XƏBƏR

İnsanlar ən çox infarkt və insultdan deyil, ağciyər xəstəliklərindən əziyyət çəkəcək -PROQNOZ

date 26 Sentyabr 2020

İnsanlar ən çox infarkt və insultdan deyil, ağciyər xəstəliklərindən əziyyət çəkəcək -PROQNOZ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri dünyada yaxın gələcəkdə insanların infarkt və ya insultdan deyil, xroniki ağciyər xəstəliklərindən daha çox hallarda əziyyət çəkməyini proqnozlaşdırıb.

e-tibb.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov 25 senyabr Dünya Ağciyər Günü ilə bağlı açıqlamasında bildirib. Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, Rafiq Bayramov bunun səbəblərilə izah edib:

“Əsas səbəblər - bir çox xroniki ağciyər xəstəliklərinin yaranmasında ekoloji faktorları olan havanın çirklənməsi və insanların həddindən artıq çox tütün çəkməsinin rolu böyükdür. Yaranmasının əsas səbəbi tütünçəkmə olan ağciyərlərin xroniki obstruktiv xəstəliyi (AXOX) səbəbindən ölüm göstəriciləri hazırda artmaqdadır: dünyada hər 5 dəqiqədən bir bu xəstəlikdən 100 nəfər, il ərzində isə 3 milyondan artıq insan dünyasını dəyişir. Hazırda yer kürəsində ən azı 70 milyon nəfər AXOX xəstəliyindən əziyyət çəkir. ÜST-ün proqnozuna görə, 2030-cu il üçün dünya üzrə ölüm cədvəlində AXOX 3-cü yer tutacaq”.

R.Rayramov hazırda Azərbaycanda ən çox yayılan ağciyər xəstəliklərindən danışaraq bildirib ki, ölkəmizdə xroniki ağciyər xəstəliklərinin rastgəlmə tezliyi dünyada olan müvafiq göstəricilərə uyğun olaraq dəyişir. Həkim, təəssüflə qeyd edib ki, dövlət səviyyəsində tütünçəkmə ilə nə qədər mübarizə aparılsa da, vətəndaşlar bir çox hallarda bu zərərli vərdişdən əl çəkmək istəmir.

Onun sözlərinə görə, son illər xüsusilə qadınlar arasında tütünçəkənlərin sayının artması məyusedici faktordur. Ölkədə, bütün dünyada olduğu kimi, ağciyərlərin xroniki obstruktiv xəstəliyinə düçar olanların sayı artıb. R.Bayramov, həmçinin, ağciyərlərin xroniki xəstəlikləri arasında bronxial astma və vərəmin də çox aktual olduğunu qeyd edib: “Doğrudur, son illər vərəmə yoluxma, xəstələnmə və ölüm göstəricilərində nisbətən azalma və ya stabilləşmə müşahidə olunsa da, dərmanlara rezistent vərəmin artması ciddi bir məsələ olaraq qalır”.

Həkimin sözlərinə görə, ağciyər xəstəliklərinin yayılmasının qarşısının alınması və bu xəstəliyə düçar olanların müalicəsi məqsədi ilə Azərbaycan Respublikasının höküməti, o, cümlədən Səhiyyə Nazirliyi mütəmadi olaraq bütün lazımi tədbirləri görür. Belə ki, geniş yayılmış ağciyər xəstəlikləri ilə mübarizəyə dair müvafiq strategiya hazırlanıb və tətbiq edilməkdədir. Ölkəmizdə bəzi xroniki ağciyər xəstəlikləri ilə mübarizə məqsədilə Dövlət proqramları (məsələn, vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı) icra olunmaqdadır. AXOX və bir çox xroniki ağciyər xəstəliklərinin yaranmasında başlıca rolu olan tütünçəkmə ilə mübarizə məqsədilə ölkəmizdə yeni qanun layihələri təsdiq olunub və qapalı, ictimai yerlərdə tütünçəkmənin qadağan edilməsi ilə bağlı qərar qəbul edilib.

R.Bayramov ölkəmizdə vərəmlə mübarizə tədbirlərinin də qənaətbəxş olduğunu bildirib. Belə ki, o, aşkarlanaraq qeydiyyata alınmış həm dərmanlara həssas, həm də rezistent vərəm xəstələrin tam dövlət hesabına müalicə olunduğu haqqında məlumat verib.

Azərbaycanda ağciyər xəstəliklərinin diaqnostika və müalicəsi məsələlərinə də toxunan mütəxəssis deyib ki, hazırda ölkədə müasir standartlara cavab verən, ən son tibbi avadanlıqlarla təchiz olunmuş tibb müəssisələri və yüksək ixtisaslı kadrlar mövcuddur: “Ona görə də, hər hansı bir xəstəliyin diaqnostikası və müalicəsi məqsədilə dünyada tətbiq edilən üsulların əksəriyyəti bizdə də istifadə olunur”.  

Kafedra müdiri hazırda ölkəmizdə ağciyər transplantasiyası əməliyyatları icra olunmadığına baxmayaraq, yaxın gələcəkdə bir çox orqanların transplantasiyası kimi, ağciyər transplantasiyası da Azərbaycanda icra ediləcəyinə ümid olduğunu bildirib.

R.Bayramov payız-qış mövsümünün gəlişi ilə kəskin respirator virus infeksiyalarının yayılması barədə də danışaraq qrip və atipik pnevmoniyanın simptomlarının oxşarlığına görə onları bir-birindən ayırmaq bacarığının olduqca vacib olduğunu vurğulayıb: “Təbii ki, payız-qış mövsümündə respirator infeksiyalarla xəstələnənlərin sayı nisbətən artır. Hazırda daha aktual olan COVID-19 virusu ilə bağlı onu deyə bilərəm ki, koronavirusa yoluxanların böyük əksəriyyəti onu simptomsuz və ya yüngül əlamətlərlə keçirir. Yaşı 65-dən yuxarı, ürək qan-damar, böyrək, qaraciyər xəstəlikləri, şəkərli diabet və digər xroniki xəstəlikləri olan şəxslərdə isə COVID-19 daha ağır keçir”.

Mütəxəssis siqaret çəkənlərə üz tutaraq, özləri və digərlərin sağlamlığını qorumaq, xroniki ağciyər xəstəliklərinin yaranmasının qarşısını almaq məqsədilə bu zərərli və olduqca təhlükəli vərdişdən imtina etmək xahişi ilə müraciət edib.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR