XƏBƏR

Hansı meyvəni nə zaman yemək lazımdır?

date 26 İyun 2019

Hansı meyvəni nə zaman yemək lazımdır?

Meyvələrin bol olduğu yay fəslində çoxlarımız onları haçan, necə gəldi qəbul edirik. Amma əslində sağlam qidalanma qaydalarına görə, hər meyvənin özünün qəbul zamanı var. Mütəxəssislər hesab edir ki, meyvələri nizamsız şəkildə yemək ən azı çəki artımına səbəb ola bilər.    

Bəs hansı meyvəni nə zaman yemək lazımdır?

e-tibb.az bununla bağlı mütəxəssislərin tövsiyələrini təqdim edir:  

Tut, eləcə də ondan hazırlanan bəhməz, tut qurusu səhər yeməyində qəbul olunmalıdır.  

Bildirilir ki, artıq çəkili insanlar tutu az yesələr, yaxşıdır.

Şaftalını isə əksinə, axşam saatlarında yemək lazımdır. Artıq çəkili insanlara az miqdarda yemək məsləhət görülür.

Yemiş həzmi çətin sayılan meyvə olduğundan axşamlar çox yemək tövsiyə olunmur. Bildirilir ki, yemişi axşam saatlarında az miqdarda şirniyyat yerinə yemək məsləhətdir.

Alça turş olduğuna görə, çoxları elə hesab edir ki, onun tərkibində şəkər yoxdur. Amma yanılırlar. Mütəxəssislərə görə, artıq çəkikli insanlar alçadan çox istifadə etməməlidir.

Alçanı günorta yeməkdən sonra az miqdarda duz ilə qəbul etmək daha faydalı sayılır.

Üzümün şəkər faizi yüksək olduğu üçün hesab olunur ki, onu Günəş batana qədər, yəni aktiv dövrdə yemək lazımdır. Axşama yaxın isə qatıqla birgə yeyilsə, daha faydalı olar.

Qarpız çox sulu olsa da, əslində həzmi çətin sayılır. Gecə saatlarında yeyəndə şişkinlik və yuxu pozuntusu yaradır. Qarpızın ən ideal yemək vaxtı səhər saatlarıdır. Günortalar isə ağ pendirlə birgə yemək daha məqsədəuyğundur.

Çiyələk, moruq, böyürtkənin də tərkibində yüksək miqdarda şəkər var. Artıq çəkili insanlar bu meyvələri günorta, hava qaralana kimi yeməlidirlər. Səhər yeməyində də mürəbbə və bal yerinə qəbul oluna bilər.

Əriyi də səhər saatlarında, günortalar yemək, axşamlar isə qəbul etməmək tövsiyə olunur.

e-tibb.az

 

 

KATEQORİYALAR

ƏN ÇOX OXUNANLAR