MÜSAHIBƏ

Qalxanabənzər vəzi düyünlərinin xərçəng olma təhlükəsi var -  MÜSAHİBƏ

date 25 Dekabr 2018

Qalxanabənzər vəzi düyünlərinin xərçəng olma təhlükəsi var -  MÜSAHİBƏ

e-tibb.az saytının müsahibi endokrinoloq Nadirə Ağazadədir. O, insanlar arasında geniş yayılmış qalxanabənzər vəzin böyüməsi - zob xəstəliyi, onun əlamətləri, müalicə üsulları, zəhərli zob və tiroid düyünləri ilə bağlı sualları cavablandırıb. 

- El arasında zob kimi tanınan xəstəliyin yaranmasının əsas səbəblərindən başlayaq...

- Qalxanabənzər vəzin böyüməsi zob, yəni ur adlanır və dəyişik formalarda özünü göstərə bilir. Düyün yoxdursa, bu, diffuz ur, vəzidə düyün askarlanırsa, düyünlü ur sayılır. Zobun əmələ gəlməsində əsas səbəb yod çatışmazlığıdır. Orqanizmdə yod əskikliyi varsa, qalxanabənzər vəzi - tiroid vəzi hormonlarını sintez etmək üçün kompensator olaraq böyüməyə başlayır, nəticədə zob meydana çıxır. Diffuz toksiki zobun əmələ gəlməsində isə autoimmun və irsi mexanizmin böyük rolu var.

- Zob xəstəliyinin əlamətləri hansılardır? Bəzən endokrinoloqlar zobdan əziyyət çəkənləri xarici görünüşdən tanımağın asan olduğunu deyirlər…

- Bəli, zob xəstəliklərinin elə əlamətləri var ki, xəstənin xarici görünüşü tiroid hormonlarının az və ya normadan çox işləməsi haqqında bizə məlumat verir. Məsələn, üzün, ayaqların şişkinliyi, ləng danışıq, artıq çəki hipotireozun - qalxanabənzər vəzinin normadan az çalışmasının əlamətləridir. Gözlərin önə doğru qabarması, çəki azlığı, xəstənin aqressiv və ağlağan olması, əllərdə titrəmə, nəm dəri isə qalxanabənzər vəzinin aktiv işləməsindən xəbər verir.

- Tiroid hormonunun normadan az və ya çox olması orqanizmdə hansı fəsadlara yol açır?

- Tiroid vəzi kiçik endokrin orqan olmasına baxmayaraq, insan üçün həyati önəm daşıyan funksiyaları - böyümə və cinsi inkişafı, mübadilə və bədən temperaturunun tənzimlənməsini, sinir sisteminin normal inkişafını idarə edir. Ona görə hər bir insanın tiroid tərəfindən sintez olunan tiroid hormonlarına ömür boyu ehtiyacı var. Tiroid vəzinin az və ya çox işləməsi xəstələrdə özünəməxsus şikayətlər yaradır. Hipotireoza ən çox qadınlar arasında rast gəlinir. Xəstələr dərinin quruluğu, saçların tökülməsi, qaşların kənar hissələrinin tökülməsi, dırnaqların laylanması, dərinin sarımtıl rəng alması, şişkinlikdən şikayət edirlər. Şişkinlik, əsasən, göz qapaqlarında, gözlərin altında, bəzən də əllərdə, ayaqlarda və dildə müşahidə olunur. Hipotireozlu xəstə əvəzedici hormonal dərmanını vaxtında və düzgün qəbul edirsə, yuxarıda sadaladığımız şikayətlər müəyyən müddət ərzində keçəcək. Tiroid vəzinin çox işləməsi hipertiroid adlanır, yəni vəzi özündən normadan artıq T3, T4 hormonları sintez edərək, bədəndə bütün funksiyaların artmasına, xəstədə kliniki şikayətlərin meydana çıxmasına səbəb olur. Hipertiroid ən çox hansı şikayətlərlə özünü büruzə verir? Ümumi halsızlıq, əsəbilik, iştahanın normal olmasına baxmayaraq, arıqlama, tərləmə, istiyə dözümsüzlük, taxikardiya - ürək döyüntülərinin tezləşməsi, böyümüş vəzi, əllərdə, bütün bədəndə titrəmələrin olması, nəfəs darlığı, ishal, menstrual pozğunluqlar, göz şikayətlərinin olması - gözə qum dolma hissi, göz yaşarma, gözün önə doğru qabarması, göz qapaqlarında şişmə və s.

- Bəzən yod çatışmazlığı olanlar yataq otaqlarında yodun ağzını açıq qoyub yatırlar, yaxud qalxanabənzər vəzinin üstünə yod çəkirlər. Bunların effekti varmı?

- Qalxanabənzər vəzinin üstünə yod çəkmək, ya da yodu ağzı açıq vəziyyətdə saxlamaq mənasızdır. Aptekdə satılan yod texniki yoddur, orqanizm onu mənimsəyə bilmir. Bəzən görürsən, suyun içinə yod damcıladıb içirlər. Bu, vəzidə böyümə zamanı daha pis nəticə verə bilər. Çünki yod artıq böyümüş vəzi qıcıqlandırır və mənimsəyə bilmir. Özbaşına, həkim göstərişi olmadan yod preparatlarının qəbulu isə fayda əvəzinə, zərər verə bilər.

- Zob xəstəliyinin müalicəsi necə aparılır?

- Hipotireozlarda, yəni tiroid yetməzliyində müalicə əvəzedici hormonal dərmanlarla aparılır. Əgər bu diaqnoz qoyulubsa, dərman ömürlük içilməli, fasilə olmamalıdır. Dərmanın dozası isə həkim tərəfindən müəyyən edilir və korreksiya olunur. Çox təəssüflər olsun ki, insanlar arasında, xüsusən də rayonlarda xəstələr zob müalicəsini həkimin təyin etdiyi dərmanlarla deyil, məsələn, qurbağa ilə aparırlar. Halbuki tibdə belə müalicə növü yoxdur. Nəticədə gecikmiş, arzuolunmaz ağırlaşmalarla üzləşirik. Ümumiyyətlə, zob xəstəliyinin ev şəraitində müalicəsi yoxdur. Özbaşına, həkim nəzarəti olmadan kiminsə sözü ilə atılan addımlar nəticəsində tiroid vəzinin problemləri daha da ağırlaşıb, ciddi fəsadlarla nəticələnə bilər.

- Xalq arasında zəhərli zob kimi tanınan zob nədir? Onun tam müalicəsi varmı?

- Hipertireoz - əslində tiroid vəzinin normadan artıq hormon ifraz etməsidir. Xəstənin müalicəsi endokrinoloq tərəfindən seçilir və təqib altına alınır. Bəzi göstəricilər - xəstənin yaşı, xəstəliyin ağırlıq dərəcəsi və tiroid vəzinin böyüklüyü xüsusi olaraq nəzərə alınmalıdır. Bunlara əsasən 3 müalicə növündən biri seçilir: dərman müalicəsi (anti-tiroid dərmanlar), radioaktiv yod müalicəsi və cərrahi müalicə. Sadalanan müalicə növlərinin hər birinə göstəriş və əks-göstərişlər fərqli olduğu üçün endokrinoloq tərəfindən fərdi olaraq xəstəyə uyğun müalicə növü olunur. Əməliyyatsız, dərmanla müalicədə hər xəstədə tam və birdəfəlik effekt əldə etmək çətindir.

- Qalxanabənzər vəzinin funksiyasının pozulması hamiləliyin baş verməməsinə səbəb ola bilirmi?

- Qalxanabənzər vəzinin funksiyasının pozulması nəinki hamiləliyin baş verməməsinə, hətta hamiləliyin sağlam irəliləməsinə belə, təsir edə bilir. Belə hamilələr erkən doğuş, düşük, preeklampsiya riski ilə üzləşə bilərlər. Qalxanabənzər vəzi hormonları mərkəzi sinir sisteminin və boyun inkişafına birbaşa təsir göstərdiyinə görə müalicə olunmamış anaların doğulan körpələrində fiziki və əqli inkişaf geriliyi yaranma riski yüksəkdir.

- Hansı hallarda qalxanabənzər vəzinin düyünü şişə çevrilir?

- Tiroid düyünlərinin 5%-ində xərçəng riski olduğundan düyün aşkarlanan xəstədə başlanğıc olaraq qalxanabənzər vəzinin hormonları yoxlanılmalı və Tiroid USM edilməlidir. Düyünün xərçəng olma riskindən Tiroid USM ilə şübhələnirik, diaqnoz isə biopsiya (İİAB) ilə dəqiqləşdirilir. Ölkəmizdə tiroid düyünləri çox geniş yayılıb. Əgər tiroid düyünü olan şəxsə biopsiyaya göstəriş verilirsə, bundan qorxmamalı, göstərişə əməl edilməlidir. Bəzi kriteriyalara görə qalxanabənzər vəzi düyünləri biopsiyaya göstəriş sayılır. Bunlar hansılardır? USM-də 1 sm-dən böyük, hipoexogen düyünlər, kənarları qeyri-hamar olan düyünlər, daxilində qanlanma yüksək olan düyünlər, kalsinatı olan düyünlər, 5 mm-dən böyük düyünü olan, amma risk qrupunda olan xəstələr, böyük və sürətlə böyüyən düyünlər. Boyun nahiyəsində şüalanmaya məruz qalan uşaqlar və yeniyetmələr, irsiyyətdə tiroid xərçəngi olanlar, düyünün ölçüsündən asılı olmayaraq, yəni düyün kiçik olsa belə, biopsiya edilməlidir. Müalicə isə yalnız cərrahi əməliyyatdır.

- Cərrahi əməliyyat xərçəngin qarşısını tam alır?

- Bu, şişin növündən və zamanında aşkarlanmaqdan asılıdır. Tiroid xərçənglərinin 4 növü var: follikulyar, papilyar, medulyar və anaplastik. Ən pis proqnoz medulyar və anaplastik xərçənglərə aiddir. Medulyar xərçəngin irsiyyətlə çox bağlılığı var. Follikulyar və papilyar xərçəng isə vaxtında aşkarlansa, xəstə normal həyatına davam edir. Bu xərçəngə çox rast gəlinir. Onu da qeyd edim ki, tiroid düyünlərinin bir qismi əllə hiss olunsa da, bir çoxunu Tiroid USM vasitəsi ilə təsadüfi yoxlanış nəticəsində aşkara çıxarırıq. Hər bir tiroid düyünu olan insan bu düyünlərdə xərçəng olma riskini bilməlidir. Düyün sürətlə böyüyürsə, (Tiroid USM kontrolu altında), nəfəs darlığı, səs qalınlaşması getdikcə artırsa, 20 yaşdan öncə və 60 yaşdan sonra tiroid düyünü yaranırsa, ailədə tiroid xərçəngi faktı olubsa, baş-boyunla bağlı radioterapiya müalicəsi aparılıbsa, bu, diqqətə alınmalı, düyünə səhlənkar yanaşılmamalıdır. Bizim qalxanabənzər vəzi düyünlərini nəzarətdə saxlamağımızın başlıca məqsədi xəstəni lazımsız cərrahiyyə əməliyyatından qorumaq və xərçəngi vaxtında aşkar etməkdir.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR