XƏBƏR

Oruc tutan şəxs qan verə bilərmi?

date 1 May 2020

Oruc tutan şəxs qan verə bilərmi?

Qan, irsi qan xəstəliklərindən əziyyət çəkən insanlar üçün davamlı ehtiyacdır. Ramazan ayında da digər aylardakı kimi qan ehtiyacı davam edir.

e-tibb.az xəbər verir ki, bu barədə Milli Hematologiya və Transfuziologiya Mərkəzinin açıqladığı məlumatda bildirilir: "Bu səbəbdən Ramazanda donor olmaqla bağlı insanları maraqlandıran məsələlərə aydınlıq gətirmək istədik. Oruclu halda qanvermənin insan orqanizminə mənfi təsir edəcəyi düşünülür. Elmi araşdırmalara görə, normal şərtlər altında oruclu halda qan vermək insan sağlamlığına mənfi təsir etmir".

Məlumatda qeyd olunub ki, qan verən insan qan verdikdən sonra mütləq istirahət etməlidir. Lakin çox vacib deyilsə, qanverməni iftardan sonraya saxlamaq daha məsləhətdir. Oruclu insanlar uzun zaman ərzində susuz qaldıqlarına görə, qan verəndən sonra orqanizmdə maye itkisi olduğunu nəzərə alaraq, bu vəziyyət qan təyziqinin aşağı düşməsinə səbəb ola bilər.

 

O da bildirilib ki, Ramazan ayında qan donoru olmağın dini baxımdan faydalı olduğu söylənilir, eyni zamanda, qan vermək orucu pozmaz: "İslam dininin əsas prinsiplərindən biri də insan həyatının xüsusi əhəmiyyət kəsb etməsinin üstünlüyüdür. İslamda insan həyatını xilas etməyin, xəstəlik zamanı başqalarına kömək etməyin vacib olduğu göstərilib. Kəlamlardan birində “İnsan həyatını xilas edən bütün bəşəriyyəti xilas edir” deyilir. İlahiyyatçı alimlər İslam nəzəriyyəsinə əsaslanaraq bildirirlər ki, qan donorluğu da həyat xilas edən bir vasitə kimi həqiqətən xeyirxah bir işdir".

Məlumata görə, axşam yeməyindən (iftar) sonra qan bağışlanmasını təmin etmək məqsədilə, Milli Hematologiya və Transfuziologiya Mərkəzi Qan Xidməti müəssisələrinin iş rejimi dəyişdirilib və Ramazan ayı ərzində donorların qəbulu hətta axşam vaxtı Günəş batdıqdan sonra da həyata keçirilir: “Sən də qan donoru olmaqla qana ehtiyacı olanların qəhramanı ola bilərsən”.  

O da vurğulanıb ki, qan xidməti müəssisələrində donorların qəbulu öncədən növbə götürməklə təmin ediləcək.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR