MÜSAHIBƏ

Kişi sonsuzluğu niyə artıb? – MÜSAHİBƏ

date 15 Fevral 2019

Kişi sonsuzluğu niyə artıb? – MÜSAHİBƏ

Son illər sonsuzluqdan əziyyət çəkən ailələrin sayının daha da artdığı bildirilir. Bəzi mütəxəssislər kişi sonsuzluqları ilə bağlı statistik rəqəmlərdə daha çox artım olduğunu açıqlayırlar. 

Cərrah-ginekoloq, tibb üzrə fəlsəfə doktoru, Oksigen Klinikasının həkimi Mahir Mehdiyev e-tibb.az-ın bu məqamlar və eyni zamanda səbəbi bilinməyən sonsuzluqlar barədə suallarını cavablandırıb. 

- Son zamanlar kişi sonsuzluqlarının artdığı bildirilir. Sizcə, belədirmi?

- Ginekoloq olduğumuza görə, bizə təbii ki, qadın sonsuzluqları ilə bağlı müraciətlər olur. Çünki daha çox qadın sonsuzluqları ilə məşğuluq. Qadınlar müraciət edəndə həyat yoldaşlarının problemləri olduğunu deyəndə, analizlərin nəticələrini təqdim edəndə, hər hansı problem varsa, həmin şəxsləri güvəndiyimiz androloqlara, uroloqlara  yönləndiririk.

Məsələn, hüceyrə azlığı problemi aşkarlansa, o zaman ya aşılanma, ya süni mayalanma prosedurunu özümüz edirik. Dolayısı ilə o xəstələrin bir qismi androloqlar tərəfindən müalicə edilir, ya əməliyyat olunur, hormonal problemlər olarsa, aradan qalxır və qadının hamilə qalması mümkün olur. Ona görə də ginekoloqa müraciət olunmur. Amma ümumiyyətlə, hesablayanda əvvəlki illərlə müqayisədə kişi sonsuzluğunun vəziyyəti əvvəlki dövrlərlə müqayisədə xeyli artıb. Biz də bunu müşahidə edirik.

- Səbəblər hansılardır əsasən?

- Səbəblər elə hər zamankı səbəblərdir. Kişi sonsuzluğuna səbəb olan amillər demək olar eynidir. Sadəcə olaraq, dəyişən onların nisbətidir. Qida faktoru, ətraf mühitin daha çox çirklənməsi, zərərli maddələrdən istifadə halları az idi deyə bununla bağlı olan sonsuzluqlara az rast gəlinirdi. Əvvəllər problemlər daha çox infeksiyalar, anadangəlmə bəzi qüsurlar, onların vaxtında müalicə olunmaması, xayaların vaxtında aşağı enməməsi, yırtıqların olması ilə bağlı olurdu. İndi bu halların olması ehtimalı azalıb. Çünki pediatriya, uşaq cərrahiyyəsi inkişaf edib. Uşaqlarda, yeniyetmələrdə bu problemlər vaxtında aşkarlanır və aradan qaldırılır. Amma ətraf mühit, şüalanma ilə bağlı yaranan problemlər, zəifliklər, sperma sayının azalması hallarına müasir dördə daha çox rast gəlinir.

- Kişilərdə immunoloji sonsuzluq deyilən bir anlayış da var. Bu nə deməkdir?

- Bunlar gündəmdə çox olmayan, çox az rast gəlinən, daha çox erkən yaşlarda keçirilən bir sıra xəstəliklərlə bağlı yaranır. Məsələn, erkən yaşlarda keçirilən qulaqdibi xəstəliyi o qədər zərər verməsə də, yetkinlik yaşına çatanda keçirildiyi halda meydana gələn antitellər xayalardakı əsas hüceyrələri məhv elədiyinə görə, həmin kişilər sonsuzluq problemi yaşayırlar. Yəni hər bir bədənin özünü müdafiə etmək sistemi var. Normal halda həmin sistem mikroblara, infeksiyalara qarşı işləyir. Amma həmin sistemin düzgün işləməməsi, yaxud yaş faktoru ilə bağlı insanın öz hüceyrələrini məhv etməsinə bağlı olan bir problemdir. Bu hallara çox az sayda rast gəlinir. Amma bu, həmin problemin olmaması anlamına da gəlmir.

- Qadınlarda hansı xəstəliklər sonsuzluğa səbəb ola bilər?

- Qadınlarda sonsuzluq səbəbləri daha çox keçici xarakter daşıyır. Yəni o mənada ki, onların çoxunu müalicə ilə aradan qaldırmaq mümkün olur. Çünki bir qadının uşağının olmaması üçün onun uşaqlığının olmaması, normal inkişaf etməməsi, uşağı böyütməyəcək qədər kiçik olması ya da yumurta hüceyrəsinin olmaması səbəbdir. Bunlardan biri də erkən menopauzadır. Bəzi hallarda heç ana yumurta hüceyrələri inkişaf da etmir. Bunlar dəqiq sonsuzluqlardır heç onların müalicəsi də yoxdur. Müasir dövrdə genetika elmi inkişaf etdikcə kök hüceyrələrindən yumurta hüceyrə əmələ gətirmə yönündə araşdırmalar gedir. Amma təəssüf ki, hələ bu tətbiq olunmur. Amma həm sperma, həm də yumurta hüceyrələrinin köçürülməsi ilə bağlı bu araşdırmalar davam etdirilir. Sonsuzluğa səbəb olan digər hallar-hormonal pozğunluq, polikistozun, qalxanabənzər, böyrəküstü vəzlərinin ovulyasiyanı pozması kimi problemləri, artıq çəkini müalicə ilə aradan qaldırmaq mümkündür.

- İnfeksiyalar sonsuzluğa səbəb olurmu?

- İnfeksiyaların sonsuzluqla bağlı mexaniki səbəbləri ola bilər. Məsələn, infeksiya uşaqlıq borularının tutulmasına səbəb olur. Bunlar hamısı öhdəsindən gəlinməsi mümkün olan problemlərdir. Son illər siqaret çəkən, zərəri maddələrdən istifadə edən qadınların sayı artdığı üçün onların da sonsuzluğa səbəb olma halları getdikcə artır. Əvvəllər bu problemlərin daha çox kişilərdə sonsuzluğa səbəb olduğunu deyirdiksə, indi eynilə qadınlar barəsində də bunları söyləmək olar.

- Səbəbi bilinməyən sonsuzluqlar deyəndə nə nəzərdə tutulur?

- “Səbəbi bilinməyən” demək heç də o demək deyil ki, bu halın səbəbi yoxdur. Səbəblər təbii ki var, amma biz bilmirik. Yəni müasir dövrdə bizim əlimizdə olan imkanlar, texnoloji şərait o səbəbləri aşkarlayacaq həddə deyil. Ya da onların səbəbi bilinir, amma yoxlanma metodikası yoxdur. Amma müalicə əsnasında müsbət nəticə əldə edəndə təxmin edirik ki, səbəb nə imiş. Daha çox da süni mayalanmaya gedən xəstələr müayinə olunanda bu hallar aşkara çıxır. Məsələn, onlarda embrionun mayalanması, ilkin rüşeym əmələ gəlməsi, inkişafı nəzarət altında olur deyə problemləri aşkarlaya bilirik. Məsələn, görürük ki, mayalanma getmir. Bu, mayalanma yetərsizliyi deyilən bir diaqnozdur. Bu diaqnozu hansısa qan analizi, ultrasəs metodu ilə ortaya qoya bilmirik. Ancaq süni mayalanma edən zaman bu problem ortaya çıxır. Bu həm də diaqnostik bir metoddur. Öhdəsindən gələ biləcək müalicələr varsa, bu tətbiq olunursa, nəticədə döl böyüyüb embrion, rüşeym olur. Süni mayalanmada biz rüşeymi 3-5-ci günə kimi izləyirik və bundan sonra məcbur olub uşaqlıq daxilinə köçürməliyik. Təəssüf ki, laboratoriya şəraitində rüşeymi bundan çox böyüdəcək elə bir imkan yoxdur. Bəlkə də zaman gələcək elə bir imkanımız da olacaq. Amma hələ ki, elə bir imkan yoxdur, ona görə də döl həmin müddətdə ana bətninə köçürülməlidir. Embrion ana bətninə köçəndən sonra qalan proseslər bizim kontrolumuzdan kənarda inkişaf edir. Bundan sonra mayalanma getsə belə bədənin onu qəbul edib-etməyəcəyini, qəbul edəndən sonra açılıb-açılmayacağını biz bilmirik. Yalnız iki həftədən sonra edilən test zamanı mənfi, ya müsbət cavab əldə olunur. Mənfi cavab alınsa, bu halda da bunun hansı səbəbdən olduğunu bilmədiyimiz üçün bu da “səbəbi bilinməyən sonsuzluq” adlandırılır.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR