BLOQ

Ramazanda  gözlərinizi qoruyun

date 1 May 2020

Ramazanda gözlərinizi qoruyun

Ramazan ayı müsəlman dünyasının müqəddəs aylarından biridir. Bu ayda insanlar oruc tutaraq həm fiziki, həm də mənəvi olaraq təmizlənir. Oruc tutanda orqanizm yenilənir. Bu dövrdə insanlar günün çox hissəsini yemək yemir və maye qəbul etmirlər. Buna bağlı olaraq da insan orqanizmində bir sıra dəyişikliklər baş verir. Eyni zamanda gözlərimizdə də bəzi dəyişikliklər olur. Əlbəttə, bu ilin hansı fəslində oruc tutmağa bağlıdır. Yəni qış mövsümündə soyuq iqlimə sahib, günün işıqlı vaxtı az olan ölkələrdə insanlar yay fəslinə nisbətən daha qısa müddətdə ac və susuz qaldığı üçün orqanizmada çox da dəyişiklik müşahidə olunmur. Yay mövsümündə hava çox istidirsə, günün işıqlı vaxtı uzundursa, o zaman insan orqanizmasında mühüm dəyişikliklər görülür.

Ramazan ayında oruc tutarkən gözdaxili təzyiqdə nə baş verir?

Daha çox  yayın isti vaxtında və daha isti iqlimi olan ölkələrdə oruc tutan insanlarda bədəndə bariz dəyişikliklər olur. Bəzi araştırmalara görə, bu dövrdə gözdaxili təzyiqdə azalma müşahidə oluna bilər. Ramazan ayının sonuna doğru insan çəkisində orta miqdarda 2 kg-a qədər azalma müşahidə olunur. Əlbəttə, bu rəqəm oruc tutan insanın qidalanmasına bağlı olaraq arta və ya azala bilər. Bəzi müəlliflər bunun da göz təzyiqinin azalmasında rolu oluğunu düşünür. Əsas səbəblərdən biri isə, bədəndə maye qəbulunun azalmasına bağlı gözdaxili mayenin əmələ gəlməsinin azalmasıdır. İkincisi isə bədəndəki yağ deposunun azalmasına bağlı prostaglandin sintezinin aşağı düşməsi nəticəsində də  göz təzyiqi azalır. Gözdaxili təzyiqin azalması ilə bağlı 2002-ci ildə Hindistan klinikalarından birində sağlam 22-38 yaşlı kişilər üzərində aparılan araştırma nəticəsində əldə edilmiştir. Eyni nəticəyə 2016-cı ildə Türkiyənin Selçuk Universitetinde apardığı araşdırmada gəlmişlər.

Ancaq Sinqapurda, Türkiyənin bəzi xəstəxanalarında müxtəlif illərdə yenə də sağlam insanlar üzərində aparılan araşdırmalarda isə gözdaxili təzyiqdə önəmli dəyişikliklərin olmadığı göstərilmişdir. Bunu isə yuxarıdakılara əlavə olaraq insanın ac qalması nəticəsində simpatik sinir sisteminin aktivləşməsi, qanda sərbəst yağ turşularının və kortizolun artmasına ilə əlaqələndirirlər.

Əgər oruc tutan insanda qlaukoma (qara su xəstəliyi) varsa, həkimin  təyin etdiyi göz damlalarını oruc tutarkən də damızdırmalıdır.

Oruc tutan insanda görmə kəskinliyində dəyişiklik olurmu?

Əksər araşdırmalar zamanı isə oruc tutan insanlarda görmə itiliyində çox dəyişiklik olmadığı müşahidə olunub.

Ramazanda gözdə quruluq şikayətləri artırmı?

Türkiyədə aparılan araşdırmalar zamanı 12 saat ac qaldıqdan sonra insanlarda göz yaşı ifrazının azalması müşahidə edilib. Əlbəttə ki, bu  proses yay mövsümündə daha çox görülür. Belə problemlər kompüter qarşısında işləyən insanları daha çox narahat edir. Bunun qarşısını almaq üçün isə kompüter qarşısında olarkən tez-tez göz qırpmaq və arada uzaq məsafələrə baxmaq, otağın havasını tez-tez dəyişmək, açıq havada olmaq, mümkün olduğu qədər yatıb-dincəlmək lazımdır.

İnsanları maraqlandıran ən önəmli məsələ isə oruc tutarkən göz damlasının orucu pozub-pozmamasıdır. Xeyr, göz damcısı orucu pozmur. Çünki gözə damızdırılan damlanın çox hissəsi xaricə çıxır, çox cüzi hissəsi gözə keçir, az miqdarı isə buruna keçə bilir. Yəni insanlar oruc tutarkən göz damlalarını vaxtı-vaxtında damızdırmalıdırlar.

Şəkərli diabet xəstələri oruc  tutarkən nə etməlidirlər?

Şəkərli diabet xəstəliyi olan insanlar oruc tutmazdan öncə endokrinoloqla məsləhətləşməli və xüsüsi proqramla nəzarətdə olmalıdırlar. Ramazan ayından 3-4 həftə, 2 həftə öncə, Ramazan ayı boyunca bir neçə dəfə və Ramazan sonrası həkim nəzarətində olmalıdırlar. Əgər səhhətində problem yaşayarsa, yenə də həkiminin məsləhəti il oruc  tutmağı dayandırmalıdırlar.

Amma oruc tuta bilirsə, xüsusi həkim nəzarəti ilə davam etməlidir. Xəstələrdə bu dövrdə qan şəkərinin anidən azalması və ya artmasına bağlı görmədə bulanıqlaşma, gözlərdə bəzən qızarıqlıq görülə bilər. Əgər xəstədə daha öncədən də şəkərli diabetə bağlı katarakta, torlu qişada patologiya varsa, bu dövrdə problem yaşadısa, mütləq oftalmoloqa müraciət etməlidir.

Ramazan ayında gözlərdə qızarıqlıq, qansızma...

Gecə yuxusunun azalması, səhər tezdən durmaq, bəzən yemək yedikdən dərhal sonra yatmaq nəticəsində öncədən gözü sağlam olan insanlarda bəzən ağlı qişada qızarıqlıq müşahidə oluna bilər. Bunun qarşısını almaq üçün yemək yedikdən sonra bir az gözləməli, gündüz boş zamanlarınızda yatıb-dincəlməlisiniz. Daha əvvəldə arterial hipertoniya (yüksək təzyiq) xəstəliyi olan insanlarda oruc tutarkən bəzən təzyiqin anidən artması nəticəsində subkonyuktival hemarragiya görülməsi də mümkündür. Bu xəstələrdə sadə dildə desək, gözə qansızma müşahidə olunur. Belə olduqda göz həkiminə müraciət elməlisiniz.

Mehriban Əlizadə-Oftalmoloq, Uzman həkim

e-tibb.az üçün

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR