XƏBƏR

Hər kəs 40 yaşdan sonra ildə bir dəfə bu müayinədən keçməlidir

date 28 Yanvar 2020

Hər kəs 40 yaşdan sonra ildə bir dəfə bu müayinədən keçməlidir

Təhlükələrlə üzləşməmək üçün 40 yaşdan yuxarı hər kəs rutin olaraq ildə bir dəfə, risk təşkil edən xəstələr isə protokola uyğun endoskopik müayinədən keçməlidir.

e-tibb.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Diaqnostik və invaziv endoskopiya şöbəsinin rəhbəri, dosent Tarverdi Rzayev “Təbib” qəzetinə açıqlamasında deyib. Onun sözlərinə görə, belə olarsa, xəstəliklərin yarada biləcəyi ağırlaşma hallarının zamanında aradan qaldırmaq mümkündür.

İnvaziv endoskopiyanın diaqnostik endoskopiyadan üstün və fərqli cəhətlərindən danışan həkim deyib ki sovet məkanında əsasən diaqnostik endoskopiya tətbiq olunurdu, xəstənin qida borusu, mədəsi və ya da yoğun bağırsağı müayinə olunur, polip aşkarlanardısa, cərrahi yolla aradan qaldırılırdı: “O zaman xəstədə daxili qanaxma baş verərdisə, onun qarşısını almaqda həkimlər problemlə üzləşərdilər. Bu da əksər hallarda insan həyatının itirilməsi ilə nəticələnərdi. Amma müasir avadanlıqların tətbiqi ilə əlaqədar imkanlar çox dəyişib. Biz müasir texnologiyaların imkanlarından istifadə etməklə daxili qanaxma ilə şöbəmizə müraciət edənlərin üzləşdikləri təhlükəni aradan qaldırmaq imkanlarına malikik”.

Mütəxəssis açıq əməliyyatların əksər hallarda xəstə üçün problemlər yaratdığını qeyd edib: ”Açıq əməliyyatdan sonra xəstələrin bir sıra problemlərlə üzləşdiyinin şahidi oluruq. Bitişmələr əmələ gəlir. Bəzən öd yollarında yaddan çıxan daşlar olur. Xəstələrdə ağırlaşma hallarına daha çox rast gəlinir.

Amma müasir avadanlıqlardan istifadə bizə əməliyyat zamanı öd yollarını təkrar yoxlamağa imkanlar yaradır”.

Xəstələrdə daxili qanaxmaya səbəb olan məqamlara gəlincə, həkim bildirib ki, buna səbəblərdən biri əksər hallarda xəstələrin öz sağlamlıqlarına biganə yanaşmasıdırsa, digər səbəbi isə həkimlərin xəstələri müalicə edərkən zəruri olan bəzi məsələlərə diqqət yetirməməsidir: ”Bunun üçün bir misal çəkim, xəstə tutaq ki, hepatitə görə qaraciyər xəstəliyindən 3 ildir müalicə alır. Həkim bu müddət ərzində bir dəfə də olsun onun mədəsini və ya yemək borusunu müayinə etdirmir. Nəticədə mədədə və ya yemək borusunda venalar varikoz genişlənir və profuz qanaxmaya səbəb olur. Ona görə həkimlər müalicə zamanı əsasən məsələnin bu tərəfinə də diqqət yetirməlidirlər”.

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR