XƏBƏR

İnfeksionist: “Yoluxma saylarındakı stabillik bizi arxayınlaşdırmamalıdır, koronavirus da düşməndir”

date 9 Oktyabr 2020

İnfeksionist: “Yoluxma saylarındakı stabillik bizi arxayınlaşdırmamalıdır, koronavirus da düşməndir”

Artıq bir neçə müddətdir ki, Azərbaycan xalqı koronavirusa qarşı mübarizədə həmrəylik göstərir. Hazırda isə xalqımız, ordumuz, dövlətimiz bu həmrəyliyi savaş bölgələrində nümayiş etdirirlər. Şanlı ordumuzun əldə etdiyi qələbələr hər birimizi qürurlandırır. Lakin bu sevincli günlər bizə "gözəgörünməz" düşməni - koronavirus infeksiyasını unutdurmamalıdır.

e-tibb.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, yay aylarına nisbətən vətəndaşlar qaydalara daha məsuliyyəti yanaşırlar: "Yumşaldılmalara gedildikdən sonra yoluxma hallarında stabilliyin müşahidə olunması dövlətin atdığı addımlar və vətəndaş məsuliyyətinin nəticəsidir. Savaş başlanandan sonra isə biz ikinci düşməni unutmağa başlamışıq. Bunun fəsadını sonradan görə bilərik. Hər zaman vurğulayırıq ki, yoluxma saylarındakı stabillik bizi arxayınlaşdırmamalıdır. Hazırkı dövr çox həssas bir dönəmdir. Çünki digər Avropa ölkələrində, o cümlədən qonşu ölkələrdə vəziyyət göz qarşısındadır. Gündəlik yoluxma sayları Ermənistanda 600-dən, Gürcüstanda isə 500-dən çoxdur. Bu, o deməkdir ki, hər zaman ehtiyatlı olmalıyıq. Əgər ön cəbhədəki əsgərlərə kömək etmək, arxa cəbhədə dayaq olmağa çalışırıqsa, öz sağlamlığımızı da düşünməliyik. Çünki koronavirus pandemiyası yaydakı kimi geniş vüsət almağa doğru gedərsə, xəstəxanalar təkrarən koronaviruslu xəstələrlə dolmağa başlayarsa, bir yandan müharibə zamanı əsgərlərin yaralanması, digər tərəfdən də pandemiya vəziyyəti çətinləşdirə bilər. Döyüşlər başlanandan sonra koronavirusa qarşı mübarizədə vacib olan üç əsas qayda sanki unudulub. Hərbi hissələrin qarşısına toplanma zamanı ara məsafəsinin qorunmaması, maska taxılmaması müşahidə olunur. Həm ön cəbhəyə, həm də həkimlərə kömək etmək, özümüzün və əsgərlərimizin sağlamlığını qorumaq üçün belə hallara yol verməməliyik. Unutmayaq ki, koronavirus da bir düşməndir, hətta gözə görünməyən bir düşməndir. Biz bir düşmənə qarşı savaşarkən digərini yaddan çıxarmamalıyıq. Əksinə, bu, bizə baha başa gələ bilər. Qonşu ölkələrdə yoluxma saylarının artması buna əyani sübutdur. Biz xalqımızın sağlamlığını qorumaq və ordumuza dəstək olmaq, yeni-yeni qələbələrə şahid olmaq istəyiriksə, qaydalara ciddi əməl etməliyik. Əgər biz sağlam olarıqsa, onlar sağlam düşüncə və iradə ilə irəli atılacaqlar".

TƏBİB-in nümayəndəsi hazırkı dövrə kimi əsgərlər arasında yoluxma halının qeydə alınmadığını da diqqətə çatdırıb.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR