XƏBƏR

İybilmənin itməsi nələrdən xəbər verir?

date 23 Aprel 2019

İybilmənin itməsi nələrdən xəbər verir?

İybilmə, qoxu hissinin itməsi halı ilə çoxları qarşılaşıb. Təbii ki, bu hal əksər hallarda müvəqqəti xarakter daşıyır. Qoxu hissiyyatı hansı hallarda itə bilər? Belə hallarda nə etmək lazımdır?   

E-tibb.az qulaq, burun, boğaz və baş-boyun cərrahı, uzman həkim Elnur Əkbərovun mövzu ilə bağlı məqaləsini təqdim edir:

İnsan təqribən on minə yaxın qoxunu seçmək qabiliyyətinə malikdir. Bəzi alimlər burunla ətraf mühitdən cəmi 2 faiz məlumat aldığımızı iddia edirlər, amma bu hiss orqanının insan üçün əhəmiyyəti danılmazdır. Bəzi peşə sahibləri isə iybilmə qabiliyyətini itirsələr, özlərinə başqa iş axtarmalı olacaqlar. Məsələn, aşpazlar, ətriyyat sahəsində çalışanlar, ya da hər hansı bir məhsulu dequstasiya edən insanlar mütləq bu hissə arxalanmalıdırlar.

İybilmənin tam itirilməsi tibdə anosmiya adlanır. Bu, nadir hallarda rast gəlinən patologiyadır. İybilmənin qismən itirilməsinə isə hiposmiya deyilir. Hər iki xəstəlik həm anadangəlmə, həm də qazanılmış ola bilər.

Qoxular iştahanı artırır, iş qabiliyyətini və əhvalı yüksəldir. İybilmənin itirilməsi nəinki burun nahiyəsinin xəstəliklərindən, həm də bəzi ciddi nevroloji problemlərdən xəbər verir. Sağlam insanda hava axını burun nahiyəsindən keçərək aşağı nəfəs yollarına yönəlir. İybilmə reseptorları burun nahiyəsinin yuxarı hissəsində yerləşirlər. Bu hüceyrələr qıcıqlanır və iybilmə sinirlərinin vasitəsi ilə siqnal beyinə ötürülür. Göstərilən sahədəki istənilən problem nəticədə iybilmənin itirilməsi ilə nəticələnə bilər.

Burun nahiyəsində yaranan problemlər kəskin respirator infeksiya, allergiya kimi xəstəliklərlə adətən əlaqəli olur. Burun tutulur, şişir və qızarır, nəfəsalma burun tutulmasına görə çətinləşir. Hava ilə buruna daxil olan qoxular da göstərilən reseptorlara gedib çatmır. İybilmənin pisləşməsi təbiidir. Əgər soyuqdəymə müalicə olunmasa, funksiya bərpa oluna bilməz.

İnfeksion xəstəlik olmadığı, iybilmənin isə pisləşdiyi hallarda mütləq LOR həkimə müraciət etmək lazımdır. Burun çəpərinin əyriliyi kimi problem iybilməni zəiflədir, bu çətinliyi yalnız cərrahi yolla aradan qaldırmaq olar. Bəzən burun çəpərlərinin böyüməsi və ya şişməsi reseptorlara havanın yönəlməsini bloklaşdırır. Burunda yaranan xroniki xəstəliklər, poliplər zamanı da iybilmə azala bilər. İnsan yaşa dolduqca da iybilmə qabiliyyəti azalır.

Burun-qulaq-boğaz həkimi üzrə hər şey qaydasında olsa, deməli mütləq nevropatoloqun yanına getmək lazımdır. Beyin travmalarında siqnal beyinə gedib çatmır, iybilmə sinirləri zədələnir. Belə problemlər Parkinson, Altsheymer, dağınıq skleroz, beyin şişlərində də əmələ gələ bilər. Həmçinin şəkərli diabet də xəstəliyində sinirlərin zədələnməsi müşahidə olunur. Deməli endokrinoloqun yanına baş çəkmək tələb olunur.

Ümumiyyətlə, iybilmə şikayəti ilə müraciət edən pasiyentlərin sayı elə də çox olmur. Bir çox halda burun çəpərinin əyriliyi, rinit, sinusit və burun polipləri aşkarlanır.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR