BLOQ

Panik atak və ölüm qorxusu: Məndə də panik atak var?

date 23 May 2020

Panik atak və ölüm qorxusu: Məndə də panik atak var?

Panik atak niyə bu qədər çox yayılıb? Ətrafımızdakı insanlardan da tez-tez bunu eşidirik, “hə, məndə də panik atak var”. Panik pozuntunun cəmiyyətlərdə rast gəlmə nisbəti  3,5-4%dir. Yəni hər yüz insanın üçündə, ya da  dördündə görülür. O zaman hər iki insandan birinin dilə gətirdiyi bu hal nədir? Təşviş-qorxu yaşadığımızda  bədəndə

Ürək döyüntüsü , ürəyin yerindən çıxacaq kimi vurması

Titrəmə, əsmə

Tərləmə

Boğulma hissi, dərindən nəfəs ala bilməmə

Sinədə ağrı ya da sıxılma hissi

Ürək bulanma , qarın ağrısı

Baş hərlənməsi, başda keyimə, kütləşmə

Özündən gedəcək kimi olma  və s. kimi  təşviş əlamətləri olması normaldır. Bu reaksiyalar gözlə görülən bir qorxuya qarşı olduğu üçün insanlar bunu normal qarşılayır və öz özlüyündən keçib gedəcəyini keçmiş təcrübələrindən bilərlər.

Bəzən isə heç bir gözlə görülən qorxu obyekti olmadan, yəni durduğu yerdə, yuxarıda sadaladığımız bədən əlamətləri hiss edilə bilər. Belə hallarda isə insanlar təşvişə düşməyə meyl edirlər. Bu əlamətləri qorxulu bir xəstəliklə əlaqələndirirlər .Məsələn, təşvişlənən insan ürəyini müşahidə altına alar. Məqsədi isə ürək döyüntüləri daha da artmır ki, təzyiq artmır ki, düşüncəsi ilə buna nəzarət etmək və qarşısını almaqdır.  Ancaq bu tərs təsir göstərir, yəni nəbzi, təzyiqi tez-tez yoxladıqda və ya gün ərzində mütəmadi olaraq müşahidə altında tutduqda təşvişin bu əlamətləri tam tərsinə artır.

Xalq arasında ani olan bir qorxu halı “panikaya düşdüm” deyilərək panik atakla eyniləşdirilir. Əslində isə, panik atak adından da məlum olduğu kimi atak şəklində başlayır. Ortalama 15-20 dəqiqə çəkən atak sırasında çox güclü bir ölüm qorxusu , ürək infarktı keçirmə, iflic olma, özündən getmə, boğulma , oksigen ala bilməmə kimi ağır bir qorxu yaşanır. Belə vəziyyətdə tək çarə olaraq təcili yardım çağırmaq görülür. Panik atak xəstələri biz psixiatralara müraciət edənə qədər dəfələrlə kardioloqa, nevropatoloqa müraciət etmiş, elektrodioqramma, exokardiografiya, MRT, Kompüter tomografiyası , qastroskopiya, Rentgen və s. kimi bir çox müayinələrdən dəfələrlə keçmiş olsalar da, heç bir patologiya aşkarlana bilmir. Ancaq xəstə panik atak keçirməyə davam edər.

Panik atak xəstəliyi 3 fərqli əlamətlər qrupu ilə müşaiyət oluna bilər

1) Ürək əlamətləri ilə gedən forma- bu halda nəbz və təzyiq çox yüksəlmiş olur. Xəstə ürək infarktı keçirəcəyinə ya da ürəyi  partlayaraq öləcəyinə inanır. Qorxu və panika hissiyyatı dözülə bilməyəcək qədər şiddətlidir. Sinədə yanma, ağrı, sıxılma hiss edilə və ya sol qola yayılan keyimə hissi ola bilər.

2) Ağciyər əlamətləri ilə gedən forma- kəskin nəfəs darlığı və boğulma hissi ilə başlayar. Xəstələr bu halı “sanki boğazımda düyün kimi bir şey ilişib qalıb, yada boğazımdan tutub boğurlar” şəklində ifadə edirlər. Bu hallarda oksigen ala bilmək üçün qapı pəncərini açma, səthi, tez-tez nəfəs almağa çalışılır. Boğularaq öləcəyinə inanılır və ağır bir qorxu hissi olur.

3)Beyin əlamətləri ilə gedən forma- Başda keyimə, uyuşma, sancma kimi hissiyyatlar olur. Xəstələr beyin iflici keçirməkdən və ya ağlını itirib, dəli olmaqdan qorxarlar.

Panik atak çox vaxt 10-15 dəqiqə ərzində zirvə həddinə çıxar, daha sonra isə azalaraq sovuşar. Ancaq ataklar sırasında xəstələr çox vaxt təcili yardım çağırma ehtiyacı hiss edərlər. Bəzən isə gecə yuxudan oyandıran panik ataklar müşahidə oluna bilir. Panik atak xəstələri bir müddət sonra uzaq məsafələrə getməkdən, metro lift kimi qapalı sahələrə girməkdən, hətta yanlarında biri olmadan, tək evdən çıxmaqdan qorxmağa başlayarlar. Panik atağın bu formasına isə agarofobiyalı panik atak deyilir.

Panik atak muasir dönəmdə psixiatrik  və psixoterapia mualicələri  ilə tam aradan qaldırıla bilən bir xəstəlikdir.

Azər Bağırov-Psixiatr, Uzman həkim

e-tibb.az üçün

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR