donorluğu probleminin həllinə fəal şəkildə qoşulub.

Heydər Əliyev Fondunun çağırışına uyğun olaraq təkcə Bakı şəhərində deyil, ölkənin digər regionlarında fəaliyyət göstərən müəssisə və təşkilatlarda könüllü qanvermə aksiyaları təşkil olunur.

Bütün bu tədbirlər azalmayan qan komponenti ehtiyatının toplanmasına və təmin edilməsinə gətirib çıxarır.

Qeyd edək ki, 14 iyun Ümumdünya qan donoru günü 2005-ci ildən qeyd olunur. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının Cenevrə şəhərində (İsveçrə) keçirilmiş 58-ci Assambleyasında ildə bir dəfə donorluq gününün qeyd edilməsi və bu günün öz kəşfi ilə donorluq işinə böyük töhfə vermiş Karl Landşteynerin doğum günü, yəni 14 iyun tarixi kimi müəyyən edilməsinə dair qərar qəbul olunub.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR