XƏBƏR

Sabah Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi açılacaq

date 5 Noyabr 2019

Sabah Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi açılacaq

Noyabrın 6-7-də “JW Marriott Absheron Baku” mehmanxanasında səhiyyə sahəsinin peşəkarlarını bir araya gətirən Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi “Medinex” baş tutacaq.

e-tibb.az-ın APA-ya istinadən verdiyi məlumata görə, sərgidə aparıcı yerli və beynəlxalq istehsalçılar, eləcə də distribütorlar ölkənin səhiyyə klinikalarını təkmilləşdirməyə və müalicənin effektivliyini artırmağa kömək etmək məqsədi ilə öz yeni məhsul və xidmətlərini nümayiş etdirirlər.   

Sərgiyə həsr olunan mətbuat konfransında çıxış edən "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə bildirib ki, sabahdan 2 gün davam edəcək "Beynəlxalq Tibb innovasiyalar" sərgisi diqqətə səbəb olacaq:

"Bu müddət ərzində sərginin təşkilində bizə dəstək olanlara minnətdarlığımı bildirirəm. Sərgini yeni formatda, interaktiv məzmunlu keçirməyi hədəf götürmüşdük. Buna nail olduq".

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov bildirib ki, nazirlik sərginin keçirilməsinə dəstək göstərir. O qeyd edib ki, sərginin keçirilməsi səhiyyə sistemində müalicələrin yenilənməsinə kömək edəcək:

"Sərgidə 12 ölkənin 70-dən artıq şirkətinin istehsal etdiyi avadanlıqlar nümayiş etditiləcək. Səhiyyə xidmətlərinin artmasının marağındayıq. Bütün tibb müəssisələrini sərgiyə dəvət edirik".
 
Layihə rəhbəri Anar Vəliyevin sözlərinə görə, sərgidə yerli və xarici şirkətlər əməkdaşlıq baxımından yeni imkanlar əldə edə bilərlər:

"Burada Monqolustan, Yaponiya, Xorvatiya, Almaniya kimi ölkələr iştirak edəcək. Qonşu ölkələrdən Rusiya, Ukrayna və Belarus,  eyni zamanda, İran da sərgidə yer alacaq".

Layihə rəhbəri bildirib ki, builki sərgidə əsasən tibbi və laborator avadanlıqlar, stomatologiya, oftalmologiya kimi sahələr təqdim olunacaq. A.Vəliyevin sözlərinə görə, sərgi çərçivəsində bir sıra əlavə tədbirlər də keçiriləcək:

"Hər bir şirkətin məhsulunu təqdim etmək üçün imkan yaratmışıq. Bunun üçün prezentasiya zonası olacaq. Bundan başqa, "Klinikaların effektiv idarəolunması" mövzusunda Qazaxıstan və Almaniyadan spikerlər iştirak edəcək. Azərbaycandan kənarda fəaliyyət göstərən həkimlər həm tələbələr, həm də gənc həkimlər üçün öz təcrübələrini bölüşəcəklər".

Mətbuat konfransında bildirilib ki, Azərbaycan sərgidə “Made in Azerbaijan” brendi altında çıxış edən distribütor və istehsalçılar tərəfindən təmsil olunacaq.

"Medinex" sərgisi çərçivəsində Azərbaycanda gözəllik sənayesinin yeganə tədbiri - Azərbaycan Beynəlxalq Gözəllik İndustriyası “Beauty Azerbaijan” sərgisi də keçiriləcək. Sərgi çərçivəsində yerli və xarici iştirakçılar estetik tibb, uşaq kosmetikası, bədənə qulluq etmək üçün məhsullar, kosmetika, dişlərə qulluq, saçlara qulluq etmək üçün məhsullar, gigiyena və sağlamlıq, dırnaq salonları üçün avadanlıq və məhsullar, ətriyyat, peşəkar gözəllik salonları üçün avadanlıq və s. kimi sektorları təqdim edəcəklər.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR