BLOQ

Koronavirusa psixoloji reaksiyalar: Narahatlıq da qədərində olsun...

date 17 Aprel 2020

Koronavirusa psixoloji reaksiyalar: Narahatlıq da qədərində olsun...

Koronavirus epidemiyası səbəbindən cəmiyyətdə qorxu və panika da virus kimi yayılmağa başladı. Buna cavab olaraq psixoloji reaksiyalar yaş, cinsiyyət və sosioekonomik olaraq müxtəlif təbəqələrdə bir-birindən fərqli şəkildə təzahür etsə də, narahatçılıq, qeyri-müəyyənlik və qorxu ortaq göstərdiyimiz emosiyalar oldu.


Qorxu və narahatçılıq xoş hissiyyatlar olmasa da, müəyyən miqdarda olması bizim həyatda qalmağımıza şərait yaradır.
Ancaq səviyyəsi aşıldığında panika vəziyyəti yaranır və qoruyuculuğu olmadığı kimi, günlük işlərimizi də həyata keçirməyimizə mane olur. İmtahana hazırlaşan tələbəni düşünün - əgər heç həyəcan hiss etməzsə, yəni tam laqeydlik halında imtahana hazırlaşmayacaq və nəticə almayacaqdır. Digər tərəfdən, həddindən çox təşviş yaşayarsa, bu səfər diqqətini cəmləməkdə çətinlik çəkəcək hazırlaşma keyfiyyəti bir xeyli aşağı düşəcəkdir.
Koronavirus infeksiyası əlamətləri ilə oxşarlıq göstərərək çaşqınlıq yarada biləcək psixoloji
vəziyyətlərdən biri panik atakdır. Panik atak əsnasında çox vaxt döş qəfəsində ağrı, ürək çırpınması, tərləmə, nəfəs darlığı və boğulma hissi olur.

Bu isə insanların ağlına “görəsən, mənə virus keçdi” sualını gətirərək panika hallarının artmasına səbəb ola bilər. Bu səbəbdən bütün dünyada panik pozuntusu olanların xəstəxana və təcili yardım şöbələrinə müraciətlərinin artması gözlənilir.

Covid-19 infeksiyasının ağırlaşdıracağı psixoloji narahatçılıqlardan biri də obsesiv kompulsiv xəstəlikdir. Bu xəstəliyi olan insanlar adi vaxtlarda da infeksiya keçməsi qorxuları ilə şəxsi gigiyena və ev təmizliyini həddindən çox edən etdikləri üçün, hazırki qeyri-adi zamanlarda “təmizlik takıntıları”nın artış göstərmə ehtimalı mövcuddur.
Vəziyyətdən ən çox təsirlənəcək psixopatologiyalardan digəri isə ipoxondrix nevrozdur. İpoxondrix pozuntu əlamətləri olan insanlar, bədənlərində hiss etdikləri hər hansı bir ağrı, keyimə, yanma kimi hissiyyatlar olduğunda ilk ağıllarına gələn ən ağır xəstəlik olur. İnternet araşdırması edərək bu xəstəliyin əlamətlərini özlərində axtarmağa  başlayırlar. Tez -tez tibbi muayinələrdən keçirlər, heç bir patologiya aşkar olunmasa da, rahatlama halı qısa çəkir və ağrı hiss etdiklərində əvvəlki qorxuları geri gəlir. Bu üç qrupun özlərini xüsusi ilə stresdən qorumaları vacibdir, əyər stresin öhdəsindən gəlməkdə çətinlik çəkirlərsə bir psixiatr və ya psixoterapevtdən kömək istəmələri lazımdır .
Bu səbəbdən Covid-19 virusu ilə əlaqəli bir çox dövlət, öz əhalisi arasında balanslaşdırılmış məlumatlandırma aparmağı hədəfləyir.
Yəni həm panika yaranmaması, həm də xəstəliyə qarşı laqeydlik yaranaraq özünü mühafizə qaydalarına riayət edilməməsinin qarşısını almaq. Bunun üçün düzgün məlumatı əldə etmək çox vacibdir. Yəni ən son çıxan məlumatı anında izləmək yerinə gün ərzində bir-iki dəfə ümumi vəziyyəti izləmək daha məqsədəuyğun olacaqdır. Xroniki stresin depressiya və təşviş pozuntuları üçün risk yaratdığını unutmamaq lazımdır. Bu səbəbdən streslə mübarizə etmək yollarını öyrənmək və tətbiq etmək vacibdir.

 

Azər Bağırov-Psixiatr, Uzman həkim 

e-tibb.az üçün

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR