XƏBƏR

Səhərlər yaranan baş ağrılarından necə qurtulmaq olar?

date 14 Oktyabr 2019

Səhərlər yaranan baş ağrılarından necə qurtulmaq olar?

Səhərlər yaranan baş ağrıları çoxumuzun tez-tez rastlaşdığımız haldır. Bu, hansı səbəbdən ola bilər? Belə halla qarşılaşanda nə etmək lazımdır?

e-tibb.az nevroloq, uzman həkim Nərgiz Ağayevanın səhər yaranan baş ağrılarının səbəbləri və bundan qurtulmaq yolları haqda fikirlərini təqdim edir:

Adətən səhər başlayan baş ağrıları sadə bir səbəbdən olur və bu ağrıdan qurtulmaq asandır. Ancaq baş ağrılarının səbəbi ciddi bir xəstəlik də ola bilər (beyində törəmə, anevrizma).

Səhərlər yaranan baş ağrılarının bir neçə sadə səbəb ola bilər. Bunlar aşağıdakılardır:

1. Kifayət qədər yatmamaq. İnsan orqanizmin sutkada 7-8 saat yuxuya ehtiyacı var.

Siz bu qaydaya riayət edirsiniz, ancaq bir dəfə normadan az yatmısınız, onda orqanizm baş ağrısı ilə reaksiya göstərəcək. Belə halda hər hansı bir ağrıkəsici preparat kömək edə bilər, ancaq daha yaxşı olar ki, 20-30 dəqiqə ərzində yatasınız. Daha uzun yatmaq sizi halsız edə bilər. Axşam isə daha tez yatmaq məsləhət görülür.

2. Normadan çox yatmaq. Əgər siz 9 saatdan çox yatırsınızsa, beyində serotoninin səviyyəsi düşür. Nəticədə beyində qan dövranı pozulur və baş ağrısı başlayır.

Problemin həlli sadədir - zəngli saat qurmaq, hətta bazar günlərində onunla oyanmaq.

3 . Endorfinlərin, yəni sevinc hormonunun aşağı səviyyəsi. Adətən endorfinlərin ən aşağı səviyyəsi səhər saatlarında olur. Endorfinlərin az olması serotoninin düşməsinə səbəb olur. Bu problemin aradan qalxması üçün fiziki aktivlik lazımdır, səhərlər idman etmək gümrahlıq və sevinc hissi verir.

4. Xoruldamaq. Yuxuda xoruldamaq apnoe sindromunun əlaməti ola bilər. Apnoe yuxuda nəfəsin bir müddətlik dayanmasına deyilir. İnsanın nəfəsi gecə yuxu zamanı bir neçə dəfə 20-30 saniyəlik nəfəsi dura bilər, oksigen çatışmazlığı səbəbilə beyin damarları genişlənir, qan axını çoxalır və kəllədaxili təzyiq yüksəlir. Bu da nəticədə baş ağrısına səbəb olur.

5. Həddindən artıq və ya adət etdiyinizdən az qəhvə içmək. Adətən gün ərzində müəyyən qədər qəhvə içirsiniz və qəhvə asılılığından qurtulmaq üçün birdən qəhvə normanızı azaltsanız orqanizm baş ağrısı ilə reaksiya verəcək. Baş ağrılarının olmaması üçün bu vərdişdən tədricən qurtulmaq lazımdır.

6. Depressiya. Depressiyaya bağlı baş ağrıları günün müxtəlif saatında başlaya bilər. Depressiya yuxu pozulmalarına yol açır.

7. Yüksək arterial təzyiq. Yüksək təzyiq baş ağrısına səbəb olur. Əgər baş ağrılarından uzun müddət əziyyət çəkirsinizsə, mütləq həkimə müraciət edin.

 

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR