XƏBƏR

Müalicəsi olmayan xəstəliyin 4 əsas ƏLAMƏTİ

date 11 Aprel 2019

Müalicəsi olmayan xəstəliyin 4 əsas ƏLAMƏTİ

 

Bu gün Ümumdünya parkinson xəstəliyi ilə mübarizə Günüdür.

Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə hər il aprelin 11-i Parkinson Xəstəliyi ilə Mübarizə Günü kimi qeyd edilir. Həmin günün keçirilməsi xəstəlik barədə ictimaiyyətin məlumatını artırmaq, xəstələrə, onların ailələrinə dəstək olmaq, onun nəticələrini aradan qaldırmaq məqsədi daşıyır.

Mübarizə gününün aprelin 11-də qeyd olunması xəstəliyi təsvir edən ingilis alimi Ceyms Parkinsonun doğulduğu günlə (1755-ci il aprelin 11-i) bağlıdır. Alim XIX əsrin əvvəllərində xəstəliyi “titrəyən iflic” adlandırıb.

Parkinson dayaq-hərəkət sistemin pozulması ilə xarakterizə olunan xəstəlikdir. Ona daha çox yaşlılar arasında rast gəlinir, lakin son illər bütün dünyada xəstəliyin əlamətləri ilə daha erkən - 40, hətta 35 yaşda da üzləşmək mümkündür.

Xəstəlik əlilliyə səbəb olur, lakin insanın şüuru pozulmur. Son illər planetdə qocaların say çoxluğu ilə əlaqədar olaraq parkinson xəstəliyi əsl sosial problemə çevrilib.

Parkinson xəstəliyi neyroendogen xəstəliklər qrupuna daxildir. Xəstəlik insan beynində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir.

Parkinson xəstəliyinin 4 əsas əlaməti mövcuddur:

- Əl, qol, ayaqlar və çənənin əsməsi

- Bədən, qol və ayaqların sərtləşməsi
- Hərəkətlərin yavaşlaması

- Müvazinətin koordinasiya edilməsində çətinlik yaranması

Parkinson xəstəliyinin əlamətləri özünü əvvəlcə yüngül formada göstərir. İlk olaraq əllər birtərəfli qaydada, xəstəlik inkişaf etdikcə isə ikitərəfli qaydada əsməyə başlayır.

Hərəkət zamanı addımlar qısalır, mimikalar azalır, iybilmə qabiliyyəti zəifləyir.

Parkinson xəstəliyindən əziyyət çəkənlər mütəmadi olaraq depressiyaya düşürlər, xırıltılı səslə danışırlar, qəbizlik problemi yaşayırlar, yuxusuzluqdan əziyyət çəkirlər.

Parkinson xəstələrinin dərisində həddən artıq yağlanma da müşahidə olunur.

Parkinson xəstəliyi adətən 50 yaşından sonra yaranır, yaşı 50-dən aşağı olan insanlarda bu xəstəliyə, demək olar ki, rast gəlinmir.

Nadir hallarda gənclərdə də parkinson xəstəliyinə təsadüf edilir.

Bir neçə il əvvəl aparılan araşdırmalar zamanı beyin sarsıntılarına səbəb olan travmalarla parkinson xəstəliyi arasında əlaqənin olduğu müəyyən edilib. Araşdırmanın nəticələrinə görə, başından travma alan şəxslərin parkinson xəstəliyinə tutulma ehtimalı daha yüksəkdir.
İndiyə kimi parkinson xəstəliyinin dəqiq müalicəsi tapılmayıb.

Mütəxəssislər dopamin azlığının qarşısını almaq üçün dərman vasitələrindən istifadə edirlər. Lakin xəstələr dərman qəbuluna adekvat reaksiya vermədikləri təqdirdə cərrahiyyə əməliyyatı keçirilir.

Məşhur amerikalı boksçu Məhəmməd Əli 32 il parkinson xəstəliyindən əziyyət çəkib.

 

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR