XƏBƏR

Türkiyəli professor: "Azərbaycanda da robotik cərrahiyyə inkişaf edəcək”

date 20 Dekabr 2019

Türkiyəli professor: "Azərbaycanda da robotik cərrahiyyə inkişaf edəcək”

Ürək-damar xəstəlikləri dünyada ölümə səbəb olan xəstəliklər arasında birinci yerdə durur. Bu problemlərin qarşısının alınması, müalicə olunmasında ən müasir texnologiyalar, metodlardan istifadə olunur. Artıq təxminən 10 ildir ki, ürək-damar xəstəlikləri həm də robotla icra edilir. Robotik ürək-damar əməliyyatları əvvəlcə ABŞ-da, sonra Avropada, 2011-ci ildən sonra isə Türkiyədə-İstanbulda və Ankarada tətbiq olunur. Bu əməliyyatların bir çox üstünlükləri var.

Bunu e-tibb.az-a Türkiyənin məşhur ürək-damar cərrahı, Gülhanə Xəstəxanasının ürək-damar cərrahiyyəsi şöbəsinin müdiri, professor Ufuk Demirkılıç deyib.  

Professor vurğulayıb ki, artıq Türkiyədə robotik əməliyyat icra edən təxminən 30 robot var. Robotlarla təkcə ürək-damar deyil, uroloji, ginekoloji, ümumi cərrahiyyə əməliyyatları icra olunur.

Ufuk Demirkılıç deyib ki, ürək-damar cərrahiyyəsində ələlxüsus ürək qapaqlarında olan problemlər, uşaqlarda anadangəlmə ürək qüsurları, aorta-koronar şuntlama əməliyyatları, ürəkdə olan şişlərin çıxarılması, şiş yerinin təmir olunması robotlarla aparılır. Bu metodla döyünən ürəkdə əməliyyat icra edilir.

Bundan başqa, qadınlarda ginekoloji şişlər, kişilərdə prostat xərçəngi, ümumi cərrahiyyədə arıqlama yəni mədə kiçiltmə əməliyyatları, qulaq-burun boğazla bağlı bir sıra əməliyyatları robotlarla icra edirlər.

Robotik əməliyyatları ən optimal əməliyyat metodu sayan professor qeyd edib ki, kəsik aparılmadan, kiçik dəliklər açmaqla problemlər aradan qaldırılır. Kəsiksiz olduğuna görə, daha az travmatikdir, qanaxma riski azdır. Xəstə əməliyyat günü ayağa qalxır, gəzə bilir, digər əməliyyatlar kimi reanimasiyada bir neçə gün yox, cəmi yarım gün qalır, əməliyyatdan 3-5 gün sonra evə buraxılırlar.

“Müasir texnologiyalardan, metodlardan geri qalmamaq lazımdır”, - deyən türkiyəli cərrah Azərbaycanın bu texnologiyaları təqib edən ən öndə gedən ölkələrdən biri olduğunu, artıq Azərbaycanda da bu əməliyyatlar icra edildiyini xatırladıb: “Düşünürəm ki, Azərbaycanda da robotik cərrahiyyə daha geniş tətbiq olunacaq və inkişaf edəcək”.

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR