XƏBƏR

Burun tutulmasının səbəbləri

date 18 Sentyabr 2019

Burun tutulmasının səbəbləri

Burun tutulması ciddi sağlamlıq problemlərinə yol açaraq həyatın keyfiyyətinə pis təsir edir. Baş ağrısının, səhər yuxudan yorğun oyanmağın səbəbi də burun tutulması ola bilər. Bunu qulaq, burun, boğaz xəstəlikləri üzrə mütəxəssis Elnur Əkbərov deyib.e-tibb.az mütəxəssisin burun tutulmasının səbəbləri barədə məqaləsini təqdim edir:

Gün boyu burundan keçən hava miqdarı təxminən 10 min litrdir. Uşaq və ya böyüklər zaman-zaman burun tutulması problemi yaşaya bilər. Çox zaman burun tutulması ciddiyə alınmır və qaydasında müalicə aparılmır. Halbuki burun tutulması yuxusuzluq və yorğunluğa səbəb ola, uzun zamanda isə ürək xəstəlikləri kimi ciddi problemə yol aça bilər.

Burun tutulması - bəzən təhlükəli xəstəliklər zamanı da müşahidə oluna bilər.

Burun tutulması həyatımız boyu sağlamlıqla əlaqədar ən çox rast gəlinən şikayətdən biridir. Yaşımızdan, cinsimizdən, sosial vəziyyətimizdən asılı olmayaraq hər birimiz üst tənəffüs yolları infeksiyaları, rinit kimi xəstəliklərə yoluxuruq. Nəticədə, burun tənəffüsünün pozulması problemi meydana gəlir. Amma bu narahatçılıq daha fərqli, bəzən həyat üçün təhlükəli xəstəliklər zamanı da müşahidə oluna bilər.

Allergik reaksiyalar

Burun boşluğu, üst tənəffüs yollarının ayrılmaz parçasıdır və selikli qişa kimi adlandırdığımız bir səthlə örtülüb. Üst tənəffüs yolları infeksiyaları zamanı bəhs edilən qişa qalınlaşır və nəticədə burun keçəcəkləri daralaraq hava axınına maneə törədir. Bənzər hadisə allergik reaksiyalar, yəni allergik rinit, övrə, astma zamanı da müşahidə olunur.

Burun tənəffüsünün pozulmasına səbəb olacaq digər xəstəlik - burun arakəsməsi əyriliyidir. Burun arakəsməsi, ümumi burun boşluğunu iki hissəyə, sağ və sola ayıran, öndə qığırdaq, arxada isə sümükdən ibarət bir divardır. Bu orqanın əyriliyi yetişkənlik dövründə xarici burun inkişaf qüsurları zamanı və travma sonrası müşahidə oluna bilər. Burun tənəffüsü mülayim və ya mühüm dərəcədə pozulduğu hallarda burun arakəsməsi əyriliyinin cərrahi yolla düzəldilməsinə göstəriş yaranır. Bu cərrahi prosedura - septoplastika deyilir. Septoplastika nəticəsində normal burun tənəffüsü bərpa olunur və xarici burun şəkili dəyişdirilmir.

Poliplər

Növbəti ən çox rast gəlinən patologiya - poliplərdir. Burun boşluğunda poliplər əsasən iki variantda olur: antroxoanal polip və xroniki polipoid sinusit. Antroxoanal polip yalnız cərrahi yolla,  yəni endoskopik sinus cərrahiyyəsi, ESC vasitəsi ilə sağaldılması mümkün olan xəstəlikdir. Xroniki polipoid sinusit zamanı burun tənəffüsü mühüm dərəcə pozulmadığı hala qədər müalicə yalnız medikamentozdur. Bu, xroniki patologiya olduğu üçün müalicə adətən mövsümi xarakter daşıyır. 

Burun boşluğu və burunətrafı ciblərin yenitörəmələri kəllə əsasında böyük ölçülü qüsurlar, qonşu qan damarları və sinirləri tutmadığı halda endoskopik yolla xaric edilməsi mümkün olan xəstəliklərdir. Ümumiyyətlə, endoskopik yöntəmlərin LOR orqanlarda tətbiqi bu sahədə böyük, daha az invaziv eraya əsas qoyub və uğurla inkişafı davam etməkdədir.

e-tibb.az

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR