XƏBƏR

Mövsüm dəyişikliyi ilə bağlı xəstəliklərdən necə qorunmaq olar?

date 23 Sentyabr 2020

Mövsüm dəyişikliyi ilə bağlı xəstəliklərdən necə qorunmaq olar?

Artıq payız fəslinə qədəm qoymuşuq. Havalar soyumağa başlayır və fəsil dəyişkənliyi insanların orqanizmində müəyyən dəyişikliklərin baş verməsinə səbəb olur. Ona görə də, fəsil dəyişkənliyində bəzi qaydalara əməl edərək sağlamlığımıza diqqət yetirməliyik. Havalar soyuduqca bədənin müqaviməti azalır. Orqanizm zəiflədiyi üçün xəstəliyə yoluxma halları çoxalır.

e-tibb.az xəbər verir ki, bunu kardioloq, Mərkəzi Gömrük Hospitalının Poliklinika rəisi Tamilla Əliyeva bildirib.

Mövsüm dəyişikliyi ilə bağlı xəstəliklərdən qorunmaq yolları barədə danışan həkim qeyd edib ki, payız mövsümünün xarakterik xəstəliklərinə soyuqdəymə, faringit, sinuzit, bronxit və pnevmoniya aiddır. İqlim dəyişkənliyini insanlar çəkisindən, orqanizmin immunitet səviyyəsindən asılı olaraq müxtəlif cür keçirirlər: “Bəzi insanlarda bu özünü halsızlıq, yorğunluqla göstərsə də, bəzilərində yuxusuzluq, iştahsızlıq və depressiya ilə müşahidə olunur. Çox vaxt soyuqdəymə ilə başlayan və fikir verilmədikdə ağır fəsadlar yarada bilən yoluxucu xəstəliklər yayılmağa başlayır”.

Həkim bildirib ki, soyuqdəymə və qripin əlamətləri halsızlıq, bədən hərarətinin qalxması, boğazda yanma, burun tutulması, axması və əzələ ağrılarıdır: “Mədə-bağırsaq sisteminin xəstəlikləri, ürək-damar, böyrək və xroniki xəstəlikləri olanlar, şəkərli diabet və qan təzyiqindən əziyyət çəkənlər bu fəsildə daha diqqətli olmalıdırlar. Çünki, belə xəstəliklər əsasən bu fəsildə kəskinləşir və orqanizmdə müəyyən narahatlıqlar yaradır. Belə ki, virusa yoluxan orqanizm zəifləyir, gücdən düşür və temperatur dəyişkənliyinə hazır olmadığı üçün müxtəlif xəstəliklərə yoluxma ehtimalı artır. Qripin yoluxma səbəbi hava-damcı yolu ilə keçən infeksiya və ortaq istifadə edilən əşyalardır. Buna görə də qripə yoluxmuş adamdan uzaq gəzmək, tibbi maska və əlcəklərdən istifadə etmək, gigiyena qaydalarına riayət etmək vacibdir”.

Mütəxəssis qeyd edib ki, payızda yayılan xəstəliklərə yoluxmamaq üçün mövsümə uyğun geyinmək lazımdır: “Paltarlar nə çox nazik, nə də çox qalın olmalıdır. Yaxşı olar ki, evdən çıxanda özünüzlə pencək və ya gödəkçə götürəsiniz. Belə olduqda, qəfil külək və ya yağış sizin gəzintinizə mane ola bilməz”.

Onun sözlərinə görə, havaların soyuması nəticəsində yaranan xəstəliklərin qarşısının alınması üçün qida rasionuna da diqqət yetirmək çox vacibdir: “Uşaqlar, qocalar və xroniki xəstəliyi olan insanlar payızda sağlamlıqlarının qorunması üçün düzgün qidalanmalıdırlar. Çünki hava dəyişdikcə insan orqanizmində vitamin və minerallara ehtiyac artır. Biz bu ehtiyacları qida vasitəsilə ödəməliyik. Gündəlik qida rasionuna mütləq kök, kələm, bibər, çuğundur, göyərtilər, ağartı məhsulları  daxil olmalıdır. Bununla yanaşı, təbii meyvə şirələrindən istifadə edilməlidir.

Təbii bitki çayları, salatlar da orqanizmin vitamin ehtiyacını ödəyir. Payız fəslində orqanizmin vitamin və mineral ehtiyacını ödəmək insanları qışda ağır xəstəliklərdən qoruyur. Meyvələrdən üzüm, nar, qırmızı giləmeyvə, moruq xəstəliyə yoluxma riskini azaldır. İmmuniteti zəif olan uşaq və yaşlı insanların vitaminlərə, xüsusən də C vitamininə daha çox ehtiyacı vardır. Ona görə də, bu vitaminin daha çox qəbuluna çalışmaq lazımdır. Havalar soyuyanda insanlar ev şəraitindən çıxmaq istəmirlər. Məsləhətdir ki, evdə oturmayıb, isti geyinib açıq havada çox olun, fiziki aktivliyə üstünlük verin. Sağlam qidalar qəbul edin. Yayda və payızda vitamin ehtiyatınızı tutun ki, immunitetiniz güclənsin və qışda çox xəstələnməyəsiniz. Bütün bunlara əməl etsəniz, qışı sağlam keçirəcəksiniz”.