MÜSAHIBƏ

Hamilələrin müayinəsi necə aparılmalıdır? - VİDEO

date 25 Sentyabr 2019

Hamilələrin müayinəsi necə aparılmalıdır? - VİDEO

“Hamilə qadınlar hamiləliyin ilk günündən qadın məsləhətxanalarına müraciət etməlidir. Təəssüf ki, hamilə qalan xanımlarımız tez doğum evlərinə müraciət edirlər. Çünki hesab edirlər ki, 9 aydan sonra doğumu həmin həkim qəbul edəcək deyə o da nəzarət etməlidir”. 

e-tibb.az-ın xəbərinə görə, bunu APA TV-nin “Sosium” proqramında Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova deyib. O, bunun düzgün yanaşma olmadığını açıqlayıb: “Bunun üçün ərazi sahə prinsipi ilə fəaliyyət göstərən qadın məsləhətxanaları var. Qadın məsləhətxanasının həkimləri hamiləni 9 ay ərzində milli protokollara uyğun olaraq bütün terapevtik müayinələrdən keçirəcəklər. Vaxtında problem yarananda göndəriş verib ixtisaslaşdırılmış stasionarlara yönləndirəcəklər. Biz bilirik ki, hansı stasionara hansı problemi olan xəstəni yerləşdirmək olar”.

Baş mütəxəssis vurğulayıb ki, sağlam, normal hamiləliyi inkişaf edən qadın ən azı 7 dəfə həkim qəbulunda olmalıdır. Əgər qadında hər hansı problem varsa, bu yeddi yox, bir neçə dəfə artıq olmalıdır. Qadında heç bir əlamət yoxdursa, əlavə infeksiya yoxlanmamalıdır, ultrasəs  müayinəsi olunmamalıdır.

S. Məmmədova USM müayinəsinin özünün də meyarlarının olduğunu vurğulayıb: “Ümumiyyətlə, xaricdə USM müayinəsindən hamiləlik dövründə cəmi iki dəfə keçirlər. Biri hamiləliyin 12-ci həftəsində - onda həm embrionun inkişafı, uşaqda Daun sindromunun olub-olmaması, daxili orqanların inkişafı barədə məlumat əldə etmək mümkündür, bir də doğuşun olmasına bir həftə qalanda uşağın hansı mövqedə olduğunu öyrənmək üçün. Bir də görürük ki, xəstə əlində çoxlu USM müayinəsinin nəticələri ilə gəlir. Soruşanda deyirlər ki, bunlar uşağın vəziyyəti barədədir və hər şey normaldır. Yəni yalnız uşağın quruluşu və ölçülərinə baxılır. Bəs ananın vəziyyəti, onun ürəyi, böyrəkləri?”

S. Məmmədova vurğulayıb ki, müayinələr milli protokola uyğun olaraq aparılmalıdır.

Baş mama-ginekoloq proqramda abortlar, selektiv abortların qarşısının alınması məqsədilə dölün cinsinin əvvəlcədən təyini istiqamətində aparılan müzakirələr barədə fikirlərini də açıqlayıb.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR