BLOQ

Rinoplastika: Diqqət edilməli məqamlar

date 16 Fevral 2019

Rinoplastika: Diqqət edilməli məqamlar

Rinoplastikaya maraq insanın daha gözəl görünmək istəyi ilə bağlıdır. İnsan hər zaman mükəmməl üz quruluşuna sahib olmaq istəyir. Estetik əməliyyata xanımların marağının çox olması qadın psixologiyasından irəli gəlir. Kişilərlə müqayisədə, qadın daha çox seçici, diqqətli və düşünən varlıqdır, gözəl görünmək istəyir. Kişi özündə olana qane olur, qadın isə daha ali estetikanın ardınca gedir.

Rinoplastikanın populyarlığı burnun sırf üzdə yerləşməsi ilə əlaqəlidir. Biz ünsiyyət qurduqda, ilk növbədə, məhz burun və gözlər önə gəlir. Sonra ağız quruluşuna diqqət yetiririk. Qafqaz irqi olaraq üz cizgiləri içində daha çox burun ifadə olunub. Bir neçə estetik problemi olan insan öncə burnun arxasınca qaçacaq.

Rinoplastika ağır əməliyyatdır. O, həcmindən asılı olaraq 20-25 dəqiqədən tutmuş saatlarla davam edə bilər. Bu, görülən işin texnikasından, cərrahın peşəkarlığından asılıdır. Burada həm fizioloji, həm də estetik nüanslar var. Burun nəfəs almalı, qoxu bilməli, rezonator funksiya yerində olmalıdır. Estetik parametr sağlam burun məfhumuna daxil deyil. Əməliyyat pasienti həm fizioloji, həm də estetik baxımdan qane etməlidir.

Hər insanın beynində tutduğu ideal görüntü modeli var. Əldə olunan nəticə təsəvvür etdiyi idealla üst-üstə gəlmirsə, onu qəbul etməmək düşüncəsi yaranır. Rinoplastikanın nəticəsi bəzən 6 aya kimi uzana bilər. Erkən təkrar əməliyyat bu müddətdən tez icra olunmur.

Amma hər insanın istəyinə uyğun belə əməliyyatı reallaşdırmaq olmaz. Pasient seçimi olduqca incə məqamlara söykənir. Psixoloji sarsıntı keçirmiş, ailə dramı yaşayıb boşanma prosesindən sonra dəyişiklik etməyə qərar verən, yetkinlik yaşına yenicə qədəm qoymuş, simasını bəyənməyən onlarla pasiyent var. Hər hansı konkret nəticə gözləyən də az deyil, belə pasientlərin narazı qalma ehtimalı böyükdür: Hazırkı vəziyyətini bəyənməyən birisi cərrahın verəcəyi görüntünü bəyənəcəkmi?

Fikrimcə, düzgün məlumatlandırma baş verərsə, əməliyyata qərar verən insanların 40-50 faizi fikrindən dönür. Artıq rinoplastika əməliyyatı keçirmiş pasientin burnuna 2-ci, 3-cü müdaxilə çətin cərrahiyyə hesab olunur. İstənilən cərrahi profilli həkimlər normal anatomiya oxuyur. Əməliyyat keçirmiş burun artıq normal anatomiyası dəyişdirilmiş orqan sayılır. Belə bir orqanla işləmək böyük səriştə, bacarıq, nəzəri və praktik bilik tələb edir. Rinoplastika planlı əməliyyatdır, təcili və ya təxirəsalınmaz qaydada icra olunmamalıdır. Əməliyyat önü müayinələr mümkün qədər daxili sistem və orqanlarda hər hansı bir patologiyanın olub-olmadığını aşkarlamalıdır. Əks göstəriş varsa, əməliyyat birmənalı icra olunmamalı, problem aradan qalxdıqdan sonra reallaşmalıdır. Bəzi patologiyalar müalicə olunmur, ya xroniki xəstəlik sırasında olur. Bu halda pasient ətraflı məlumatlandırılmalıdır.

 

Elnur Əkbərov - Qulaq, burun, boğaz və baş-boyun cərrahı, uzman doktor

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR