BLOQ

Bir çox peşə sahiblərində yaranan göz zədələnməsi: Necə qorunmaq olar?

date 3 Avqust 2020

Bir çox peşə sahiblərində yaranan göz zədələnməsi: Necə qorunmaq olar?

Peşə xəstəlikləri arasında göz zədələnməsi

Vaxtında aşkarlanmış professional (peşə) faktorlarının yan təsirləri işçinin əmək qabiliyyətinin qorunması və əlilliyin profilaktikası deməkdir. Müxtəlif peşə sahiblərində, xüsusilə uzun illər iş təcrübəsi olanlarda öz sahələrinə uyğun yaranmış vərdişlər, bu peşədən onlara qalan xatirə-izlər, müxtəlif dəyişikliklər baş verir.

Peşə xəstəlikləri adı altında xeyli xəstəliklər cəmlənib. Bu xəstəliklər arasında göz zədələnmələri halları da az deyil. Spirt istehsalı zavodu, sintetik kauçuk və rezin məhsullarının istehsalı zavodu, metal, əlvan metal istehsalatı zavodu, neft emalı və neft xammalı istifadə olunan zavod işçilərində müxtəlif kimyəvi maddələr və qazlar ümumi orqanizmə təsir edir. Bu təsir fonunda gözlərin də toksiki zədələnməsi olur. Kənd təsərrüfatında istifadə olunan zəhərli kimyəvi maddələrin gözü zədələməsi, xlor tərkibli zəhərli maddələrin gözə təsiri, boya maddələrinin toksik təsiri də müşahidə olunur. Adətən gözün ön səthinin səbəbdən asılı olaraq müxtəlif dərəcəli zədələnməsi rast gəlinir. Konyunktivanın qıcıqlanması, qızarması, konyunktiva damarlarının genişlənməsi və onların qıvrılması kimi zədələnməsi halları daha çox rast gəlinir,bəzən belə vəziyyət 5 il müddətinə qədər işləyənlərdə olur, sonrakı illərdə tədricən simptomların azalması halları da olur, bu isə adaptasiya ilə əlaqədar olur. Bundan başqa konyunktivanın degenerativ dəyişiklikləri (pinqvekula və pteriqium kimi, el arasında “artıq ət” adlanır), buynuz qişa həssaslığının itirilməsi, görmədə dəyişikliklər, işığa adaptasiyada dəyişiklik, qlaukoma-göz daxili təzyiqin artması, katarakta, nevrit, göz dibi xəstəlikləri və s. patologiyalarla ağırlaşmalar qazanılır.

Kəskin zəhərlənmə zamanı sulanma, qapaqlarda spazm (blefarospazm), qızartı, mödem, konyunktivit inkişaf etdiyi hallardasa əlamətlərlə paralel selikli-irinli ifrazat, hətta konyunktivaya qansızma da müşahidə oluna bilər. Görmə siniri iltihabı (nevrit) zamanı görmə zəifləməsi, rəngli görmənin pozulması, görmə sahəsinin daralması əlamətləri müşahidə olunur, belə hallar görmə siniri atrofiyasına, yəni korluğa gətirib çıxara bilir.  Toksiki təsiri olan maddələrlə kontaktda olan işçilər, istər kimyagər, istər laborant, bioloq, fizik, istər rəngsaz, istər xadimə, hər kəs əmək fəaliyyəti şəraitində gigiyena şərtlərini, təhlükəsizlik qaydalarını bilməli və ciddi riayət etməlidirlər, işçilərin mütəmadi tibbi baxışdan keçirilməsi isə mütləqdir.

Peşə xəstəlikləri arasında elektro maqnit şüalarla şüalanma (Rentgen şüaları, infraqırmızı, ultrabənövşəyi şüalarla), radiasion xəstəliklər böyük faiz təşkil edir. Toxumaların radiasion zədələnməsi həmən baş vermir, latent mərhələnin davamiyyətindən, şüanın dalğa uzunluğundan və dozasından asılıdır. İnfraqırmızı şüalanmanın latent mərhələsi dəqiqələrlə, ultrabənövşəyi şüalanmanın saatlarla, ionlaşdırıcı radiasiyanın isə həftə və aylarla ölçülür.

Ultrabənövşəyi şüaları gözün ön səthi-buynuz qişa və ondan dərində yerləşən büllur udub görməni təmin edən göz dibinə keçməsinin qarşısını alır, nəticədə illər sonra buynuz qişa bulanması və mirvari suyu kimi tanınan katarakta yarana bilər.

Qaynaq zamanı adətən gözə yad cisim düşməsi, gözün ön səthinin yanığı, konyunktivit, blefarit daha çox rast gəlinir və bunu çoxları bilir. Lakin daha çox radiasion zədələnmə təhlükəli və əhəmiyyətlidir. Qaynaq zamanı şüalanma yaranır, görünən işıq şüaları ilə, UB şüalarla şualanma fotooftalmiya yaxud elektrooftalmiyaya səbəb olur (gözdə yad cisim hissi, qum hissi, ağrı, sulanma, qızartı, qapaqlarda spazm, işığa həssaslıq və getdikcə şiddətlənən ağrı). Bu vəziyyəti nəzərə alaraq hər bir halda qoruyucu eynəklər ya sipərlər istifadə olunmalıdır.

Belə eynəkləri müxtəlif növ lazer istifadəçiləri də taxmaladırlar. Təyyarəçi, dalğıclarda, şaxtada çalışanlarda illərlə sürən əmək fəaliyyəti zamanı bəzən nistaqm (göz alması qeyri-iradi hərəkətləri) göz titrəməsi, qapaqların yarı örtülü vəziyyəti, gözlərdə və başda ağrı, koordinasiya pozulması halları qeyd olunur. Lakin bu vəziyyət istirahətdən sonra adətən bərpa olunur.  Peşə xəstəlikləri arasında yaxın məsafədə müxtəlif kiçik predmetlərlə gözlərin daim gərgin işləməsi tələb olunan işçilərdə rast gəlinən proqressivləşən miopiyanı da qeyd etmək lazimdır. Mikropist, saatsazlar, zərgərlər, lupa istifadə edən mikrocərrahlar, stomatoloqlar, mühəndis, laborant, bəzi musiqiçilər, yazıçılar gözün refraksiyasından asılı olaraq risk qrupundadırlar. Belə peşə sahiblərində adətən keçib gedən akkamodasiya spazmı, müvəqqəti görmə zəifləməsi halları qeyd olunur.

Müasir zamanda yaşından və iş təcrübəsindən asılı olmayaraq İT texniklərdə, proqramistlərdə, monitor istifadəsi vacib olan peşə sahiblərində (həkimlər, təhlükəsizliyə nəzarət sistemi işçiləri, müəllimlər, bank işçiləri və s.) rast gəlinən kseroz, astenopik sindrom, quru göz sindromu və onun ağırlaşmaları peşə xəstəlikləri sırasına əlavə etmək olar.

Peşəsini sevən kəslər onun qurbanı olmamalıdır.

Aynurə Əliyeva-Oftalmoloq, tibb üzrə fəlsəfə doktoru

e-tibb.az üçün

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR