XƏBƏR

Prostat xərçəngi ən çox kimlərdə ölümcül olur?- Alimlər bu suala cavab tapıb

date 3 Sentyabr 2020

Prostat xərçəngi ən çox kimlərdə ölümcül olur?- Alimlər bu suala cavab tapıb

Kişilərdə geniş bel çevrəsi prostat xəsrçəngindən ölüm faizini artırır.

e-tibb.az xəbər verir ki, bunu İngiltərədə araşdırma aparan alimlər bəyan edib. Oksford Universitetinin yaydığı məlumatda bildirilir ki, Britaniyanın Nuffield Səhiyyə Xeyriyyə Cəmiyyətinin Xərçəng Epidemiologiya Bölməsinin tədqiqatçıları 10 il ərzində 40-69 yaş arası xərçəng olmayan 218 min 225 kişinin ümumi bədən piy nisbətini, bel bölgəsi və bel-bud nahiyələrinin nisbətini əhatə edən məlumatları müşahidə ediblər.

Prostat xərçəngindən ölüm riski və bel çevrəsinin genişliyi arasındakı əlaqəni qiymətləndirmək üçün alimlər statistik məlumatları, iştirakçıların tibbi keçmişini, sosial-iqtisadi vəziyyətini və həyat tərzini öyrəniblər.Tədqiqat nəticəsində prostat xərçənginin daha geniş bel çevrəsi olan kişilərdə ölümcül olduğunu aşkar edib. Müşahidə müddəti ərzində 571 kişinin prostat xərçəngindən öldüyü, geniş bel çevrəsi olan kişilərin bu xəstəlikdən ölmə riskinin daha dar bel çevrəsi olanlara nisbətən 35 faiz daha yüksək olduğu aşkarlanıb.

Beləliklə, tədqiqat bədəndəki mərkəzi piylənmə ölçüləri ilə prostat xərçəngindən ölmə riski arasında bir əlaqə olduğunu ortaya qoyub. Tədqiqata rəhbərlik edən doktor Aurora Perez-Kornago bildirib ki, qarın və bel ətrafındakı yağ konsentrasiyası ilə prostat xərçəngindən ölüm riski arasında əhəmiyyətli bir əlaqə olduğunu tapıblar. Onun sözlərinə görə, bədənin ümumi piy kütləsi ilə prostat xərçəngindən ölüm riski arasında dəqiq bir əlaqə yoxdur və bu tapıntıları təsdiqləmək üçün daha çox fakta və araşdırmaya ehtiyac var.

Qeyd olunub ki, prostat xərçəngi İngiltərədə kişilər arasında ən çox rast gəlinən xərçəng növlərindən biridir. Ölkədə hər il təxminən 12 min kişi prostat xərçəngindən ölürsə, hər 6 kişidən biri prostat xərçənginə tutulur.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR