MÜSAHIBƏ

Mütəxəssis: “Piylənmənin yaratdığı əsas problem şəkərli diabetdir” - MÜSAHİBƏ

date 23 Aprel 2019

Mütəxəssis: “Piylənmənin yaratdığı əsas problem şəkərli diabetdir” - MÜSAHİBƏ

"Uşaq kökdürsə, sağlamdır təfəkkürünü dəyişmək lazımdır”

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri, həkim-metodist Şəhla Mirzəzadənin e-tibb.az-a müsahibəsi

- Piylənmə nədir və onun yaranmasının əsas səbəbləri hansılardır?  

-El dilində desək, piylənmə, artıq çəkinin yaranması bədən kütlə indeksinin artıq olması ilə əlaqələndirilir. Bu hal müasir dövrdə, insanlar arasında çox geniş yayılıb. Xüsusən də qadınlarda, ən çox da qarın nahiyəsində daha çox piylənmə olur. Səhiyyə işçiləri bu haqda məlumatlı olmalıdırlar, çünki insanlar birbaşa həkimlərlə kontaktda olurlar. Əgər həkimlər ilkin məsləhəti düzgün versələr, sırf bu sahədə işləyən mütəxəssislər beynəlxalq təcrübəni bilsələr, ondan sonrakı mərhələdə bizim üçün piylənməni idarə etmək daha asan olar. Biz piylənməni idarə etmək, piylənmənin nə olduğunu anlatmaq üçün həkimlər və əhali ilə işləyirik. Əhali də qruplara ayrılır. İndi bizim valideynlər deyir ki, uşaqlar yemək yemir, uşaqlara həddindən artıq yemək verirlər, bu isə uşaqda artıq çəkini formalaşdırır. Belə bir təsəvvür var ki, hansı uşaq kökdürsə, daha yaxşı, güclü və sağlamdır. Birinci bu təfəkkürü pozmaq, valideynlərə sağlam qidalanmanı anlatmaq, öyrətmək lazımdır. Uşaqların özlərində bu prosesi formalaşdırmaq üçün biz onlarla ayrı işləyirik.

Piylənmənin səbəbləri tibbi cəhətdən müxtəlif ola bilər. Burda əsas nüanslardan biri qidalanmaya, qidalanma şərtlərinə əməl etməkdir. İkincisi, genetik faktor mühüm əhəmiyyət daşıyır. Üçüncüsü, yanaşı gedən xəstəliklər fonunda piylənmə ola bilər. Misal üçün bir xəstəlik var, bu da piylənmə üçün fon yaradır. Tütündən istifadə edən insanlar deyir ki, mən birdən-birə kökəlirəm. Çünki onların orqanizmlərində maddələr mübadiləsi dəyişir. Bu prosesi  düzgün idarə etmək üçün həm sağlam qidalanmalı, həm fiziki aktiv olmalıdırlar. Piylənmə, sağlam qidalanmamaq, sağlam həyat tərzi sürməmək, irsi və yanaşı gedən xəstəliklər səbəbindən ola bilər.

- Əlavə təsirlərin rolu yoxdur?

- Düzdür, kənar təsirlər də var. Amma stress, yuxu pozğunluğu, gərginlik, gün ərzində olan problemlər hansısa bir xəstəlik üçün əsas səbəb deyil. Bunlar bütün xəstəliklər üçün, nəticə etibarilə piylənmə üçün də fondur.

- Piylənmənin yaratdığı xəstəliklər hansılardır?

- Piylənmənin hazırda yaratdığı və bizim ən çox mübarizə apardığımız problem diabet xəstəliyidir. Piylənməsi olan insanlarda diabetə meyllilik yüksək olur, xüsusilə də uşaqlarda bu məsələni diqqətə almaq lazımdır. Biz piylənmənin idarə olunmasından danışanda, həm də bariatrik cərrahiyə metodlarından da danışırıq ki, artıq piylənmənin bədən kütlə indeksinin həddindən artıq yüksək olduğu göstəricilərdə biz onu necə idarə edə bilərik?

- Piylənməyə nə zaman dərmanla, nə zaman cərrahi yolla müdaxilə olunur?

- Piylənmənin, ümumilikdə bütün xəstəliklərin idarə olunması fərdi olmalıdır. Yəni həkim tərəfindən bir nəfərə yönələn taktika fərqli, digərinə yönələn tam fərqlidir. İkincisi, dərman müdaxiləsi, yoxsa bariatrik cərrahiyyə metodu seçiləcəyi xəstənin fərdi vəziyyətindən asılıdır. Hazırda cəmiyyətimizdə belə bir tendensiya var ki, insanlar bilmədən, hansısa bitki mənşəli, əlavə preparatlardan istifadə edirlər və düşünürlər ki, onları arıqladacaq, maddələr mübadiləsini sürətləndirəcək. Amma anlamalıdır ki, bütün xəstəliklərin idarə olunmasında olduğu kimi, piylənmənin idarə edilməsində də həkim yanaşması mütləq olmalıdır. Məsələn, həkim deməlidir ki, sizin üçün hormonal fonda pozğunluq var. Bəlkə sizdə piylənmə hansısa yanaşı gedən xəstəliyin səbəbidir. Biz xəstəliyi müalicə eləməliyik ki, bu proses aradan qalxsın. Heç vaxt dəqiq demək olmaz ki, yüz faiz dərman və ya yüz faiz cərrahi müdaxilə olmalıdır. Həkim mütləq şəkildə insanlara fərdi yanaşmalı, sonra metodu təyin etməlidir.

Xüsusən də qadınlar arasında mədə kiçiltmə əməliyyatı dəb halını alıb. Bunu hansı halda etmək olar və fəsadları varmı?

- Bütün cərrahi əməliyyatlarda olduğu kimi, təbii ki, bu da cərrahi əməliyyatdır, gözlənilməz nəticələr ola bilər. Amma burda həkim kollektivinin peşəkarlığından, həkimin düzgün taktika seçimindən çox şey asılıdır. Bu prosesin özünün cərrahi prosesdən əvvəlki və cərrahi prosesdən sonrakı hazırlıq mərhələləri var. Bu proseslərin hər biri əgər həkim nəzarətində olsa və proseslər düzgün tənzimlənsə, bariatrik cərrahiyyənin piylənmənin idarə olunmasında çox böyük əhəmiyyəti var.

Bədən indeksi həddindən artıq yüksək olduğu halda, həkim göstərişi varsa, təbii olaraq piylənmənin idarə edilməsində bariatrik cərrahiyyədən istifadə edilə bilər.

- Azərbaycanda piylənmə səviyyəsi necədir?

- Bizim ölkəmizdə piylənmənin bir sıra səbəbləri var. Məsələn, valideyn yanaşmasını götürək. Valideynlər uşaqlarına məktəbli çağından düzgün qidalanma vərdişləri aşılasalar, yeniyetmələr arasında piylənmə səviyyəsi aşağı düşər. Yetkin insanlar ya sağlam qidalanmırlar, ya da yanaşı gedən xəstəlikləri var, amma müayinə olunmurlar. Həm də bilmirlər ki, hansı halda nə etmək, problemə necə yanaşmaq lazımdır. Ona görə də bu proses artıq inkişaf mərhələsindədir. Biz problemi aradan qaldırmaq üçün beynəlxalq ekspertləri dəvət edirik, öz yerli mütəxəssislərimizlə inteqrasiya etməyə çalışırıq ki, problemi hərtərəfli aradan qaldıraq.

- Deməli, SOS siqnalı vermək olar?

- Bu, əslində SOS siqnalı verməkdir... İnsan qidalanır, maddələr mübadiləsi gedir, enerji ayrılır, bütün bunlar bizim sağlamlığımıza təsir edir. Sağlamlığımızın isə sosial baxımdan cəmiyyət üçün böyük əhəmiyyəti var. Ona görə də artıq bu proses diqqət mərkəzindədir.

”Azərbaycan Respublikasında qeyri-infeksion xətəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya''da göstərilir ki, sağlam qidalanmanın çox mühüm əhəmiyyəti var. Bunun üçün maarifləndirmə işləri aparmaq, həm kadrlar, həm də əhali ilə işləmək lazımdır.

- Piylənmənin qarşısını almaq üçün nə etmək lazımdır? Nə kimi tövsiyələriniz var?

-İlk növbədə sağlam qidalanma qaydalarına düzgün riayət etmək lazımdır. İnsanlar internetdə gördüyü hər hansı məlumatlara yox, əsaslandırılmış tibbi məlumatlara inansınlar. İkincisi, fiziki aktiv olsunlar. Üçüncüsü, sağlamlıqlarının qeydinə qalaraq, mütəmadi olaraq tibbi müayinələrdən, “Chek-up” müayinələrdən keçsinlər ki, əlavə və ya yanaşı gedən hər hansı xəstəlik varsa, bu haqda məlumatlı olsunlar. Bu proseslər tənzimlənməlidir. Kimsə həddindən artıq kökdürsə, bədən kütlə indeksi çox yüksəkdirsə, mütləq şəkildə mütəxissislərə müraciət edib, onların dəstəyindən istifadə etsinlər.

Valideynlərimiz üçün mütəmadi olaraq seminarlarımız, tədbirlərimiz olur. Özləri də məktəblə, ordakı mühitlə tanış olsunlar, övladlarını nəzarətsiz saxlamasınlar. Hər bir valideyn uşaqların qidalanmasına, xüsusilə səhər yeməyinə diqqətli yanaşsın.

 

 

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR