XƏBƏR

İnsulin iynəsi necə vurulmalıdır?- QAYDALAR 

date 17 Sentyabr 2019

İnsulin iynəsi necə vurulmalıdır?- QAYDALAR 

Şəkərli diabet xəstəliyindən əziyyət çəkənlərin sayı çoxdur. 2-ci tip şəkərli diabet insulin təsirinin pozulması və ya insulinin çatışmazlığı nəticəsində əmələ gəlir. Diabet xəstələrinə qan şəkərinin normal səviyyədə qalması üçün insulin inyeksiyası təyin olunur. Həyat tərzinə çevrildiyi üçün xəstələr inyeksiyanı əksər hallarda ya özləri, ya da ailə üzvləri edirlər. Ona görə də xəstələrin, xəstə yaxınlarının inyeksiyanın düzgün edilməsi qaydalarını bilməsi vacibdir.

e-tibb.az insulin inyeksiyasının hansı qaydada edilməsi ilə bağlı Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin tövsiyəsini təqdim edir:

İnsulin inyeksiyası dərialtı piy təbəqəsinə vurulmalıdır. Onun dəri içinə və ya əzələ daxilinə vurulması düzgün deyil.

İnsulin inyeksiyası aşağıdakı şəkildə edilir:

İnyeksiya nahiyəsi paltardan azad edilir. Adi gigiyena qaydalarına əməl olunan şəraitdə inyeksiya nahiyəsinin spirtlə silinməsi tələb olunur.

Dəri baş və göstərici barmaqlar vasitəsilə büküşə götürülür. Bu, iynənin əzələ daxilində düşmə ehtimalını azaldır.

İynə dəri büküşünün əsasında dəri səthinə perpendikuliyar və ya 45 dərəcəli bucaq altında sancılır.

Dəri büküşünü barmaqlar arasında saxlanmağı davam etdirərək, sprişin porşesini axıra qədər itələyərək insulin vurulur.

İnsulin vurulandan bir qədər (7-10 saniyə) sonra iynə çıxarılır və büküş barmaqlar arasından buraxılır.

Bundan başqa, mütəxəssislər hesab edir ki, insulini dondurmaq və ya isitmək olmaz. Günəş görməyən və nəm olmayan yerlərdə saxlanılması məsləhətdir. İsti aylarda soyuducunun alt qatında saxlanılmalı, amma istifadədən qabaq 15 dəqiqə otaq temperaturunda qalaraq, sonradan vurulmalıdır.

İnsulin vurulan yeri masaj etmək, isti qoymaq məsləhət deyil.

İnsulin vurmaq üçün ən uyğun nahiyələr qarın, bud, qol və sağrı hesab olunur. Hər dəfə insulin inyeksiyası vurulduqda bu bölgələrin yeri daim dəyişdirilməlidir. Eyni yerlərə insulinin vurulması dərialtı piy toxumasında çöküntülərin və ya dərialtı piy toxumasının yumrulaşmalarına gətirib çıxarır. Ona görə insulin vuran xəstələr vurulan nahiyələri özləri əl ilə müayinə etməlidirlər. Əlin altında yumrular varsa, bir müddət həmin yerə insulin vurmamalı, həkimə getdikdə bu barədə məlumat verməlidirlər.

e-tibb.az

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR