XƏBƏR

Sabah geomaqnit qasırğası olacaq: Risk qrupunda olanlara XƏBƏRDARLIQ

date 26 Sentyabr 2019

Sabah geomaqnit qasırğası olacaq: Risk qrupunda olanlara XƏBƏRDARLIQ

Növbəti geomaqnit qasırğası gözlənilir.

e-tibb.az-ın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu ilə bağlı açıqladığı məlumatda bildirilir ki, sentyabrın 26-28-də Günəş küləyi parametrlərinin əhəmiyyətli dərəcədə güclənəcəyi proqnozlaşdırılır. Küləyin sürəti 650 – 700 km/san-yə qədər artacaq.

Planetlərarası maqnit sahəsində güclü həyəcanlaşma gözlənilir.

Proqnoz dövründə geomaqnit sahədə ilk gün (26 sentyabr) ümumən sakitlik (Kp=2, 3), lakin fasilələrlə fəal şərait (Kp=4) müşahidə olunacaq. Güclənən Günəş küləyi səbəbindən CH HSS effektinin təsirindən sentyabrın 27-də günün ikinci yarısından etibarən G1-Minor səviyyəli (Kp=5) maqnit qasırğasının olacağı və fasilələrlə G2-Moderate səviyyəli (Kp=6) qasırğaya çevriləcəyi gözlənilir.

Eyni həyəcanlaşmanın sentyabrın 28-də də davam edəcəyi proqnozlaşdırılır. Həmin günün ikinci yarısından etibarən maqnit qasırğasının yaratdığı şərait nisbətən az fəal şəraitlə (Kp=4) əvəzlənəcək, günün sonuna isə ümumi sakitliyin bərpa olunacağı ehtimal olunur. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə ilk gün (26 sentyabr) 5%-dən, ikinci (27 sentyabr) və üçüncü (28 sentyabr) proqnoz günü isə uyğun olaraq 35% və 40%-dən aşağı qiymətləndirilir.

Rəsədxanadan bildirilib ki, geomaqnit sahədə maqnit qasırğasının yaratdığı belə fəal şərait enerji sistemində və peyk yayınlarında, radiorabitədə mənfi təsirlərə səbəb olur. Sürətli Günəş küləyi rejimi, maqnit sahəsinin nizamsız həyəcanlaşmaları canlı orqanizmlərə də mənfi təsir göstərir.

Bu həyəcaşlanmalar xüsusi risk qrupundan olan xəstə və hətta bəzi sağlam insanlarda baş ağrılarının və miqrenin yüksəlməsi halları kimi narahatlıqlar, yuxusuzluq, stress və depressiya tipli hissiyyat meydana gətirə bilər.

Məsləhət görülür ki, belə günlərdə qan təzyiqi gün ərzində vaxtaşırı ölçülsün və həkim nəzarəti altında müəyyən profilaktik tədbirlər görülsün, çoxlu təmiz su içmək faydalıdır, kofein və alkoqol tərkibli içkilərdən imtina etmək məsləhətdir. Həmçinin kompüter qarşısında və mobil qurğularla (planşet, smartfon və s.) az vaxt keçirmək və ağır iş yükünü azaltmaq geomaqnit sahənin həyəcanlaşmalarının sağlamlığa mənfi təsiri riskini azaldır.

 

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR