XƏBƏR

Temperatur hansı hallarda yüksələ bilər?

date 2 Avqust 2020

Temperatur hansı hallarda yüksələ bilər?

Pandemiya dövründə əksəriyyət bədən hərarətinə çox həssas yanaşır. Hərarətdə cüzi dəyişiklik olan kimi koronavirusa yoluxma olduğu düşünülür. Çoxları gün ərzində hərarətlərini dəfələrlə ölçür. Həkim-fitoterapevt Elnur Eldaroğlu isə tez-tez temperatur ölçməyin düzgün olmadığını açıqlayıb. 

e-tibb.az onun bu barədə fikirlərini təqdim edir:

Mütləq deyil hər kəsin qızdırması 36,6 olsun. Xəstəlikləri özünüzdə axtarıb, tez-tez qızdırmanızı ölçməyin. Normalda 37 temperaturlu kifayət qədər sağlam insan var, belə çıxır ki, bunlar koronavirus xəstəsidir?
Temperatur hər kəsdə fərqli ola bilər. Məsələn, koronaviruslu xəstənin temperaturu supfebril 37,2-37,7 və ya yüksək 38-39,8 də olub, amma elə bu temperatur subfebril vərəm və revmatik qızdırmada da olur, yüksəyi isə bakterial sətəlcəmdə də olur.
Yüngül soyuqdəyməsi olanlarda temperatur 2-3 günə düşür, siz təlaşa düşməyin! Cökə dəmləyib için, propolis tinktura 20%-li suya qatıb için və kamfora spirtlə masaj olunun.
Subfebril temperaturun səbəbləri müxtəlifdir və fizioloji də ola bilər: fiziki yük, isti yemək və ya müəyyən dərmanların qəbulu, həmçinin, qadınlarda aybaşıdan əvvəlki vəziyyət və alkoqol temperaturun bu cür yüksəlməsinə gətirib çıxarmaq iqtidarındadır.
Bundan əlavə, hormonal pozğunluqlar və ya qalxanvari vəzinin işində problemlər temperaturu qaldırır. Bir çox onkoloji xəstəliklərdə də axşam saatlarında bədənin hərarəti yüksəlir.

Sağlam insan bədənində ən yüksək temperatur saat 18-dən sonra, ən minimum temperatur isə gecə saat 3-də olur. Bədənin temperaturunun tənzimlənməsinin pozulmasına gətirib çıxaran termonevroz adlanan əsəb xəstəliyini də unutmayaq. Xüsusilə, son dövrlərdə koronavirus həyəcanı keçirənlər və koronavirusdan aylardı ki, sağalanlarda müşahidə etmək olur. Əgər nəfəs darlığı, öskürək, halsızlıq, dad və iybilmənin itməsi, kürəklərdə və sinədə ağrı, həmçinin düşməyən hərarət 3 gün davam edirsə, mütləq həkimə müraciət edə bilərsiniz!

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR