MÜSAHIBƏ

​​​​​​​Kişilər ən çox hansı prosedur üçün kosmetoloqa üz tuturlar? - MÜSAHİBƏ

date 6 Fevral 2019

​​​​​​​Kişilər ən çox hansı prosedur üçün kosmetoloqa üz tuturlar? - MÜSAHİBƏ

Deyirlər, çirkin qadın yoxdur. Sadəcə, gözəl görünməyi bacarmayan, baxımsız qadın var. Gözəl və baxımlı olmağın bir yolu da kosmetoloqa müraciət edərək, peşəkar dəstək almaqdır. Bəs xanımlar kosmetoloqa daha çox hansı problemlə üz tuturlar? Fraksional lazer, PRP, mezoterapiyalar və digər prosedurların hansı faydaları var? E-tibb.az bu suallarla həkim-kosmetoloq Xariqə Quliyevaya müraciət edib.

- Xanımları ən çox narahat edən dəri problemi hansıdır?

- Xanımlarımızı ən çox narahat edən üzdəki ləkələrdir. Etiraf edim ki, kosmetologiya ləkələr qarşısında hələ də acizdir. Yəni ləkə elə bir problemdir ki, uzun müddət üzərində işləməlisən, səbr tələb edir. Ümumiyyətlə, piqment ləkləri bizim qadınlarımızda daha aktivdir. Çünki dəriyə düzgün qulluq olunmur, Günəşdən müdafiə kremlərindən çox istifadə etmirlər. İstifadə edənlər belə, düzgün etmir. Səhər evdən çıxanda bir dəfə vurur, vəssalam. Halbuki günəşdən müdafiə kremləri 2 saatdan bir yenilənməlidir. Ləkəni gizlətmək üçün üzü makiyajla doldururlar. Bizim xanımlar problemi gizlətməyi daha çox sevirlər, nəinki kökündən həll etməyi. Halbuki tonal kremə verdiyi pulu hansısa prosedura verib, problemi aradan qaldıra bilər.

- Piqment ləkələrini hansı kosmetoloji prosedurlarla aradan qaldırmaq mümkündür?

- Əvvəla deyim ki, öddə, qaraciyərdə olan problemlər, zob, günəş kremindən düzgün istifadə etməmək, qanazlığı, siqaret, gecə az yatmaq, kompüterdə çox işləmək piqment ləkələrində aktivləşməyə səbəb olur. Bu ləkələr nəinki yay, qış günəşi də zərərlidir. Hiperpiqmentasiyanın aradan qaldırılması üçün ən təsirli variantlardan biri fraksional lazerdir. Bu prosedur zamanı lazer ucluqlarla dəridə milyona yaxın gözəgörünməyən dəlik açılır və dəri yandırılır. Düşünün ki, bir mələfəni hər tərəfdən 8 kişi tutub dartır. Fraksional lazerdən sonra dəri o dərəcədə gərilir. 1 milyon dəlik yığılmağa başlayanda dəri də öz həcmindən də artıq kiçilməyə başlayır. Kosmetoloji prosedurlar arasında ən sevdiyim üsul fraksional lazerdir. Bu üsulla dəridə çox gözəl nəticələr əldə etmək olar. Sadəcə xanımlarımız izsiz, ağrısız prosedurlara üstünlük verirlər. Fraksional lazer isə elə deyil. Üzə anesteziya kremi vurulur. Prosedur zamanı dözüləcək ağrı olur. Onu elətdirəndən sonra gərək 4 gün evdən çölə çıxmayasan. Üzdə qızarıqlıq, şişkinlik olur. 4 gün su vurmaq olmaz. Səhər-axşam xlorqeksidinlə üzü silmək lazımdır. Aynaya baxmaq istəməyən xanımlar 4 gündən sonra güzgüdə özlərini görəndə sevinəcəklər. Üzə düz relyef və ton verir, sallanmaları, ağız bucağında yaranmış qırışları, göz altı qaralmaları aradan qaldırır. Fraksional lazerin etdiyini heç bir inyeksion prosedur edə bilmir. Aknedən sonra yaranmış çapıqlarda, anadangəlmə məsaməli və yağlı dərilərdə çox gözəl nəticə əldə olunur. Ləkələr əleyhinə tərkibində arbutin olan biorevalitizayalar, pilinqlərdən də istifadə edirik. Sonda təkanverici prosedur kimi plazmaterapiya – PRP edilir.

- PRP nədir və dəriyə nə kimi faydaları var?

- PRP həm kosmetik, həm də müalicəvi məqsədlə istifadə edilən tibbi prosedurdur. Onun mahiyyəti insanların öz qanının plazmasından trombositləri alaraq, müalicə olunacaq bölgəyə inyeksiya etməkdir. Damardan qan götürülür, sentrifuqadan keçirilərək, qan laxtalanmasını təmin edən trombositlər ayırd edilir. Qandan ayrılan trombositin üzərinə xüsusi aktivləşdirici maddə əlavə olunur və lazımlı bölgəyə inyeksiya olunur. Bu prosedurun qırışlarda azalma, dəridəki ləkələrin açılması, dəri rəngində parlaqlıq, dərinin elastikləşməsi kimi müsbət təsirləri var. PRP yaşlılığın profilaktikası, stressdən korlanmış dəri, plastik əməliyyat, günəş, yanlış kosmetik vasitələrin əks təsirindən korlanan dərinin müalicəsi, dərinin həddən çox quruluğu, incə qırışların aradan qaldırılması, sızanaq çapıqlarının müalicəsi, saç tökülməsi və digər problemlər zamanı tətbiq edilir. 

- Əvvəllər xanımlar süni gellərə daha çox üstünlük verirdilər. Sonradan maariflənmə nəticəsində sanki azalma oldu. Bəs indi də sizə süni gel üçün müraciət edən xanımlar var?

- Düzdür, əvvələ nisbətən indi süni geldən istifadə edənlərin sayı azalıb. Amma təəssüf ki, hələ də süni gel vurdurmaq istəyənlər var. Mən şəxsən süni geldən istifadə etmirəm. Başa da salıram, deyirlər nə olsun, bu qədər pul verəcəm, amma tez keçib gedəcək. Onların tərkibində sintetik, kimyəvi maddə var. Bu preparat dəriyə vurulandan 1 ay sonra dərinin altında bərkiyir, fibrozlaşma gedir, toxumalarında bərkimə əmələ gəlir. Süni gel vurulandan sonra dəridən, orqanizmdən xaric olmur. Bundan xilas olmaq üçün fibroz toxumaları cərrahi yolla çıxarmaq lazımdır. Bəzən isə bu yol da mümkün olmur. Amma hyaluron turşusu bir neçə aydan sonra dəridən sovrulmağa başlayır.

- Maraqlıdır, kişilər daha çox hansı prosedurla bağlı kosmetoloqa müraciət edirlər?

- Kişilər daha çox botoks, lazer epilyasiyası və fraksional lazer etdirirlər. Kişi pasientim var-tanınmış müğənnidir, ildə bir neçə dəfə fraksion lazer etdirməyə gəlir. Digər məşhur sənətçi pasientlərim isə dodaq, yanaq dolğuları, biorevitalizasiyalar, mezoterapiyalar, piqment ləkələri və saç tökülməsi ilə bağlı müraciət edirlər.

- Pilinq dedikdə adətən “soyulma” nəzərdə tutulur. Bəs karbon pilinq necə tətbiq olunur və dəridə hansı dəyişiklərə səbəb olur?

- Bu prosedurda qətiyyən soyma yoxdur. Karbon pilinq - dərini heç bir soyma əməliyyatına məruz qoymadan, yüksək tezlikli lazer dalğaları ilə sinxron edilən üsuldur. Karbon pilinqdə bütün üz dərisinə karbon kremi çəkilir. 10 dəqiqə sonra üzə lazer tətbiqi başlanılır. Karbon krem lazım olan enerjinin dəridə ən yüksək səviyyədə əmələ gəlməsini təmin edir. Xüsusi hazırlanmış kremə lazer şüaları verilən zaman temperatur yüksəlir, üzdəki dəri təbəqəsinin karbonla birlikdə tez buxarlanması və qalxmasını təmin edir. Eyni zamanda, lazerin hüceyrə yenilənməsini təmin edən foto aktivləşmə təsirini reallaşdırır. Karbon pilinq ilə dəridəki ləkələrin aradan qaldırılması, böyümüş məsamələrin yığılması, yağlanma nizamsızlığı və dəri sallanmaları aradan götürülür. Ağrısız və iynəsiz olduğu üçün bir çox qadınlar karbon pilinq üsulunu seçir. Müalicədən sonra dərinin hamarlığı və parlaqlığı müşahidə edilir. Ləkələr açılır, açılmış məsamələrdə dərhal daralma müşahidə olunur, qan dövranını yaxşılaşdırır, mikrosirkulyasiyanı gücləndirir. Bir müddət keçdikdən sonra isə ləkələr açılmağa davam edir, dərinin terminallaşdırılması artır, elastiklik və yığılma kimi müsbət dəyişikliklər hiss olunur. Avropada bunu xanımlar hansısa məclisə getməzdən qabaq edir ki, makiyaj üzdə yaxşı otursun, üzdə yorğunluq ifadəsi aradan götürülsün. Karbon pilinq həftədə 1 dəfə olmaqla 10 prosedur edilir.

- Bir peşəkar kimi, xanımlara nə məsləhət verərdiniz?

- Hər bir xanım mütləq ildə 1-2 dəfə peşəkara müraciət etsin. Dəri tiplərini bilmədən internetdən götürdükləri hər hansı maskanı üzlərinə vurmasınlar. Dəri tipini düzgün müəyyənləşdirdikdən sonra ona uyğun krem alsınlar. Ən əsası fəsildən asılı olmayaraq, bütün xanımlar günəşdən müdafiə kremindən istifadə etsinlər.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR