MÜSAHIBƏ

İmplant dişlər neçəyədir? - MÜSAHİBƏ

date 15 Yanvar 2019

İmplant dişlər neçəyədir? - MÜSAHİBƏ

 

1 saylı şəhər Klinik Xəstəxanasının Üz-çənə cərrahiyyəsi şöbəsinin həkimi, Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşı, Beynəlxalq Osteointeqrasiya Akademiyasının üzvü Rəşad Məmmədzadə e-tibb.az-a müsahibə verib. Həkim anadangəlmə ağız, üz və çənə qüsurları, uşaqlarda damaq və dodaq yarıqları və onların əməliyyatı, eləcə də implant dişlərlə bağlı suallara aydınlıq gətirib.

 

- Anadangəlmə ağız, üz və çənə qüsurları deyəndə nə nəzərdə tutulur? Onların yaranmasında genetik faktorlar nə dərəcədə rol oynayır?

- Bütün qüsurlar arasında üz, çənə nahiyəsinin anadangəlmə qüsurları 20-30 faiz təşkil edir və bu rəqəm getdikcə artır. Bu qüsurların yaranma səbəbləri mutasiyalarla, ekoloji çirkliliklə və stress faktoruyla bağlıdır. Üz, çənə nahiyəsində ən çox rast gəlinən anadangəlmə qüsurlar dodaq və damaq yarıqlarıdır. El arasında bunları səhv də olsa, “dovşan dodaq”, “qurd ağızlıq” adlandırırlar. Bu qüsurların yaranmasında genetik faktorun da rolu var. Lakin burda daha çox hamiləlik dövründə ananın keçirdiyi patologiyalar, stress, travmalar, dərman preparatlarının qəbulu, cərrahi müdaxiləyə məcburi məruz qalma rol oynayır. Damaq yarıqlarına nisbətən dodaq yarıqlarına daha çox rast gəlinir. Bu hal həm də oğlan uşaqlarında qız uşaqları ilə müqayisədə daha çox müşahidə olunur. Belə ki, buna 55-56 faiz hallarda oğlanlarda, 44-45 faiz hallarda qızlarda rast gəlinir. Bu, sosial cəhətdən də mühüm rolu olan patologiyadır. Üz nahiyəsi birbaşa göz qabağında olduğu üçün ən xırda sızanaq da insanda kompleks yaradır, o ki qaldı bu boyda qüsur ola. Pasiyent özünü dərk edəndə, eləcə də belə uşaqların valideynlərində böyük psixoloji travma yaranır. Hətta bu cür uşaqlardan imtina edən valideynlər də var. Ona görə burda həkimlərin rolu çox böyükdür. İlkin olaraq, doğum şöbəsindəki həkimlər və sahə həkimləri valideynləri düzgün marrifləndirməlidirlər ki, bu, cərrahi yolla düzələn patologiyadır. Hansı valideyn uşağına qarşı diqqətlidirsə, o uşaqda qüsur mütləq düzəlir. Sadəcə olaraq, əməliyyatdan sonra da həkimin tövsiyələrinə əməl edilməlidir.

- Cərrahi əməliyyat hansı yaşda həyata keçirilməlidir? Gec edilsə, nə kimi fəsadlar verə bilər?

- Əslində, bununla bağlı cərrahlar da ortaq məxrəcə gəlməyiblər. Hətta ayrı-ayrı dövrlərdə müxtəlif fikirlərdə olublar. Amma son qərara alınmış protokola görə, birtərəfli dodaq yarıqları uşaqlarda ən tez 3 aylığında, ikitərəfli dodaq yarıqları 6 aylığında əməliyyat edilməlidir. Əlbəttə ki, uşağın ümumi somatik vəziyyəti buna imkan verməli, bədən çəkisi, qan göstəriciləri norma daxilində olmalıdır. Damaq yarıqları isə ən tezi 8 aylığında əməliyyat olunur.

- Bu əməliyyatlar mərhələli şəkildə həyata keçirilir?

- Həm dodaq, həm də damaq yarığı varsa, ilkin olaraq dodaq yarığı əməliyyatı (xeyloplastika), daha sonra damaq yarığı əməliyyatı (uronoplastika) icra olunur. Əgər tam yarıqdırsa, əməliyyatın iki mərhələli olması mümkündür. Birinci növbədə yumşaq, bir neçə ay sonra sərt damaq əməliyyat edilir. Qüsur, adətən, bir əməliyyatla aradan qaldırılır. Ümumiyyətlə, bu qüsurları olan uşaqlarda əməliyyat 2 yaşına kimi edilməlidir. Çünki 2 yaşda artıq nitq formalaşır. Nitqin formalaşmasında da yumşaq və sərt damaq böyük rol oynayır. Bəzi səslər var ki, məhz dilin damağa toxunması nəticəsində yaranır. Məsələn, r hərfini o cür deyirik. Əgər o uşaqlar vaxtında əməliyyat olunmasalar, burunda, tıntın danışırlar. Məsələn, desəniz “traktor” de, deyə bilməyəcək, səslər itəcək. Ona görə uşağın 2 yaşı olana kimi əməliyyatın başa çatması mütləqdir. Bundan başqa, damaq, dodaq yarığı ilə doğulan uşaqlarda üst çənənin inkişafdan qalması uşaqlarda diş sırasının pozulmasına gətirib çıxarır. Dişlərin sıxlığı yaranır. Normal diş qövsü olmur. Belə halda mütləq həkim yardımına ehtiyac var ki, çənə genişləndirilsin və dişlər normal yerinə oturdulsun.

- Olubmu ki, yetkin yaşda biri bu qüsurla Sizə müaricət etsin?

- Bəli, olub. İstər yetkin şəxslərdə, istərsə də uşaqlarda əməliyyatdan sonra loqopedlə, ortodontla işləmək mütləqdir. Çünki bu cür əməliyyatlardan sonra yaranmış çapıqlar qoymur ki, əng normal inkişaf etsin. Çapıqlar inkişafın qarşısını alır. Bütün dünyada bu, problem olaraq qalır. Bizə üz-çənə nahiyəsində patologiya olan yetkinlik yaşında şəxslər də müraciət edir. Hansı uşaqlar yalnız əməliyyat olunubsa, onlarda mütləq surətdə əng inkişafdan qalıb. Amma hansı uşaqların valideynləri vaxtında loqopedlə, ortodontla işləyiblərsə, onlarda demək olar ki, heç bir qüsur qalmır. Yalnız cərrah onun dodağına, yaxud damağına baxanda orda nə vaxtsa qüsur olduğunu bilər. Çox vaxt rayon yerlərində bu əməliyyatı ümumi cərrahlar, uşaq cərrahları aparırlar. Amma bu, doğru deyil. Şərt yalnız dodaqda yumşaq toxumanı tikməkdən ibarət deyil. Orda mütləq burun qüsuru da olur. Bəzən gizli yarıq ola bilər. Ona görə bu cür əməliyyatları mütləq üz-çənə cərrahı etməlidir.

- Estetik qüsur əməliyyatdan dərhal sonra aradan qalxır?

- Bu, yarığın ağırlıq dərəcəsindən asılıdır. Əksər halda qüsur qalmır. Burun qanadında deformasiya qalır ki, onun da 90 faiz hallarda irəliləmiş yaşlarda mütləq korreksiyaya ehtiyacı olur. Amma pasiyent bütün deyilənləri yerinə yetirirsə, 16-18 yaşa çatanda heç bir qüsur qalmamış olur. Alveolda yarıq varsa, bu, diş sırasının da pozulmasına, dişlərin öz yerində rotasiya etməsinə, fırlanmasına, yaxud retension-çıxmamış, çənədə qalmış dişlərə gətirib çıxarır. Bunların da qarşısını almaq üçün mütləq ortodontla işləmək lazımdır.

- Bəzən alt və ya üst çənəsi önə çıxan insanlarla rastlaşırıq. Bu hal da anadangəlmə qüsur sayılırmı və problem necə aradan aldırılır?

- Bu hal bir neçə səbəbdən yarana bilir. Səbəblərdən biri irsidir. Valideynlərdən, yaxın qohumlardan kimdəsə varsa, uşaqda da özünü büruzə verir. Digər səbəb burun tənəffüsünün normal olmamasıdır. Burunla nəfəs ala bilməyən uşaqlar məcburi ağzı açıq vəziyyətdə nəfəs alır. Bu zaman alt çənənin normadan artıq inkişaf etməsi qeyd olunur. Başqa bir səbəb də dodaq, damaq yarıqlı uşaqlarda üst çənənin (əngin) inkişafdan qalmasıdır. Bu qüsur əməliyyatla aradan qaldırılır. Əməliyyat daha irəli yaşlarda, ən tezi 14 yaşda olunur. Çünki üz skeletinin inkişafı tamamlanmalıdr. Əməliyyatdan öncə ortodontla kəllə sümüyündə sefalometrik ölçülər aparılır, hansı çənədə inkişaf pozğunluğunun nə dərəcədə olduğu aydınlaşır. Onun əsasında əməliyyatı edirik. Əməliyyatdan sonra da ortodont ideal diş düzümü alınana qədər pasiyentlə işləyir. Maraqlı və nəticəsi də dərhal göz qabağında olan plastik əməliyyatdır. Amma pasiyentlərdən səbr tələb edir.

- Damaqları geniş olan adamlar güləndə kompleks yaşayırlar. Amma əməliyyatdan çəkinirlər. Bu, təsəvvür edildiyi kimi, qorxulu əməliyyatdır?

- Damağı geniş olan insanlarda keçid büküşü-dodaqla dişlərin üstündəki diş ətinin birləşdiyi hissə daha dərin olur. Əslində, bu, sadə plastik əməliyyat sayılır. Hətta ümumi narkoza ehtiyac olmadan, yerli keyləşdirmə altında aparılır. Yarım saat, 40 dəqiqə çəkir. Amma bu barədə əhalidə az məlumat var. Əməliyyat deyəndə adamları vahimə basır. Xarici görünüşü daha yaxşı olacaqsa, kompleksdən qurtulacaqsa, rahat güləcəksə, niyə də əməliyyat olmasın?! İnsanlar burun əməliyyatına daha rahat gedirlər, nəinki damaq əməliyyatına. Çünki burun əməliyyatı tendensiya halını alıb. Hamının ailəsində, qohum-əqrəbasında, yaxın ətrafında burnunu əməliyyat etdirmiş şəxslər o qədər çoxdur ki, o əməliyyata qarşı qorxu aradan qalxıb. Halbuki burun əməliyyatında risk daha artıqdır ki, əskik deyil. Bu əməliyyatdan sonra, hətta dodaq forması da gözəlləşir, daha iri görünür.

- İmplantasiya əməliyyatı barədə də məlumat vermənizi istərdim. Sümük yoxdursa, implant diş çənəyə necə yerləşdirilir?

- İmplant diş qoymaq üçün bir var münbit çənə olsun, bir də var problemli çənə. Sümüyün olmaması problemi daha çox yaşlı insanlarda olur. Diş yoxdursa, sümükdə sorulma, atrofiya gedir. Diş varsa, sümük hündürlüyü normal hündürlükdə qalır. Yaşlı insanlar dişlərini itiridikləri üçün atrofiya prosesi daha çox onlarda gözə çarpır. Digər anatomik strukturlar da var - məsələn, alt çənədə arxa dişlər nahiyəsindən sinir keçir. İmplant qoyulanda gərək o sinir zədələnməsin. Yuxarı çənədə haymor boşluğu var, implant ora düşməməlidir. Amma sümüyün çatışmaması o demək deyil ki, ora implant qoyula bilməz. Sadəcə, o halda xəstənin sümük hündürlüyünü yenidən qazandırırıq. Ehtiyac olarsa, ya sümük aqmentasiyasıyla, ya distraksion metodla, ya da bədənin digər nahiyəsindən sümük köçürməklə sümük hündürlüyünü istədiyimiz vəziyyətə gətirib çatdırırıq, sonra implant qoyuruq. İmplant heç də qorxulu əməliyyat deyil. Pasient üçün bir implantın qoyulması bir dişini çəkdirməkdən daha ağrısız və rahat keçir. Amma nəzərə alsaq ki, pasiyentə bir yox, bir neçə implant birdən qoyulur, onda müəyyən qədər ağrılar olur. O da əməliyyat sırasında deyil, ondan sonrakı dövrdə. Biz bir gündə 5 diş çəkdirsək, onun ağrısı 5 implant dişin qoyulmasından çox olar. Əməliyyatdan sonra xəstəyə ağrıkəsicilər təyin olunur, nələr edib-etməmək tövsiyə edilir. Pasiyent bunlara doğru əməl edərsə, problem yaşamaz. İmplantasiya cərrahi əməliyyatdır. Stomatoloqlar da edir, amma üz-çənə cərrahı daha mürəkkəb situasiyalarda dental implantasiyanı icra edə bilərlər. Çünki cərrahlar o qədər çətin əməliyyatlar icra edirlər ki, implantasiya onlar üçün daha sadə əməliyyat hesab olunur.

- İmplant dişlərin ömürlük olması barədə fikirlər var. Bu, həqiqətənmi belədir?

- İmplant maddi baxımdan bahalı məmnuniyyətdir. Amma nə qədər də bahalı sistem seçilmiş olsa da, heç bir şey insan orqanizmi qədər mükəmməl deyil. Əgər Allah yaratdığı sıradan çıxırsa, əlbət, insan yaradan da sıradan çıxacaq. İmplant öz dişlərimizdən 5-10 qat artıq qulluq tələb edir. Xəstə qulluğu düzgün edərsə, implant diş uzun müddət ona qulluq edir.

- Bu mövzu ilə bağlı hamını maraqlandıran bir sual var - bir implant dişin qiyməti nə qədərdir?

- Azərbaycanda bir implant dişin qiyməti 400-1500 manat arasında dəyişir. Amma bu rəqəmlər Avropa, Amerika, hətta qonşu Türkiyə ilə müqayisədə xeyli aşağıdır. Ümumiyyətlə, Azərbaycanda implantasiya əməliyyatları ucuzdur. Bizim pasiyentlərin 30-40 faizi xaricdə yaşayan həmyerlilərimizdir. Burda 1200 manata qoyduğumuz implantın qiyməti Kanadada 3 min dollardır. Qiymət fərqini yaradan bir səbəb implantın brendidir. Digər səbəb bahalı implantların üstündə xüsusi aktiv təbəqənin olmasıdır. Bu, qanla birləşməyə hazır olan sərbəst radikallardır. İmplantın da çənədə qalması onun üzərindəki yivlər hesabına deyil, qanla təmas, osteointeqrasiya dediyimiz proses hesabınadır. Bahalı, aktiv səthi olan implantlarda osteointeqrasiya daha sürətli və yaxşı inkişaf edir. Lakin heç vaxt 100 faiz nəticəyə söz vermək doğru deyil. Ən optimal sümükdə, ən ideal şəraitdə belə, implantın “tutma” şansı 95 faizdir, 100 faiz deyil.

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR