XƏBƏR

Körpələrdə bu əlamətlərə DİQQƏT!

date 22 Noyabr 2020

Körpələrdə bu əlamətlərə DİQQƏT!

Körpələrin düzgün, sağlam inkişafı bir çox amillərdən asılıdır. Uşaqlarda əsas sağlamlıq problemlərin də körpəlik dövründə ortaya çıxdığı, ilkin əlamətlərlə özünü büruzə verdiyi bildirilir. Məlumatlı olmaqla həmin əlamətlərdən vaxtında xəbər tutmaq olar.  

e-tibb.az körpələrin sağlam inkişafına dair daha bir məqaləni - "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) hazırladığı tövsiyələri təqdim edir:

Sağlam körpə 4 ayında insanlara maraq göstərməyə və onlarla ünsiyyət qurmağa çalışır, bəzən isə tanımadığı insanları gördükdə ağlayır.

4 ayında uşaq əllərini açır, bir əli ilə o biri əlinə toxunur. Əlində oyuncaq saxlaya və əmziyi ağzından çıxarıb yenidən ağzına qoya bilir.

4 aylığında göz əzələləri inkişaf etdiyi üçün bəzi uşaqlarda görünən çəpgözlük yoxa çıxır, göz almalarının hərəkəti sinxron olur. Əvvəl sarı, qırmızı, sonra isə yaşıl və göy rəngləri seçir. Oyuncaq seçimində üzərində 4 rəngdən çox olmayan oyuncaqlara üstünlük verilməlidir.  

Yuxu müddəti 16 saata qədər qısalır və yuxu arası fasilələr saat yarıma qədər uzanır. 

Bəs uşağın inkişafına necə dəstək vermək olar?

Uşağın inkişafına dəstək vermək üçün tövsiyələr:

− körpənin beşiyi üzərində, rəngli və səs çıxaran oyuncaqlar asın;

− körpənin emosional sferasını inkişaf etdirən oyunlar oynayın,

− yerə iri ölçüdə bir parca salıb uşağı onun üzərinə goyun və oyuncaqlarını yerləşdirin;

− massaj edin və bu müddətdə onunla söhbət edin;

Aşağıdakı əlamətləri gördükdə həkimə müraciət edin:

− başını saxlaya bilmirsə;

− uzandıqda bədənini qaldırmağa cəhd etmirsə;

− çevrilmirsə;

− səs mənbəyinə maraq göstərmirsə;

− oyuncağı tutmağa cəhd etmirsə.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR