XƏBƏR

Pirsinq dəbdir, bəzəkdir, amma ciddi fəsadları da var

date 4 Fevral 2019

Pirsinq dəbdir, bəzəkdir, amma ciddi fəsadları da var

Pirsinq bədənin bir sıra yerində deşik açılmaqla bəzək və ya zinət əşyalarının taxılmasıdır. Bir sıra insanlar dini və ya mənəvi səbəblərdən, digərləri isə özünüifadə ehtiyacına, estetik dəyərlərə, seksual həyəcanlarını yaxşılaşdırmağa, özünü hansısa submədəniyyətə aid etməyə və ya ona etiraza görə pirsinq etdirirlər.

Dəriyə, qulaqlara, dodağa, buruna, göbəyə və bədənin müxtəlif yerlərinə pirsinq etdirməsinə minilliklər boyu bir çox xalqlarda və mədəniyyətlərdə rast gəlinir. Bu dekorativ xüsusiyyətli əlavələrdən etnik qrup və tayfaların dini ritualları və ya sosial statusun dəyişməsini qeyd edən mərasimlər zamanı istifadə olunurdu.

Pirsinq ənənələri II Dünya müharibəsindən sonra ilk növbədə gey-submədəniyyətin nümayəndələrinin arasında populyarlıq qazandı. Hətta o dövrdə qulaqların deşilməsi qadınlar üçün ictimai cəhətdən qəbuledilməz hesab edilirdi. Sonradan pirsinq yenidən məşhurlaşmağa başladı, dəbə və tendensiyalara tabe edildi.

Müasir pirsinq çeşidləri isə daha çox cavan nəsil tərəfindən istifadə olunur. 2009-cu ildə Almaniyanın Leypsiq Universitetinin əhali arasında keçirdiyi sorğu nəticəsində qadınların 9%, kişilərin 3%-nin bədənlərinin müxtəlif yerlərinə pirsinq taxdıqları müəyyənləşmişdi. 14-24 yaşlı qadınlar arasında pirsinq modifikasiyası 35%, 25-34 yaşlı qadınlar arasında isə 22,5% təşkil edir. Kişilər isə daha çox 25-34 yaşlarında pirsinq etdirirlər (9,3%).

Əslində pirsinq invaziv prosedurdur və bədəndə allerqik reaksiya, kəsik və ya çapıq izlərinin yaranması ehtimalı böyükdür. Ancaq müasir qaydalar və ehtiyat kimi tibbi tədbirlər risklərin yaranmasını minimuma salır. Pirsinq olunan yerin sağalması deşiyin harada olmasından asılıdır: belə ki, genital pirsinqin sağalması 1 aydan az çəkirsə, göbək pirsinqi 2 ilə tam sağalır.

Sağalma zamanı baş verən problemlər çox vaxt deşik yarasına yanlış qulluqla bağlı olur. Çünki deşilmiş yara müxtəlif virusların çoxalması üçün münbit və əlverişli yerdir. İltihab prosesini əvvəlcədən istisna etmək üçün təzə edilmiş pirsinqə ardıcıl qulluq tələb olunur. İki həftə ərzində ən azı gündə iki dəfə yaranı xüsusi dezinfeksiyaedici vasitə ilə yumaq, tam sağalana qədər təmizləyici kremlərdən istifadə etmək, eləcə də su və ultrabənövşəyi prosedurlardan bir müddət imtina etmək məsləhət görülür.

Güclü qızartılar və ya ağrılar zamanı dərhal həkim-dermatoloqa müraciət etmək lazımdır.

Pirsinq düzgün şəkildə edilməyibsə, müxtəlif fəsadlara səbəb ola bilər. Kofein, alkoqol və başqa narkotiklərin, eləcə də qanı durulaşdıran medikamentlərin təsiri altında edilmiş deşmə nəticəsində qan dövriyyəsi və laxtalanma prosesi xeyli pisləşə bilər. Pirsinq iynəsinin yanlış olaraq dərinin daha dərin qatlarına yeridilməsi nəticəsində şişkinlik və cüzi miqdarda qanaxma baş verə bilər, ancaq tibbi vasitələrlə vaxtında edilmiş sterilizasiya və dezinfksiya tədbirləri, bu cür şişkinliklərin və mümkün ola biləcək fəsadların qarşısını tezliklə alır.

Qulağın qığırdaqlarında edilmiş pirsinq iltihaba gətirib çıxara bilər. Həmçinin qaş, yaxud burun nahiyəsinə edilən pirsinq zamanı, iti iynənin üçlü sinirə toxunması və zədələməsi riski var. Xüsusən üz nahiyəsində pirsinq edilməsinin müəyyən şəraitdə fleqmona (dərialtı toxumalara infeksiya keçməsi və yayılması) ilə nəticələnməsi mümkündür. Ağız boşluğunun pirsinqi bəzi zədələnmələrə yol açsa da, bədənin deşilməsindən sonra da xoşagəlməz izlər qala bilər. Bəzən deşilən yerdə ciddi allergik reaksiya (şişmə, bədənin müəyyən hissəsində ümumi qızartı və iltihab) baş verməsi ehtimalı var.

Bundan başqa, sepsis pirsinqin ən yayılmış və sıx müşahidə olunan neqativ nəticəsidir. Bu yoluxucu xəstəlik çox ağır formada keçir.

Hepatitə və QİÇS-ə yoluxmuş xəstələrə pirsinqin tətbiqi əks göstərişdir. Sterilizasiyanın başdansovdu edilməsi, son nəticədə yoluxmanı qaçılmaz edir. Məhz buna görə də bir çox ölkədə pirsinq etdirənlər donor ola bilmirlər. Artıq bütün dünyaya yayılmış tapança ilə deşmə üsulu da böyük yoluxma təhlükəsi daşıyır. Bu alətlər qeyri-steril olduğundan professional pirserlər onun tətbiqindən imtina edirlər.

Şotlandiyalı Eleyn Devidson ən çox pirsinq etdirən qadın kimi Ginnesin Rekordlar Kitabına düşüb. İlk dəfə onun rekordu 2000-ci ildə qeydə alınıb. O zaman 462 pirsinqdən 192-si baş və üzün ətrafında olub. 2005-ci ildə onun bədənində 3950, 2008-ci ildə 5920 pirsinq olub. 2012-ci ildə isə onun bədənində pirsinqin sayı rekord həddə - 9000-ə çatıb. Eleyn bütün bəzəkləri eyni anda taxanda onların çəkisi təxminən 3 kq təşkil edir.

Kişilər arasında Almaniyada yaşan Rolf Buxhols özünün ekstraordinar görünüşü ilə fərqlənir. 51 yaşında bədənində yüzlərlə bəzək əşyası daşıyırdı. Ən maraqlısı isə odur ki, pirsinq üçün istifadə olunan top, ştanq və üzüklərin 2/3-si onun cinsi orqanlarında yerləşir. Bundan başqa, onun bədən modifikasiyaları təkcə pirsinqlə məhdudlaşmır: Rolfun bütün dəri örtüyü müxtəlif ölçülü döymələrlə alabəzək edilib, başına isə hətta şeytan buynuzları şəklində olan dərialtı implantlar yeridilib.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR